Köhnə ilin uğurları, yeni ildə həllini gözləyən problemlər

02/01/2025 - 11:55

2024-cü ilin uğurlu layihələrindən biri Azərbaycanın ev sahibliyini etdiyi BMT-nin Çərçivə Konvensyasının Tərəflər Konfransının 29-cu sesiyası oldu. İqlim dəyişiklikləri ilə bağlı qlobal çağırışların müzakirə olunduğu bu sessiya, Azərbaycanın beynəlxalq aləmdə statusunun, nüfuz dairəsinin möhkəmlənməsinə xidmət etməklə yanaşı, onun dövlətlər sırasında önəmli iqtisadi rolunun, siyasi etibarlılıq dərəcəsinin də artmasına səbəb oldu.

2024-cü il həm də türk xalqlarının birliyinin təcəssümü olan Türk Dövlətləri Təşkilatının etno-mədəni, iqtisadi güc, siyasi faktor olaraq dünya arenasında öz varlığını təsdiq etməsi, xalqlarımız arasında ünsiyyətə çevriləcək vahid türk əlifbasının yaradılması, iqtisadi, mədəni, siyasi əlaqlərin yeni inkişaf sferasına daxil olması kimi yadda qaldı.

Azərbaycanın BRİCS ölkələri ilə qurulan dialoq və əməkdaşlığı məhz 2024-cü ildə öz bəhrəsini vermiş və ölkəmiz Qahirədə keçirilən D8 İqtisadi Əməkdaşlıq Təşkilatının Sammitində yekdilliklə bu təşkilatın üzvlüyünə seçilmişdir. Dünya müsəlmanlarının 60 faizini özündə birləşdirən, 4 trilyon dollar ÜDM-ə malik, iqtisadi cəhətdən qüdrətli bir təşkilata üzvlük, əlbəttə, Azərbaycanın iqtisadi gücünün inkişafı üçün yeni imkanlar yaradacaq.

Azərbaycanla Ermənistan arasında yekun sülh sazişinin bağlanmasına nail olunmasa da, delimitasiya, demarkasiya işlərində müəyyən irəliləyişlərin olması, Qazax rayonuna aid işğal altında olan bir neçə kəndimizin hərbi qarşıdurma olmadan geri qaytarılması, il ərzində sülh danışıqlarının vasitəçilik formatından uzaqlaşaraq ikili qaydada keçirilməsi 44 günlük İkinci Qarabağ savaşından sonra başlanan uğurlu prosesin davamı kimi qiymətləndirilməlidir.

Qardaş Türkiyə ilə müttəfiqlik əlaqələrinin durmadan inkişaf etdirilməsi, xarici siyasətin bir çox prioritetləri üzrə beynəlxalq arenada eyni platformadan mövqe nümatiş etdirilməsi, hərbi, siyasi, iqtisadi əməkdaşlığın dönməz xarakter alması, türk dövlətlərinin bir araya gəlməsində, Turan ideyasının gerçəkləşməsi istiqamətində Azərbaycanın xüsusi çəkisinin artması 2024-cü ilin müşahidə olunan uğurlarından xəbər verir.

2024-cü ili həm də qonşu İranla bağlı siyasətdə göstərilən təmkin, ehtiyatlı davranma, bu dövlətin ölkəmizə qarşı xoş niyyətdən xəbər verməyən gizli ya aşkar addımlarını önləmə ili kimi xarakterizə etmək olar. Azərbaycan bu müddət ərzində məzhəbçi molla zehniyyətinin ölkəmizdə apardığı gizli kəşfiyyat işlərinin, yerləşdirdiyi casus şəbəkəsi ilə törətmək istədiyi təxribatların qarşısını almağı nəinki bacardı, həmçinin bu dövlətlə yaranan gərginliklərin aradan qaldırılması, münasibətlərin dinc resurslar üzrə davam etdirilməsi üçün öz töhfəsini verdi.

2024-cü il Azərbaycanın bir sıra Qərb dövlətlərinin, xüsusilə Makron hakimiyyətinin əsirinə çevrilən Fransanın, erməni lobbisinin danışan dili Bayden administrasiasının qərəzli hücumlarına məruz qaldığı, lakin bu hücumları da cəsarətlə dəf edə bildiyi il oldu. Biz il boyu Fransa yönətiminin Azərbaycana qarşı təzyiqlərinin, boykot siyasətinin, erməni sevgisindən köklənən qaralama kampaniyasının davamlı xarakter aldığını görməklə, dövlət başçısı İ.Əliyevin Fransanın dünənki müstəmləkə tarixininin, bugünkü anti-türk, anti-müsəlman siyasətini bütün beynəlxalq platformalarda ifşa etdiyinin şahidi olduq. 2024-cü ildə ABŞ ilə yaranan gərginliklər ürək açan olmasa da, bu gərginliyin müəllifi Azərbaycan deyil, erməni lobbisinin sözçüsü Bayden administrasiyası oldu. Ümid edək ki, D.Trampın öz səlahiyyətlərini həyata keçirmə dövründən sonra dövlətlərimiz arasında 30 il öncə başlayan diplomatik, dinc, faydalı, qarşılıqlı əməkdaşlığa söykənən münasibətlər əvvəllər olduğu kim davam edəcək.

2024-cü il xarici siyasət sahəsində əldə edilən uğurların ölkəmizin beynəlxalq çəkisinin, iqtisadi gücünün, strateji mövqeyinin güclənməsinə xidmət edən faktor olduğunu qeyd etməklə, sosial-iqtisadi siyasətdə, insan hüquq və azadlıqları sahəsində geriləmələrin də şahidi olduq. Korrrupsiya, rüşvətxorluq, monopoliya kimi bəlaların gətirdiyi fəsadlar, kəskin bahalaşma, yaşayış minimumunun yetərli olmaması, əhalinin sosial-iqtisadi vəziyyətinin dünya standartlarından müqayisə olunmayacaq dərəcədə aşağı olması göz qabağında.

İnsan hüquq və azadlıqları, söz, mətbuat sahəsində məhdudiyyətlərin davam etməsi, siyasi məhbus probleminin gündəmdə qalması, siyasi müxalifətin seçkilərdən, idarəetmədən kənarda saxlanılması, parlamentin, məhkəmə sisteminin hakimiyyət bölgüsündəki rolunun kiçildilməsi, siyasi müxalif partiyaların cəmiyyətdəki rolunun əhəmiyyətli dərəcədə aşağı düşməsi 2025-ci ilin öhdəliyinə düşən məsələlərdir və hakimiyyət bu neqativlərin aradan qaldırılması üçün səylərini artırmalıdır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Abşeronda ev yanıb
04/01/2025 - 14:56
Ən qərarsız 3 bürc
03/01/2025 - 12:24
Sabaha olan hava proqnozu
02/01/2025 - 13:33
Evində yanğın oldu, öldü
02/01/2025 - 11:06