Azərbaycanda əhaliyə göstərilən istilik xidmətinin tarifi 2 dəfə qaldırıldı - YENİ QİYMƏTLƏR

02/01/2025 - 12:34

“Azəristiliktəchizat” ASC tərəfindən əhali istehlakçı qrupuna göstərilən istilik xidmətinin tarifi sayğac quraşdırılmadığı halda aylıq 1 kvadrat metr üçün 30 qəpik səviyyəsində təsdiq edilib.

Qafqaz.media xəbər verir ki, bu barədə Tarif (qiymət) Şurası qərar qəbul edib.

Qərara əsasən, sayğac quraşdırıldıqda isə 1 Qkal üçün (təqribən 40-50 kvadrat metr sahə üçün) 14,6 manat həddində müəyyənləşdirilib.

Bildirilir ki, hazırda “Azəristiliktəchizat” ASC üzrə 1 m² sahə üçün istilik təchizatı xidmətinin maya dəyəri 1,10 manat təşkil edir. Lakin 2011-ci ildən bu sahə üzrə ödənişlər 1 m² sahə üçün 15 qəpikdir. Aradakı qiymət fərqi dövlət büdcəsindən ayrılan subsidiya hesabına qarşılanır. Bu sahədə yumşaq tarif siyasəti həyata keçirilməklə optimal tarifin müəyyənləşdirilməsi qərara alınıb. Bu tarif tənzimləməsi dövlət büdcəsindən asılılığın azalmasına, istilik təchizatının əhatəsinin genişləndirilməsinə və bu şəkildə xidmətin keyfiyyətinin yüksəldilməsinə şərait yaradacaq.

Qərar yanvarın 2-dən qüvvəyə minir.