“Bu gün Xırdalanda 4-5 nəfər sahibsiz itlərin hücumuna məruz qalıb”
Son vaxtlar Xırdalanda sürü ilə gəzən sahibsiz itlərlə bağlı şikayətlər çoxalıb. Sakinlər küçə itlərinin tez-tez onlara hücum etdiklərini deyirlər. Şikayətçilərin “Qafqazinfo”ya bildirdiklərinə görə, həmin ərazidə təkcə bu gün 4-5 nəfər hücuma məruz qalıb. Bu cür hal əvvəllər günün daha çox alaqaranlıq vaxtlarında olurdusa, artıq gündüzlər də geniş hal alıb. Hücuma isə uşaq, böyük daxil olmaqla hamı məruz qalır. Problemlə əlaqədar Abşeron Rayon İcra Hakimiyyəti ilə əlaqə saxladıq. Qurumdan sorğumuza belə cavab aldıq: “Sahibsiz heyvanlarla bağlı qaldırdığınız məsələ ilə bağlı bildiririk ki, Abşeron RİH-nin müraciəti əsasında “Toplan” Sahibsiz İtlərə Qayğı Mərkəzi tərəfindən rayon ərazisində ətraf mühit üçün təhlükəli ola biləcək sahibsiz itlər parklar, küçə və prospektlərdən toplanıb. Sahibsiz itlərin tutulması sivil qaydada, onları incitmədən həyata keçirilib və xüsusi avtomobillərlə Qayğı Mərkəzinə daşınıb. Bununla yanaşı olaraq Abşeron rayonunda da Sahibsiz Heyvanlar üçün Qayğı Mərkəzinin yaradılması istiqamətində tədbirlər görülür və hazırda bu işlər sənədləşmə mərhələsindədir”. Xatırladaq ki, it dişləməsi ilə bağlı hadisələr Abşeron rayonu ərazisində tez-tez yaşanır. Daha əvvəl də dəfələrlə Xırdalan və Masazırda sahibsiz itlərin sakinləri parçalaması barədə məlumat vermişdik. İki il əvvəl Masazır qəsəbəsi, “Qurtuluş 93” Yaşayış Kompleksində sahibsiz itlərin hücumuna məruz qalan 41 yaşlı qadın həyatını itirmişdi.
Həmçinin ötən il Xırdalan şəhərində yerləşən “AAAF Park” yaşayış kompleksinin ərazisində sahibsiz itlərin sakinə hücum etməsini əks etdirən görüntülər yayılmışdı. Gündüz saatlarında qadın bir neçə itin küçədə hücumundan çətinliklə və xəsarətlərlə qurtula bilmişdi.
Eyni zamanda ötən il Xırdalan şəhər 2 nömrəli tam orta məktəbin həyətində altı it 8-ci sinif şagirdinə hücum edərək müxtəlif xəsarətlər yetirmişdi.
Qeyd edək ki, sadalanan hallarla bağlı dəfələrlə aidiyyəti quruma müraciət etsək də, sorğumuza ənənəvi cavabı almışıq.