Gülər Natiq İsaqın şeirləri
__________________________________________________________
Qafqaz. Media istedadlı şair-publisist Gülər Natiq İsaqın şeirlərini təqdim edir:
~
Gərək bir ömür də dünya dolaşım,
Yenidən doğulum hansısa əsrə.
Məni unutmasa payız yaddaşım,
Bir yarpaq nişanı qoyar xatirə.
Bəlkə üz çevirməz gələn fəsillər.
Kim bilə bildi ki, bu kainatı
Ya alim əlindən, ya da peyğəmbər.
Hanı o rəsul ki, aça həyatı
Daşa idrakından süzə kəlmələr,
Bəlkə asi olmaz onda bəndələr.
Yenidən yaşayıb, yenidən olam,
Bir Nuh həyatı da örnəyim olsun.
Nə həzrəti Loğman, nə də Üzeyir,
Nə Xızır adamı, nə Zülqərneyn...
Bunlara bağlıdır hələ nəzərlər.
Əgər ki əməllər hesabladırsa,
Orta pisini də bir adəm açsın.
Hər şeyi xoş görən qalib olursa,
Alsın, bu taleyi geri qaytarsın,
Harda tapındığım uca kəlmələr...
Görürəm, deyilmiş, deyilmiş mənim,
Bu payız rəngində yuxularım da
Demə, vədəsindən əvvəl ölübmüş,
Qırxı vaxtsız çıxan arzularım da,
Düşür, gözlərimdən düşür pərdələr.
28.09.2024
Qalmaz çillə çıxan vaxta.
Görmədim bir alabaxta,
bülbül ola, çıxa taxta
Oxusa, oxusa, oxusa...
Qara gözlərimin xətri,
Kirpiyim üzümün çətri.
Saçlarım xoş Xəzər ətri
Qoxusa, qoxusa, qoxusa...
Çin olmayıb hələ yuxum,
Gecəni gündüzə yozum.
Bir az həqiqət var, qorxum
Yuxusa, yuxusa, yuxusa...
15.09.2024
Maqnit qasırğası
Nəfəs aldığın havanın
sərtliyini sındırar
ruhunu
titrədən sancılar.
Öz yaşamının
köləsinə dönərsən
tale deyib boşluqlara sığınanda.
Canından parça ayrılar
hər insan bildiyini
gözlərindən düşürəndə.
Daha "bəyaz günəş" olmarsan
"güvəndiyin dağlara
qar yağanda"...
Heç nifrət də etmərsən,
qürurunu incidən
bəşərin yanlışına.
Bir ovuc dua açınca göylərə
nə susmağa zaman qalmaz,
nə ölümü gözləməyə.
Bəzən dua da qalmaz,
"Amin" deməyə...
10.06.2024
***
Bir gün yol görünəcək sənə də.
Bir könüldən itəcəksən,
bəlkə bitəcəksən düşdüyün həsrətdə.
Başqa yuvalara meyl edən
quşlar üzündən
solacaq uzaqlara baxışların.
Bir gün
günbəgün solduğun
hər şeydən ayrılacaqsan,
ölüb, diriləcəksən.
Və səmaya ucaltdığın ayədən
bir nida gələcək:
- Kün Fe Yekün...
...yenidən doğulacaqsan özünə.
O zaman
bir ümid parçalanacaq göyün üzündə.
Yerini yerində tapmadığına,
bütün yalançı qafiyələri yad gələcək
sənə ismarlamadığına.
Hər gün saysız qulaqlara üfürdüyü
daha bir şeir düşəcək gözündən.
Ünvanlara çatmayacaq
yarımçıq bəstələr...
Bir gün sən dediyin olacaq, ey bəşər,
bitməz dediyin bitəcək,
amma sənin əllərində...
19.06.2024
Elə fikir vermədim həyatın sınağına,
Qorxmadım tərsə salar hansı sual çətindi.
Bilmədim necə düşdüm bunca imtahanına,
Bilmədim əsas dərsim, bilmədim ki sənindi...
Köç yolundan keçməyə bircə küçəmiz vardı,
Doyunca burnumuza xoş xatirə dolmadı.
Bu yerdən sağ çıxmağa bircə şansımız vardı,
Səndə ölü doğuldum, o da bizim olmadı.
Yaş ətirli çəmənə nəfsi keçər daşın da,
Dağ bənd olan bərəyə çeşmənin suyu axmaz.
Bir mar da var, qıvrıq yatıb bəxt bildiyi daşında,
Oyaq yatsa da laldır, yatan bəxtimə baxmaz!
23.07.2024
Fuad Biləsuvarlının təqdimatında
Qafqaz.Media
______________________________