Göylərə qərq olan qəhrəmanlarımız...- Aysel Fikrət yazır

01/01/2025 - 09:15

 

Dünən ölkə başçımızın sərəncamı ilə onlar Milli Qəhrəman oldular. Dünən onları dəfn etdik. Anaların fəryadı səmada əks-səda verdi. O səmada ki, onlar təyyarədən sağ qalma ehtimalı olmadan sərnişinlər üçün əlindən gələn qəhrəmanlığı etdilər. Qonşu ölkənin etinasızlıqla qəbul etmədiyi təyyarəni çarəsizlik içində, son damla ömür payına qədər qorudular. Çarəsizliklə, ölüm ilə döyüşdülər.
"Hər şey yaxşı olacaq," - dedilər. Axı hər şey pis ola bilməz.

Azərbaycan 20 Yanvar kimi böyük faciəni yaşamış, uzun illər müqəddəs torpağı uğrunda itkilər vermiş bir ölkədir. Zəfər sevinci bu bəlalara su çilədi, dərdini dinlətdi. İndi isə bu faciədən sonra kiçikdən böyüyə hər kəs hüznə qərq olub. Şəhərin küçələrindən bayram abu-havası silinib. Hər kəs qayğılı və fikirlidir. Azərbaycanın onsuz da keşməkeşli tarixində bu da bir acı səhifə oldu.

Doğmaları ilə Yeni İli qarşılamağa gedən dinc sakinlərin belə bir faciə ilə üzləşməsi dəhşətlidir. Faciə qurbanı olan soydaşlarımıza ilk qayğını göstərən Qazaxıstan dövləti oldu. Düşünürəm, təyyarəmiz başqa bir torpağa düşsəydi, eyni qayğını görəcəkdikmi? Enməyə belə imkan verməyən, təyyarəni ölümə sürükləyən və hələ üstəlik onu ittiham edənlər bizə necə yanaşardı? Təyyarəmiz Çeçenistan Respublikasının ərazisinə düşsəydi, bəlkə də sağ qalanlar həyatda olmazdılar.

Ən dəhşətli hal çətinlikdə və darda qalmaqdır. Azərbaycan xalqının hər sahəsində, hər peşəsində torpağına və işinə sadiq belə qəhrəmanlarımız var.
Vətən sevgisi elə bir məfhumdur ki, hər millətə xas deyil. Bu qəhrəmanlar Azərbaycan torpağına, Prezident İlham Əliyevə layiq oldular. Prezident İlham Əliyevin dünənki çıxışını dinlədikdə fəxr etdim, qürur duydum. Ucalıq budur: xalqının yanında olub, ona etinasız yanaşan hər kəsə həddini bildirmək.
Azərbaycan 44 günlük Vətən müharibəsi strategiyası ilə torpaqlarını geri alan qəhrəmanlar ölkəsidir. Bütün dünyaya səs salan döyüş taktikasını hərb meydanında tarixə yazıb. İndi necə olur ki, belə bir etinasızlıqla üzləşirik?

Həmin an sərnişinlərin keçirdiyi qorxu, körpələrin duyduğu hisslər, 13 yaşlı azyaşlı oğlanın doğmalardan uzaq keçirdiyi çarəsizlik və zülm — bütün bunları düşünməmək mümkün deyil.

Təmsil etdiyim, mətbuat katibi olduğum Azərbaycan Milli Konservatoriyasının rektoru sənətşünaslıq doktoru Kamilə Dadaş-zadə həmin gündən etibarən bütün tədbirləri təxirə saldı. AMK-nin Elmi Şurasında qəza nəticəsində həyatını itirmiş sərnişinlərin xatirəsinə bir dəqiqəlik sükut elan olundu.Hadisənin faktları açıqlanmağa davam etdikcə və həlak olanların kimliyi bilindikcə ağrımız da artır. Azərbaycan Milli Konservatoriyasının Musiqi məbədi olan təhsil ocağının səsi-sədası kəsilib. Musiqi səsləri eşidilmir. Bu cür faciələr tələbələrimizin də daxili aləminə mənfi təsir edib. İmtahan qayğıları ilə yanaşı bu faciənin də abu-havası onları düşündürür.Azərbaycan gəncliyi xoşbəxt və işıqlı yaşamağa layiq olduğu halda nə qədər çətinliklər yaşayıb. Bu məqam həmişə məni düşündürüb.

Göylər mələyi Hökümə xanımın ölüm təhlükəsini tam dərk etdiyi anda sərnişinlərə göstərdiyi qayğı, Azərbaycan qadınlarının nə qədər güclü olduğunun bir sübutudur. 25 dekabr, saat 10:30-da hadisə yerində bütün mübarizə və qurtulmaq cəhdi sona çatdı. Dünyada ən dəhşətli sarsıntı etimadı itirməkdir. Son dəqiqəyə qədər sərnişinlərə ümid dolu sözlər deyən Hökümə qızımız nümunədir.Faciədən sağ qalmış sərnişinlərdən biri son ana qədər bizimlə danışdı. Ona halal olsun, çünki son dəqiqəyə qədər xidməti vəzifəsini yerinə yetirdi.

Son illər müharibə zamanı olduğu kimi, bu faciədə də gənclərimizə böyük ümid bəsləyirəm. Bu torpağın suyu, çörəyi qəhrəman övladlarımıza halal olsun.
Sarsıntımız sonsuzdur. Göylərdə mələyə çevrilmiş soydaşlarımızın ruhu qarşısında baş əyirəm. Vətənimi, torpağımı, dövlətimi sevirəm. Qəhrəmanlarımla fəxr edirəm.

 

Aysel Fikrət

Qafqaz.Media

 

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33
Evində yanğın oldu, öldü
02/01/2025 - 11:06