Şagirdlər narahatdır: buraxılış imtahanı çətin olacaq?

23/01/2025 - 14:05

2025-ci ildə keçiriləcək buraxılış imtahanlarının qrafiki və qeydiyyat tarixləri açıqlanıb. Tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları iki zona olmaqla 2 və 9 mart tarixlərində keçiriləcək. Zonalar üzrə aid olan şəhər və rayonların siyahısı imtahandan bir ay əvvəl paylaşılacaq. Buraxılış imtahanlarında fənnlər olduğu kimi qalacaq. Lakin 9-cu sinifdə xarici dil fənni üzrə yenilik tətbiq ediləcək. Belə ki, şagirdlərin bilikləri yeni bir tapşırıq vasitəsilə qiymətləndiriləcək. Bu tapşırıqda şagirdlərə üç şəkil təqdim olunur və şəkillər arasındakı əlaqəni müəyyən etmək tələb edilir.  Lakin bu dəyişikliklər 9-cu sinif şagirdləri arasında təşviş yaradıb. Mütəxəssislər hesab edir ki, bu yeniliklər ilk baxışdan şagirdlərin yazılı ifadə bacarıqlarını inkişaf etdirmək üçün müsbət addım kimi görünsə də, imtahan prosesində ədalətli qiymətləndirmə ilə bağlı problemlər yarada bilər. Təhsil eksperti Kamran Əsədovun sözlərinə görə, ən böyük problemlərdən biri yazılı işlərin qiymətləndirilməsindəki subyektivlikdir. Hər il yazı işlərinin yoxlanılmasında buraxılan səhvlər və nöqsanlar, nəticələrin gec açıqlanmasına və şagirdlərin haqsız qiymətləndirilməsinə səbəb olur: "Məsələn, Dövlət İmtahan Mərkəzinin illik hesabatlarına əsasən, yazılı tapşırıqların qiymətləndirilməsində hər il 10%-ə qədər şikayət qeydə alınır. Bu, qiymətləndirmə prosesində obyektivliyin təmin edilmədiyini və belə bir sistemin ədalətli olmadığını göstərir". Modern.az mövzu ilə bağlı Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova ilə həmsöhbət olub. O da qeyd edir, hazırda buraxılış imtahanlarına dair elan edilən yeniliklər təbii olaraq abituriyentlər arasında müəyyən bir təşviş yaradıb. "Xüsusilə, 9-cu sinif buraxılış imtahanlarında tətbiq olunan yeni format, şagirdlər və valideynlər üçün müəyyən çətinliklər yaradır. Lakin, nəzərə almaq lazımdır ki, bu dəyişikliklər tədricən həyata keçirilir və şagirdlərin uzunmüddətli inkişafına xidmət edir. İngilis dili imtahanlarının çətin keçəcəyi ilə bağlı narahatlıqlara gəlincə, bu, daha çox şagirdlərin imtahana hazırlıq səviyyəsindən asılıdır. Son illərdə məktəb proqramlarında edilən yeniliklər, o cümlədən yazı bacarıqlarının təkmilləşdirilməsi ilə bağlı tapşırıqların məktəb dərsliklərinə daxil edilməsi, bu gün 9-cu sinif şagirdlərinin müəyyən qədər bu formatlara hazırlıqlı olmasını təmin edir. Əslində, şagirdlər 7-ci sinifdən etibarən yazı bacarıqları üzrə sistemli şəkildə hazırlaşırlar. Bu, onlara yalnız imtahan üçün deyil, həm də həyatları boyunca lazım olacaq əsas dil bacarıqlarını inkişaf etdirmək üçün mühüm əsas yaradır”. Müsahibimiz sonda vurğulayıb ki, imtahanların yalnız nəticə deyil, həm də bir proses olduğu unudulmamalıdır: “Təcrübəli bir ingilis dili müəllimi olaraq hesab edirəm ki, həm müəllimlər, həm də valideynlər şagirdlərə müsbət yanaşma ilə yanaşı, psixoloji dəstək göstərməlidirlər. Çünki uğurun əsas sirri təkcə hazırlıq deyil, həm də özünə inamdır. Şagirdlərə mesajım odur ki, bu yeniliklər sizi qorxutmasın. Siz artıq illərdir bu istiqamətdə addımlar atmısınız və bu sınaqdan müvəffəqiyyətlə keçəcəyinizə inanıram”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Sabaha olan hava proqnozu
23/01/2025 - 14:02