Metroda gediş haqqı 5 qəpik artırılır? - Qurumdan açıqlama (Yenilənib)
“Bakı metropolitenində gedişhaqqı tariflərinin artırılması ilə bağlı mediada, həmçinin sosial şəbəkələrdə yayılmış məlumatlar həqiqəti əks etdirmir. “AzPolitika” xəbər verir ki, bu barədə “Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlarla bağlı açıqlamasında bildirilib. QSC-dən qeyd edilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur: “Bakı Metropoliteni” Qapalı Səhmdar Cəmiyyətinin gediş haqqı tariflərini tənzimləmə səlahiyyəti mövcud deyil. Bildirmək istəyirik ki, Cəmiyyət dövri olaraq, aidiyyəti dövlət qurumları qarşısında hesabatlarını, o cümlədən maliyyə hesabatlarını təqdim edir. “Bakı Metropoliteni” QSC metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlara müraciət etməyib. Hazırda Bakı metropoliteni sərnişindaşıma xidməti üzrə tarifləri dəyişiklik edilmədən, 2024-cü il iyul ayının 1-dən qüvvədə olan bir gediş üçün 50 qəpik olmaqla fəaliyyətini davam etdirir. İctimaiyyəti şayiə xarakterli məlumatlara inanmamağa, yalnız rəsmi və etibarlı mənbələrin məlumatlarına istinad etməyə çağırırıq”. Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.
***
Bakı metrosunda gediş haqqının 55 qəpik olacağına dair məlumatlar yayılıb. Qeyd edək ki, Bakı Metropoliteni QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov "Publika.az"-a açıqlamasında məlumatı təkzib və ya təsdiq etməyib. O, yaxın zamanda məsələ ilə bağlı rəsmi açıqlama veriləciyini bildirib.