Dünya ilə heç-heçəyəm - Sabir Yusifoğlunun şeirləri
Qafqaz.Media mərhum şair Sabir Yusifoğlunun şeirlərini təqdim edir:
...Ad gününə
Dünyaya gəldiyin gündü,
dünyanın ki sonu deyil.
Lap elə bil ayrı gündü,
heç ayın da onu deyil.
Nə Adəm yaşıdın olub,
nə də ki Həvva gözaltın.
Xəyallar aldadıb səni,
nağıllarda qaçıb atın.
Niyə gəlmişdin bilmədin,
bilmirsən nəynən gedirsən.
Göydə Allahın var deyə,
ölsən də göynən gedirsən.
Bu yaşda nəynən qazandın
bu ağlıqda saç-saqqalı?
Ay evin qaragünlüsü,
ay dərdlərin ağsaqqalı.
Nə beşulduz otelin var,
nə banklarda əmanətin.
Vətən üçün öldüyünü
nə şah bildi, nə millətin...
Qara zolaq
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Hər dediyim baş tutmur,
hər atılan daş tutur.
Hər tələyə düşürəm,
tilov atsam boş gəlir.
Harda axmaq dərd varsa,
qaçıb mənə tuş gəlir.
Yollar hörümçək toru -
ilişib ayaqlarım.
Arzular göynən gedir,
ümidlər ayaqyalın.
Hansı tərəfə getsəm,
yel tutur, yağış tutur.
Dualarım yan keçir,
məni hər qarğış tutur.
Gecə yağışı
Yırtıb göyün yaxasını,
özün yerə atdı yağış.
Döyəcləyib pəncərəmi,
yuxudan oyatdı yağış.
Enişləri, yoxuşları,
duaları, qarğışları,
alnımdakı qırışları
bir-birinə qatdı yağış.
Dizimin ağrısı kimi,
cavan gedən qardaşıma
qızının ağısı kimi
tutdu məni, tutdu yağış...
Anam, dizlərim bükülür
Sinəm, kürəyim dağılır
Şah İsmayıl qılınc çəkən
Ölkənin sərhədi kimi.
Anam, dizlərim bükülür
Xocalıdan əsir düşən
O gəlinin qəddi kimi.
Kitaba, dərsliyə salın
Mənim də çəkdiyim dərdi
Sonsuzluğun həddi kimi...
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki
Heç darıxma,
mən də çıxıb gedəcəm, -
Adiləşim, unudulum...
Və sonra.
Ürəyində soruşursan, bilirəm:
"Deyək - getdin, tutaq - qaldın,
bə sonra?!"
Mən nə bilim o sonranı kim bilir? -
Sonrasını Allah bilir, cin bilir,
İnanmıram hansı kitab, din bilir, -
Nə tutubsan "bə sonra?"dan, nə sonra?!
Tanrı dönüb biz tərəfə baxdı ki,
Köhnəlmədim, vaxtım nə tez çıxdı ki?!
O dünyada görüş yeri yoxdu ki,-
Gözləyəcəm, görüşərik...
Hə, sonra.
Yağış
Daha sevdiyim kimi
sevə bilmirəm səni.
Kim zəng vurub çağırıb
evə, bilmirəm, səni.
İllərin arasından
körpüləri apardın.
Xəyallarda doğulan
körpələri apardın.
Solub bitmiş ömürdən
heç nə cücərməz daha.
Dünya mənə oxşarın
əkib-becərməz daha.
Heç olmasa gündüz yağ,
yağırsan, gecə yağma.
Neynirsən elə, neynək,
qəlbimə bircə yağma.
Sevə bilmirəm səni,
sevə bilmirəm, yağış.
Niyəsini soruşma,
bilmirəm...
Sən də barış!..
Yenə də o köhnə ömür
Heç nə yazmaq istəmirəm,
guya yazsam nə olacaq?!
"Qarabağ"ı ağ əsgiyə
göynən yazsam nə olacaq?!
Nəynən silim bu yazını,
alnımda mənnən gedəcək.
On yaşlı ağ-qara şəklim,
ağlım da mənnən gedəcək.
Yaşamağın dadı qaçıb,
heç ölmək də istəmirəm.
Böyük olmaq Tanrılıqdı,
kiçilmək də istəmirəm.
Yenə də o köhnə ömür, -
səhər evdən, axşam evə.
Ömür boyu yol gedirik, -
oxşar evdən oxşar evə!.
Ölmədim
Yenə bəxtin gətirmədi,
qarğışın tutmadı məni.
Allah da kişi adamdı,
yenə eşitmədi səni.
Lap belə "xortlayıb döndüm",
qarğışın göndərən yerdən.
Dedim ürəyin yumşalar,
məni ağlayarsan birdən.
Qorxma, Əzrail qoruyur, -
dəymədi, diri qayıtdım.
Təzə qarğışların üçün
darıxıb geri qayıtdım.
Salamat döndüm üstünə,
azar-bezar, filan olmaz.
Allah haqqı, bu canı da
səndən yaxşı alan olmaz...
Sən də bir gün qoşularsan
ərsizlərin sırasına.
Toya, yasa yollanarsan,
ürkə-ürkə, sına-sına.
Bir qara bantlı şəkil də
aramızda sərhəd olsun.
Dilin-saçın vay-şivəndə,
Xatirəndə bir "rədd olsun!"...
Mən sevənlər dəbdən düşüb
Çox yaşamaq istəmirəm,
cavan ölmək istəmirəm.
Mən sevənlər dəbdən düşüb -
cavan olmaq istəmirəm.
Cavan olmaq istəmirəm,
o dağ yoxdu, dərə yoxdu.
O dərənin gəndalaşı biçilib,
kölgəsində mərə yoxdu.
Kəpənəkdən gün dilənib,
qarışqadan dən dilənib,
qırış-qırış kündələnib,
çox yaşamaq istəmirəm.
Çox yaşamaq istəmirəm,
şəhidlər yatan torpaqda.
Cavan ölmək istəmirəm
hər daşı Vətən Torpaqda.
Öz yolumda candan düşən
cığıram
Sən bilməzsən necə olur bu ağrı,
qadan alım, necəsini heç bilmə.
Sən bilməzsən nəynən keçir qara gün,
işığından, ulduzundan keç, bilmə.
Nə çoxalıb burda ağzı köndələr,
kütə gedir yenə-yenə kündələr.
Demişdim də, heç darıxma, gün gələr,
ha vaxt gəlsə vaxtındadı, gec bilmə.
Öz yolumda candan düşən cığıram,
hər gecəmdən açıq göznən çıxıram.
Necə deyim?!
Nə əvvələm, axıram, -
sən də məni divar bilmə, künc bilmə...
Dünya ilə heç-heçəyəm
Məni yaxınlar öldürür,
qırağa ehtiyac yoxdu.
Biri də sənsən, ay zalım
yarağa ehtiyac yoxdu.
Heç bilirsənmi necəyəm?-
Dünya ilə heç-heçəyəm.
Ovcu günəşli gecəyəm,-
çırağa ehtiyac yoxdu.
Bu qara günlünü ağa
büküb verərlər torpağa.
Ölüdən xəbər tutmağa,
sorağa ehtiyac yoxdu.
***
Əsir düşmüş bu gəlinin
Düşmən əsgərindən qalan
altıaylıq balasını
hansı kitabına salaq,
hansı günahına yazaq,
hansı küncündə gizlədək?!
O uşağın anasını
öz anan, bacın bilərsən.
O uşağın gözlərinə
baxma,
utanıb ölərsən-
Yer üzü Allahsız qalar!..
***
Nə bir arzum, nə ümidim,
nə şirin xəyal qurmağım,
nə də dünyanın üzünə
Acı-acı gülməyim var.
Onu bilirəm ki, gedib,
Sənə görə gəlməyim var.
Mən hər günün sabahına
gecəsin yeyib çıxıram.
Yaşamıram ki, sevdiyim,
canımdan heyif çıxıram.
Səsim yetməyən yerləri
sevdim o dağlara görə.
Buludların qanadından,
inamımdan, inadımdan
endim uşağlara görə.
Ocaq-ocaq sönən ümid,
yurd-yurd dağılan ölkəyəm.
Analar bizi doğubmuş
ancaq baxıb, ah çəkməyə!..
***
İlahi, neyləyim vaxtsız, vədəsiz
Yolumun üstünə çıxan laləni.
Qoparıb dərməyə əlim də gəlmir,
Bu xanım laləni, bu xan laləni.
Ömrümü günümü ona bağlayım,
Saçını üzümə tutub ağlayım.
Allah, bir yer göstər orda saxlayım
Mənə ürəyimdən yaxın laləni.
Bəxtimə gün doğub, günümdə yandır,
Onsuz keçən ömrü, günü dayandır.
Sındırmaq istəsən Sən məni sındır,
Sındırma arxamca baxan laləni.
***
Deyirsən ürəyim yoxdu,
bə burda göynüyən nədi?
Adam kimi yaşamağa,
ölməyə qoymayan nədi?
Ürəyimin tutduğu sən,
ürəyim tutub həb gətir.
Ürəyimin dərisini
soymağa gəl,
Hələb gətir.
Ürəyin yoxdu deyirsən,
bə bu saralan yarpağı,
oxşayıb ağrıyan kimdi?
Yol qırağındakı daşa
boylanıb ağlayan kimdi?!
Ömrüm- ürəyimin şəkli,
sevgi- tuşlanan bir oxmuş.
Deyirsən ürəyim yoxdu...
Deyəsən ürəyim yoxmuş!..
***
Hər şey var, xoşbəxtlik yoxdu,
yağmayan qar günündəyəm.
Ümid yolu daşdan keçən
ilanın dar günündəyəm.
O üzündən, bu üzündən
yumruğlanan, sığallanan,
arada göz dağı qalan
qədim divar günündəyəm.
Dərd biçməyə bir çin yoxdu,
“Ölüm” adlı elçim yoxdu,
Hamı gəlib...
Heç kim yoxdu!
Allahın var günündəyəm...
***
Ömrüm boyu yer elədim könlümə,
Külək vuran, yağış tutan yerləri.
Neynəsəm də uçuq qaldı, çat qaldı
Taleyimin qarğış tutan yerləri.
Ətəyində arzu, ümid bitirdik...
O dağları hardan hara gətirdik.
Ovuc-ovuc, qarış-qarış itirdik,
Boyumuza qamış tutan yerləri.
Son nəfəsim-
dimdiyimdə dən, qaldı,
Sinəm dağ-dağ,
bulud-bulud,
çən qaldı.
Kürəyimə dəyən daşdan rəng aldı,
Ürəyimin naxış tutan yerləri...
Yada düşdü,
yadın oldu, qız, nələr!..
Açıb desəm, dağ kişnəyər, düz mələr.
Dodağımın ürək sözün gizlədər,
Yanağının qırış tutan yerləri...
***
Bu tərəflər
Nə boynundan asılası,
nə qoynuna qısılası…
Urəyimdən qıfıl asıb,
yumub gözlərimi, getdim.
Silinib kitab-dəftərdən,
dönüb çatmadığım yerdən,
qana batmış bu şəhərdən
yığıb izlərimi, getdim.
Dedilər bəxt var,
baxtım…
Yox!
Vaxt öldürməyə vaxtım yox.
Altımda kəhər atım yox,
çırpıb dizlərimi, getdim.
Oğru kimi hasar aşıb-
dərddi
canıma daraşıb.
Bəxtim özümtək qaraşın,
gicgahıma son güllətək
sıxıb sözlərimi, getdim.
***
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
Sənsiz yaşamaq budursa,
bəs ölüm nə təhər olur?!
Sənsiz dalğalanır dəniz,
sənsiz də küləklər əsir.
Bu küləkdə sənsizliyə
dözməyə ürək nə gəzir.
Səni gəzən fikirlərim
döngələrdə çaşıb qalır.
Gecələr bir mən oluram,
bir də küçə işıqları.
Nə varsa dəyişir dadı,
bu dünya birtəhər olur.
Bağışla, gülüm, sənsiz də
axşam olur, səhər olur.
***
Neçə meymun, neçə pələng
ilindən çıxdım dünyanın.
Çaşıb qoluna girmişdim,
qolundan çıxdım dünyanın.
Gördüm sola-sağa baxmır,
gördüm qaş-qabağa baxmır,
gördüm düz üstümə gəlir,-
yolundan çıxdım dünyanın.
Nə məzara oxşarı var,
nə yuvadı yuva kimi.
Arxamca son dua kimi
dilindən çıxdım dünyanın.
***
Canımız bir xoş xəbərə,
sorağa çıxıb ağlayır.
Bədən adlı dar qəfəsdən
qırağa çıxıb ağlayır.
Qarışıb yalanım, düzüm
karıxıb özümdə özüm.
Qəhərdən boğulan sözüm
varağa çıxıb ağlayır.
Sualdı "ölüm-qalım"ız,
pisdən yaxşıdı halımız.
Arada batan qanımız
BAYRAĞa çıxıb ağlayır.
***
Gəlmə,
gəlsən qorxuram
çıxıb yenə gedəsən.
Çiynin üstdən boylanıb,
baxıb yenə gedəsən.
Gözümün istəyini,
qapının dəstəyini,
ürəyimdən də betər
sıxıb yenə gedəsən.
...Qara günü saxlayıb,
günə çıxıb gedəsən.
Nə ola yenə gəlib,
yenə çıxıb gedəsən...
***
Deyirsən belə gedəcək,
yəni xoş gün olmayacaq?!
Qalan ömrü nəyə vursaq,
yenə beş gün olmayacaq?!
Harda qırılar, qırılar,
harda ölərik, ölərik.
Burda ağladan günlərin
yerinə bəlkə doyunca
orda gülərik, gülərik.
Kimdi ki, ölümdən qorxan,
Yaşamağdan bezən kimdi.
Ay Allah, Sən deyilsənsə
bəs bu canı çoxdan çıxmış
adamları Yer üzündən
Pambıq kimi üzən kimdi...
***
Məni sırada gəzməyin,
qırılıb çıxdım qırağa.
Boş günlər ömür doldurur,
yorulub çıxdım qırağa.
Torpaq çəkər son şəklimi,
dərdimi necə,
çəkərmi?!
Süzülən saf sular kimi
durulub çıxdım qırağa.
Büdrədim,
yıxıldım,
yenə,
qalxıb sarıldım Vətənə.
Sevib, vuruldum Vətənə,-
vurulub çıxdım qırağa.
***
Sarı-sarı ağacları
yarpaq-yarpaq soyur külək.
Bəlkə elə isinməyə
yer axtarır soyuq külək.
Ürəyimi xatirələr,
yarpaqları külək ovur.
Adamların arasıynan
tale məni hara qovur?!
Ya dəli ol, ya dərdli ol-
biri bilsə, beşi bilməz.
Bu küləkdə hönkürtüynən
ağlasan da eşidilməz...
***
Nə kilsə zəngi, nə azan,
nə şaman duası,
nə də
anamın qəbri çəkmədi
ürəyimi sən çəkəntək.
Xəritənin harasında,
hansı üçbucağındasan,
hansı yaşımın, ilimin
hansı daş qucağındasan?
Təksən,
təki üstümə gəl,-
hamıdan çıxıl, çıxıl gəl.
Heç nəyi dərdə saxlama,
ürəyini də götürüb
ovcuna sıxıl, sıxıl gəl.
***
Yavaş-yavaş anlarsan,
anlarsan təkliyini.
Çəkib evin küncünə
ağlarsan təkliyini.
Hamıdan damla-damla,
gün-gün, il-il çıxarsan.
Heç nə yerinə dönməz,
Heç kim qayıdıb gəlməz-
yollarına baxarsan.
...Və birdən yaddaşını
dayanmış saat kimi
silkələyib oyatsan.
Və birdən görərsən ki,
ay dad!.. hamıya yadsan.
Uzaq da qaçır səndən,
yaxın da qaçır səndən.
Dərmanlar ovuc-ovuc,-
yuxun da qaçır səndən.
Tutub güzgü önündə
danlarsan təkliyini.
Divarlar soyuduqca
anlarsan təkliyini.
Nə sevib sarılmağa,
nə qulunc sındırmağa-
o bədbəxt də yığışıb
gedər
gedər-gəlməzə,
sənsə şam yandırmağa...
Və birdən anlarsan ki,
heç nə...
quruca adsan.
Və dəli gülmək tutar-
iki stansiya o yana
uçruma uzadıbmış
qollarını
çatmadığın o qatar...
***
Cırıb tullayıram şeirlərimi
Göyə qaldırdılar söz yığınını,
Görüb,
tullayıram şeirlərimi!
Yuxuma Nəsimi, Füzuli, Sabir
girib-
tullayıram şeirlərimi!
O kimdi,
"hər şerim balamdı" deyir,
nə deyir, qoy desin,
yalandı deyir.
Utanma, gəl sənə olanın deyim:
Zorən şairlərin tərifçiləri
yorub,
tullayıram şeirlərimi...
Ağ günə çıxmadı qaralamalar,
qorxuram günahı boynumda qalar.
Kağıza, qələmə hələ ki pul var,
durub tullayıram şeirlərimi.
***
Şehli çəmən bilib keçdin ömrümdən,
Hər gün təzələnir səndən qalan iz.
Ürəyim sazaqda tinə qısılan
Dilənçi uşaqtək sızlayır sənsiz.
Yaramda gizlənən qəlpə kimisən,
Ağrın çəkilmir heç yuxumdan belə.
Elə dərindəsən çıxarmaq olmur –
Divar qonşususan ürəyim ilə.
Səsin də yoxdu ki, maqnitafonda,
Hər gündən ömrümə bir an yazıla.
Eh, bu da taledi, tək sən deyilsən
Nikah kağızına yalan yazılan.
***
Dünən tamam ölmüşdüm,
bu gün bir az diriyəm.
Sabah da yada salma,
mən dərdin əlbiriyəm.
Rentgen şüasından da
təmiz çıxdı ürəyim.
Gəmi-gəmi dərd dolu
dəniz çıxdı ürəyim.
Darıxma,
gəlməyəcəm.
Sevinmə-
ölməyəcəm!
...Hansı sığalın altda
ağaracaq saçların?!
Hayıf ki bilməycəm...
***
Atdınız, gəmidən artıq yük kimi,
Elə bildiniz ki batıb gedəcəm.
Sizə səsim çatar, əlim uzanmaz-
Bir saman çöpündən tutub gedəcəm.
Unutdum təklikdən darıxmağı da,
Bir küncdən o küncə vurnuxmağı da,
Aldadıb dərd adlı bir axmağı da,
Gördüm ki, vaxt-vədə çatıb, gedəcəm.
Yığıb, yığışdırıb dərdi-sərimi,
Bir qəmli sükuta verrəm yerimi.
Məni sevənləri, sevdiklərimi
Çevrilib baxmadan atıb gedəcəm.
Fuad Biləsuvarlının təqdimatında
Qafqaz.Media