Azərbaycanın Milli Qəhrəmanı Polad Həşimovun anadan olmasından 50 il ötür
Bu gün Azərbaycanın Milli Qəhrəmanı, şəhid general-mayor Polad Həşimovun doğum günüdür. Qafqaz.Media xəbər verir ki, qəhrəman zabitin dünyaya gəlişindən 50 il ötür. General-mayor Polad Həşimov 1975-ci il yanvarın 2-də Qəbələ rayonunun Vəndam kəndində anadan olub. Ailəsi ilə birgə Sumqayıt şəhərinə köçdüyündən buradakı 28 və 34 nömrəli məktəblərdə orta təhsil alıb. Sonra o, taleyini hərbçi peşəsinə bağlamaq üçün indiki Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinə daxil olub və bu xüsusi təyinatlı təhsil ocağını müvəffəqiyyətlə bitirib. Taqım komandirliyindən general-mayor ali hərbi rütbəsinədək yüksələn Polad Həşimov cəbhə bölgələrində xidmət edərək qarşıya qoyulmuş əmr və tapşırıqların layiqincə yerinə yetirilməsi üçün səy göstərib. 2016-cı ilin Aprel döyüşləri zamanı ölkəmizin ərazi bütövlüyünün qorunub saxlanılmasında xüsusi xidmətlərinə və Azərbaycan Ordusu qarşısında qoyulmuş tapşırıqları yerinə yetirən zaman fərqləndiyinə görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2016-cı il 20 aprel tarixli Sərəncamına əsasən, Polad Həşimov 3-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib. 2019-cu il iyunun 24-də Silahlı Qüvvələrin Ali Baş Komandanı tərəfindən Polad Həşimova general-mayor ali hərbi rütbəsi verilib. Polad Həşimov 2020-ci il iyulun 14-də Azərbaycan-Ermənistan dövlət sərhədinin Tovuz rayonu istiqamətində düşmən təxribatlarının qarşısını alarkən qəhrəmancasına şəhid olub. Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 9 dekabr tarixli Sərəncamı ilə ölümündən sonra “Azərbaycanın Milli Qəhrəmanı” fəxri adına layiq görülüb.
Qafqaz.Media