Nənələrin nənəsidir mənim nənəm...- Fuad Biləsuvarlı yazır
Xalidə Cəfərova - 75
/Bu yazımı mənə dünyanı bağışlayan, dünyam mənim, canım, ürəyim Xalidə nənəmin 75 illik yubileyinə həsr edirəm.\
Yaşadığım ömür payında həmişə məni düşündürən bir fikir olub: görəsən dünyada ana, nənə məhəbbətini ölçmək mümkündürmü?! Və hər dəfə də bu barədə fikirləşəndə gəldiyim qəti qənaət bu olub: " Yox, bu heç bir ölçüyə, çərçivəyə sığmayan bir məhəbbətdir..."
Bəlkə elə buna görədir ki, bütün müqəddəslikləri ana ifadəsi ilə əlaqələndiririk: ana Vətən, ana torpaq, ana dilim. Nəfəsiylə nəfəsimizi isidən, ömrümüzü, günümüzü zinətləndirən, qaranlıq yollarımızı çilçırağa qərq edən anadır, nənədir. Bu yerdə Balzakın hər bir kəsin dilinin əzbərinə çevirilmiş bir aforizmini yada salmaq istəyirəm. Balzak deyirdi ki, heç bir şey qadını analıq sevgisi qədər gözəlləşdirə bilməz. " Bir ana ürəyi dibində əfv olan bir uçurumdur".
Analar, nənələr bizim üçün qurulmuş, uçulmaz böyük qalaya bənzəyir. O, qalanı biz övladlar analarımız, nənələrimiz üçün yaratmışıq. Allah analarımızın, nənələrimizin qəlblərinə toxunmamağı məsləhət bilib. Əbəs yerə Peyğəmbərimiz deməyib ki, " Cənnət anaların ayaqların altındadır". Bəli, cənnət biz övladları dünyaya gətirən anaların, nənələrin, əsl xanım-xatın qadınların ayaqları altındadır. Anaların, nənələrin qəlbləri bir zərif çiçək, bir ayna. Çiçəyin, aynanın qırıqları düzəlmədiyi kimi əlbəttə ki, bir kövrək, həssas anaların, nənələrin də qırılmış qəlblərini düzəltmək mümkün deyil.
Dünyaya göz açan hər bir insan üçün onu doqquz ay öz bətnində bəsləyən anadan əziz nə ola bilər?!
Hələ ruhumuzu oxşayan ana laylası.
Bu hələ beşikdə ikən eşitdiyimiz ilk mahnı deyilmi?!
Gələcəyin hər bir vətəndaşı - müəllimi də, həkimi də, kosmonavtı da, sadə əməkçisi də bu laylanın şirinliyi ilə böyüyür.
Ulu Zəlimxan Yaqub demişkən:
ANA LAYLASI
Hardan aldın bu sehri,
Bilim, ana laylası!
Sənsiz açılardımı,
Dilim, ana laylası?!
Bax könlümün halına,
Düşüb xəyal dalına,
Bu yaşımda çalına,
Həlim ana laylası!
Baxmır amana, aha,
Zaman baş əymir şaha,
Yox, sənə çatmaz daha,
Əlim, ana laylası!
Gül çəmənsiz olmasın,
Sünbül dənsiz olmasın,
Bir gün sənsiz olmasın,
Elim, ana laylası!
Şairlər şeirlərində, qəzəllərində, qoşmalarında, poemalarında, yazıçılar romanlarında, hekayələrində ağ kağızlara, bəstəkarlar notlara ana, nənə sevgisini, məhəbbətini sığdıra bilməyiblər. Görünür ki, ana, nənə sevgisi dünyaya, cahana sığmayan, sevgidir, məhəbbətdir.
Bizi dünyaya gətirən analar, qarşınızda dərin, böyük ehtiramla baş əyirik. Bu gün yaşayırıqsa, nəfəs alırıqsa, nailiyyətlər qazanırıqsa, bunların hamısı sizin sayənizdədir. Əziz analarımız, ağbirçək nənələrimiz, bütün həyatımızı sizə borcluyuq. Və bu haqqı ödənilməsi heç cür mümkün olmayan bir borcdur.
Anaların da anası var. Biz nəvələr onlara nənə deyirik. Anamızın, atamızın anası - nənələrimiz...
Mənim də bu yazım mənim üçün əvəzsiz bir insan olan nənəm - Xalidə nənəm haqqındadır.
Nənə-nəvə məhəbbəti həmişə adla deyilib. Mənim üçün də belədir. Çox sevdiyim nənəm də mənim lap körpəlikdən arxam, dayağım, köməyim, ümid və güvənc yerimdir. Atamı erkən itirəndən sonra o, mənim bütün şıltaqlıqlarıma dözən, nazımı çəkən, son tikəsini mənimlə bölüşən varlıqdır.
Tarix boyu belə olub. Analar, nənələr müqəddəs varlıq sayılıblar.
Bir haşiyə: İgid sərkərdə Şeyx Şamil qərar verir: Bu gündən heç bir aulda, evdə mahnı səsi eşidilməsin. Bütün aullar sükuta qərq olur. Musiqi səsinə həsrət qalırlar. Heç kəs də cürət edib bu sükutu poza bilmir. Ancaq bir gün Şeyx Şamilin qulağına mahnı səsi gəlir. Qəzəbdən coşur. Mənim qanunumu pozan kimdir? Təcili tapıb yanıma gətirin. Vəzir, vəkil, əyanlar təlaş içində axtarışa başlayırlar. Bir neçə saatdan sonra üzlərində kədər və qorxu Şeyxin hüzuruna toplaşırlar. " Hə, nə oldu, tapdınızmı onu?.." Heç kəsdən səs çıxmır. Şamil təkrar-təkrar qəzəblə soruşur: " Kimdir o?..."
Nəhayət, vəzir qorxa-qorxa dilə gəlir: Tapmışıq, Şeyx həzrətləri, o, sizin ananızdır, nəvəsinə layla çalırmış..."
Şeyx duruxur, özünü itirir, ancaq qəzəbini boğa bilmir: Kim olur- olsun, mənim qanunumu pozan mütləq cəzalandırılmalıdır: yüz şallaq.
Ananı gətirirlər. Şamilin gözünün qabağındaca şallaq vurmağa başlayırlar. 4-5 şallaqdan sonra Şeyx qışqırır:
- Saxlayın. İndi qalan şallaqları mənə vurun. Axı, o, mənim anamdır...
Ən əzazil haqlı-haqsız hökmdarlar da ana müqəddəsliyi qarşısında davam gətirə bilməyiblər...
Bu sətirləri yazıram və dünyalar qədər sevdiyim nənəmin yolumda çəkdiyi əziyyətlər, yuxusuz gecələri gözlərim önünə gəlir. Bunları ancaq analar, nənələr edə bilər.
Nənəm də özünün bütün qayğılarını, səhhətindəki bütün problemlərini unudub, bütün varlığı ilə özünü mənə - nəvəsinə həsr edir. Mən də çoxları kimi Allahın yaratdığı bəndələrdən biriyəm. Təbii ki, Allah bəndəsini çox istədiyi kimi heç bir bəndə məni çox istəyə bilməz. Təkcə nənəmdən başqa. Nənəmin sevgisi, qayğısı, diqqəti mənə o qədərdi ki, ürəyim daha başqa sevgi istəmir. Allah qədər məni çox sevən, məni çox istəyən nənəm varkən, deməli, mən çox xoşbəxtəm.
İllərdir ürəyimdə gəzdirdiyim bu sətirlər necə yarandı?! Yazıram, siz də bilin. Yanvar ayının 5-də mənim istəkli Xalidə nənəmin 75 yaşı tamam olur. Bütün varlığımla əziz nənəmi ürəkdən təbrik edirəm: Ad günün, şad günün mübarək mənim əziz nənəm!
Neçə illər əvvəl nənəmə həsr etdiyim şeirlərimi də sizlərə təqdim edirəm.
Yollarıma işıq saldı gözlərindən,
Güclü oldum, qüvvətləndim sözlərindən,
Gələ bilir çətinliyin öhdəsindən,
Nənələrin nənəsidir mənim nənəm!
Yaraşığı utandırır günəşi də,
Dərdlə dolu olsa belə ürəyi də,
Ona rəğmən unutmayır gülməyi də,
Nənələrin nənəsidir mənim nənəm!
Təmkinini qoruyaraq saxladı o,
Səbiriylə kədərini dağladı o,
Oğulundan sonra qara bağladı o,
Nənələrin nənəsidir mənim nənəm!
Ana borcun qaytarmağa gücüm də yox,
Qocalmağı darıxdırır qəlbimi çox,
Tox saxladı hər bir zaman o bizi tox,
Nənələrin nənəsidir mənim nənəm!
Mənim üçün gözəl, göyçək qız axtarır,
İsməti pak, ürəyi də düz axtarır,
Özü kimi camalı Ay üz axtarır,
Nənələrin nənəsidir mənim nənəm!
Ağ saçları ağ çiçəkdi can evimdə,
Odur mənim səadətim, saf sevgim də,
Yaddaşım da, hafizəm də, zehinim də,
Nənələrin nənəsidir mənim nənəm!
Nəslimizin ağbirçəyi, anası o,
Gözlərimin baxacağı səması o,
Ömrümüzün, günümüzün mənası o,
Nənələrin nənəsidir mənim nənəm!
Darıxanda tez yanında yuxum gəlir,
Qollarında yatmaqdan çox xoşum gəlir,
Onun ilə ürəyimdən qorxum gedir,
Nənələrin nənəsidir mənim nənəm!
Yaradanın göndərdiyi mələkdi o,
Nəfəsini qoxladığım çiçəkdi o,
Varlığıyla həyatıma gərəkdi o,
Nənələrin nənəsidir mənim nənəm!
Şair Fuad ağrısını azaldandı,
Nisgilimin bənizini sozaldandı,
Min müşgülü bir gündəcə düzəldəndi,
Nənələrin nənəsidir mənim nənəm!
18 dekabr
Örpəyi nənəmin başında sevdim
Çox qadın başında örpək görmüşəm,
Örpəyi nənəmin başında sevdim.
Nə qədər bağçadan çiçək dərmişəm,
Çiçəyi nənəmin bağında sevdim.
Nəfəsi nəfəsim, havam olandan,
Xoş sözü dərdimə dəvam olandan,
Köksündə məskənim, yuvam olandan,
Ürəyi nənəmin bağrında sevdim.
Canından ayırıb mənə can verən,
Gecəmə gözündən işıq, dan verən,
Dilim də yanmasın soyudan, verən,
Xörəyi nənəmin ağzında sevdim.
Birdən yüzə kimi tez-tez saymağı,
Lavaşın içində pendiri, yağı,
Və yaxud kotleti, xama, qaymağı,
Dürməyi nənəmin əlində sevdim.
Gülmək necə olur bilmirdim ki, mən,
Yaman sükutdaydım dinmirdim ki, mən,
Kədər dənizində gülmürdüm ki, mən,
Gülməyi nənəmin yanında sevdim.
Nənə
Onun hesabına var şöhrət-şanım,
O mənim ürəyim, qaynayan qanım.
İsti nəfəsiylə üşütmür canım,
İsti nəfəsinə qurbanam nənə.
Gecələr bir kirpik yummayıb oyaq,
Qalaraq, yoluma salmısan çıraq,
Çiynini vermisən çiynimə dayaq,
Güc-dəyanətinə heyranam nənə.
Görünür Tanrı da bizə yarimiş,
Bizi qoruyan da dualarimiş,
Mən nəvənə başqa mehrin varimiş,
Nəvən yox, həm də ki, balanam nənə.
Kimsəylə heç zaman bir küsümüz yox,
Yaxşılıq edirik, heç pisimiz yox,
Bakı şəhərində bir kəsimiz yox,
Sən mənə, mən sənə həyanam nənə.
Səni çıxartmadım isti ürəkdən,
Dedim soyuq olar sənə küləkdən,
Səni qoruyuram hətta fələkdən,
Çünki həm dərmanın, dəvanam nənə.
Mənlə bağlı arzun çin olar bütün,
Çoxu kimi mən də olaram üstün,
Bir gözəl mələklə toyumu bir gün,
Görərsən qadanı alaram nənə.
Nigar ismətlidi
Ürəyi, istəyi, nəfəsiyəm mən,
Arzusu, diləyi, həvəsiyəm mən.
Nənəmin ərköyün nəvəsiyəm mən,
Onunla döyünür sinəmdə ürək,
Sağ olsun ömrümü edib rəngbərəng.
Ürəyində nisgil, könlündə qəm var,
Oğulsuz ağarıb saçında dən var.
Nigar ismətlidi içində mən var,
Ağ saçı gül kimi çələngdi, çələng,
Gün olsun yüzüncü yazını görək.
Mənim sevincimi görəcəkdir o,
Adını qızıma verəcəkdir o.
Hələ gözəl ömür sürəcəkdir o,
Mələk simalıdı mələkdi, mələk,
Xalidə nənəmdi çox şirin, qəşəng.
Tanrıdan alıbdı qüvvəti, gücü,
İli pələng ili, oğlaqdı bürcü.
Ömründə olmayıb günahı, suçu,
Sayadı, sadədi, kövrəkdi, kövrək,
Həmişə qoruyaq biz onu gərək.
Analar anası, ağbirçəyimiz,
Gözəllər gözəli, o göyçəyimiz.
Həyat bağçasında tər çiçəyimiz,
Güllər kimi zərif, çiçəkdi, çiçək,
Olsun uca Tanrı nənəmə kömək.
Bir ürək sındırmaz, bir qeybət qılmaz,
Heç zaman toylardan, məclisdən qalmaz.
Nənəmsiz məclisin ləzzəti olmaz,
Odur evimizdə bir sütun, dirək,
Borcumuzdu onun qədrini bilək.
Evdə də anamın anasıdı o,
Halına, dərdinə yanasıdı o.
Qəlbimdə mehriban qalasıdı o,
Nə olar nənəmə qıyma ay fələk,
Çatsın 100 yaşına o günü görək.
Haqqını dananlar cəzasın alar,
Yarpaqtək saralıb, gül kimi solar.
Çox keçməz lap yataq xəstəsi olar,
Vermə bundan sonra heç kimə çörək,
Çoxları vəfasız, kələkdi, kələk.
Dünyaya göz açdım ocağında mən,
Nə yaxşı böyüdüm qucağında mən.
Bir körpə, balaca uşağın da mən,
Söykənə bildiyim ən isti kürək,
Bütün nəslimizə örnəkdi, örnək.
Anadır!
Baxışları günəş saçan nurdu, nur,
Nə hikmətdi analarda bu qürur!
Göydə bizim Allahımız - tək Odur,
Yerdə bizim Allahımız – anadır!
Şahanədi danışanda, güləndə,
Qucaq açır övladını görəndə.
Səcdə qılaq anamıza hər yerdə,
Yerdə bizim Allahımız – anadır!
Rahatlanmaz gözümüzdə yaş görsə,
Çox darıxar işimizi çaş görsə.
Kefi olmaz yolumuzda daş görsə,
Yerdə bizim Allahımız – anadır!
Qayğısını əsirgəməz övladdan,
Ac qalsa da, saxlayar öz payından.
Bir vətəndən yoxdu, bir də anadan!
Yerdə bizim Allahımız – anadır!
Hər bir ana – mənim əziz anamdı!
Onlar mənim nəfəsimdi, duamdı!
Varlığımdı, xoş xəyalım, röyamdı!
Yerdə bizim Allahımız – anadır!
Hər evdən kaş gəlsin ana nəfəsi,
Quran surəsidi – Ana kəlməsi.
Fuad agah edir indi hər kəsi,
Yerdə bizim Allahımız – anadır!
Nənə sən
Bu yaşda da atasan,
Bu yaşda da anasan.
Tək nənə yox, babasan,
Mənə sən,
Nənə sən.
Verdin öyüd-nəsihət,
Budur böyük həqiqət.
Çəkdin acı, əziyyət,
Yenə sən,
Nənə sən.
Məni dərddən qopardın,
Məni mənə qaytardın.
Zülmətlikdən apardın,
Günə sən,
Nənə sən.
Nigarları kölgədə,
Qoya bildin ölkədə.
Qəhrəmansan bəlkə də,
Demə sən,
Nənə sən.
Axı, niyə ölmürəm,
Qocalırsan görürəm.
Heç nə edə bilmirəm,
Sənə mən,
Nənə mən.
Bu dövranda Ağa bir,
Deyil dərdə baxa bir.
Yığılmışam daha bil,
Cana mən,
Nənə mən.
Bir qızla evlənməyə,
Gələr Allah köməyə.
Çataram o diləyə,
Kama mən,
Nənə mən.
Atamdan sonra başa,
Rəng qoymayırsan saça.
Toy günümdə ay ana,
Başına çək tez xına.
Həna sən,
Nənə sən.
Ana!
Siması işıqlı,
Üzü nurlu,
Dağlar kimi vüqarlı,
Bala dərdindən saçları qarlı,
Əhdə düz,
Namuslu, arlı,
Vicdanlı, düz ilqarlı -
Ana!
Ərsiz,
Ər kimi yaşayan,
Zərif,
Çiynində dünyanı daşıyan,
Övlad üçün lap ölüm şərbəti içən,
Canından keçən,
Kipriylə od götürməyə hazır olan,
Vaxtsız yaşa dolan
Ana!
Ana!
Ana!
Ay nənə!
Özüm kimi taleim də yetimdi,
Yarımadım bu qismətdən ay nənə!
Bu dövranda yaşamaq çox çətindi,
Xeyir gəlmir dəyanətdən, ay nənə!
Yaxşılar da inan mənə, az qalıb,
Süfrələrdən çörək gedib, duz qalıb.
Çoxu vallah, guya indi düz qalıb...
Düz olmaqda yoxdur sənə tay, nənə!
Atam ölüb, səninlə tək qalmışam,
Söhbətinə, sözünə tən qalmışam.
Ən ərköyün nəvən də mən olmuşam,
Arzun olub edən mənə toy, nənə!
Göz açandan olduq Allahın qulu,
Yolumuz da Seyid, İmamın yolu.
Əslimiz, kökümüz uludan ulu,
Bizdə hər vaxt seçilibdi soy, nənə!
Publisist - politoloq Reyhan Mirzəzadənin nənəm haqqında ürək sözləri
Onu ilk dəfə görəndən ürəyimə yatmışdı. Xoşrəftar, mehriban bir qadındı. Üzündəki təbəssüm qəlbinin hərarətindən xəbər verirdi. Yanında dayanan Fuad sanki ürəyinin bir parçası idi. Ondan ötrü çox narahatdı Xalidə nənə. Balasının balasından ötrü ürəyi nanə yarpağı kimi əsirdi. Fuadın əlindən tutub sanki gələcəyə tələsirdi, tələsmək yox, bəlkə də uçmaq istəyirdi. Nəvəsinin istedadını, ədəbiyyata, şeirə, poeziyaya həvəsini görüb qanadlanırdı. Ömrünü çətinliklərlə, zəhmətlərlə yaşayan nənə həyatın dadını, ləzzətini dünyalar qədər sevdiyi Fuadında, onun adının, işlərinin çiçəklənməsində görürdü. Bax, taleh o zaman Xalidə nənənin üzünə gülümsəyə bilərdi. Fuad onun arzusu, həyatının mənasıdır. Hər şeiri ərsəyə gəlib yayımlananda nənə körpə məsum uşağa çevrilib sevinir, övladının uğuru ona yeni həyat eşqi nəsib edir. Necə də şirindir Xalidə nənə üçün nəvə sevinci. Tanrı onu qorusun!
Fuadı tanıdığım illərdən indiyədək xeyli inkişafını görmüşəm, çalışqandır, özünə əməksevər, zəhmət dolu həyat yolu seçib. Odur ki, əziyyətləri yerdə qalmır, Fuad oxuduqca, dünya ədəbiyyatını mütaliə etdikcə günü - gündən inkişaf edir, yazıdan yazıya kamilləşir. Bir gözəl xüsusiyyəti də var ki, Fuadın bir mövzu üzərində işə başlamamışdan əvvəl xeyli kitablar arayır, məlumatlar toplayır, bilmədiklərini zərrə - zərrə, qətrə - qətrə öyrənməyə çalışır. Odur ki, onun hər məqaləsi peşəkar mütəxəssis yazılarını xatırladır. Bax, bu, jurnalist üçün uğurlu addımdır. Onun hər addımında nənəsinin zəhməti parlayır, çünki o, hər sabahı bu sevimli, əziz nənənin xeyir - duaları ilə açır, sevgi dolu bu dualar Fuadın yollarına, bəli, heç də asan olmayan yollarına nur çiləyir. Ruhuna qol - qanad verir, zəkasını daha da nurlandırır.
Xalidə nənənin əvvəlki həyəcanlarından demək olar ki, əsər-əlamət qalmayıb. Fuadın qarşısına qoyduğu məqsədə doğru addım-addım irəliləməsi, günü - gündən artan yazıları, məqalələri, müsahibələri, nəğmələrə çevrilən şeirləri Xalidə nənənin ürəyində bir ümid çırağı yandırıb. Nəvəsinin yolunda çəkdiyi əziyyətlər hədər yerə getməyib, əksinə, o əməklər pöhrələrə çevrilib, getdikcə çiçəklənməyə hazırlaşır. Baxmayaraq, ədəbiyyat, jurnalistika sahəsi insandan özəl istedadla bərabər, gecə-gündüz çalışmaq, işləmək, axtarışlar aparib yeni tapıntıları aşkara çıxarmaq kimi ciddi tələbləri olur, Fuada bu yolda sevimli nənəsinin böyük təsiri davam edir. Hər çıxan şeirini, yazısını həvəslə, sevgi ilə; ana, ata, baba, nənə sevinci ilə oxuyur, nəşrdən gələn kitabını öpüb bağrına basır. Fuad da özünə doğru yol seçib; könlünü sözə, poeziyaya versə də, incəsənət, mədəniyyətlə, sosial, cəmiyyəti düşündürən məsələlərlə bağlı ciddi yazılar yazır, təhlillər verir. İşıqlı yollarla gələcəyə gedən cığırı Fuad sevimli nənəsi ilə bərabər addımlayır. Bu yolda biz də onlara uğurlar diləyirik. Xalidə nənənin yeni yaşını təbrik edirik. Həmişə sağlam olsun, sevimli nəvəsi Fuadın uğurları könlünü həmişə sevindirsin! Həyatdan gözü dolusu səadət görsün! Min bir əziyyətlə böyütdüyü nəvəsinin toy sevincini yaşasın, nəticəsini qucağına alıb könül dolusu həyat eşqi yaşasın! İnşallah o günlərə də çox qalmayıb...
Müəllif: Fuad BİLƏSUVARLI, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media