Jan-Mari Le Pen vəfat edib

07/01/2025 - 17:13

Fransanın "Milli Cəbhə" Partiyasının sabiq lideri Jan-Mari Le Pen 96 yaşında vəfat edib. APA xəbər verir ki, bu barədə “Agence France-Presse” məlumat yayıb.
 Məlumata görə, bir neçə həftədir baxım müəssisəsində olan Le Pen bu gün günorta saatlarında yaxınlarının əhatəsində vəfat edib. Qeyd edək ki, o Fransa müxalifətinin lideri Marin Le Penin atasıdır. 1928-сi ildə doğulan Jan-Mari Le Pen 1942-ci ildə atasını itirdiyinə görə dövlətin himayəsində böyüyüb və təhsil alıb. Alman işğalı dövründə müqavimət hərəkatına qoşulmaq istəsə də ona imtina cavabı verilib. 1954-cü ildə “Xarici Legion” hərbi dəstəsinin tərkibində hərbi xidmət keçib. Hərbi xidmətdə olduğu vaxt, 1956-cı ildə Süveyş kanalı ətrafında gedən döyüşlərdə iştirak edib. Sonradan Əlcəzair xalqına qarşı zorakılıq hadisələrində ittiham olunub. 1972-2011-ci illər arasında “Milli Cəbhə” partiyasının lideri, 2015-ci ilədək isə üzvü qismində siyasi fəaliyyət göstərib. 2015-ci ildə bu siyasi təşkilatdan çıxarılıb. 2018-ci ildə isə “Sülh və Azadlıq Naminə Alyans” Partiyasına qoşulub. 2021-ci ildə ultrasağçı “Jannalar Komitələri” Partiyasının lideri olarkən 2014-cü ildəki müsahibəsi zamanı Holokost qırğınına haqq qazandırdığı üçün irqi düşmənçilik yaratmaqda ittiham edilib. Qeyd edək ki, Jan-Mari Le Pen 1974, 1988, 1995 və 2007-ci illərdə keçirilən Prezident seçkilərində iştirak edib. 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ