35 İLDİR CƏZASIZ QALAN BƏŞƏRİ CİNAYƏT – Müxalif partiya 20 Yanvar faicəsi ilə bağlı bəyanat yaydı
Partiya bu faciəni törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir
Bu gün ADP 20 Yanvar hadisəsinin 35-ci il dönümü ilə bağlı bəyanat qəbul edib. Bəyanatda deyilir:
35 il bundan öncə yanvarın 19-dan 20-nə keçən gecə baş verənlər xalqımızın həm faciəsini, həm də misilsiz qəhrəmanlığını özündə birləşdirən, keçmiş sovetlər imperiyasının bütün mənəvi və sosial dayaqlarının itirilməsinə, nəticə etibarı ilə daha tez dağılmasına və xa
lqımızın sonrakı taleyinə əhəmiyyətli dərəcədə təsir göstərən tarixi bir hadisədir. 1990-cı ilin 20 Yanvar hadisəsi 1987-ci ilin sonlarından başlayaraq azərbaycanlıların Ermənistandakı tarixi torpaqlarından növbəti deportasiyası və Dağlıq Qarabağın Ermənistana birləşdirilməsi cəhdlərinə qarşı xalqımızın etirazını və mübarizəsini boğmaq cəhdi idi.
20 Yanvar hadisələri zamanı yüzlərlə soydaşımızın kütləvi şəkildə qətlə yetirilməsi, yaralanması, repressiyalara məruz qalması və əmlaklarının dağıdılması əli qanlı Rus imperiyasının xalqımızın azadlıq və müstəqillik uğrunda başlatdığı xalq hərəkatını beşiyində boğmaq məqsədilə həyata keçirdiyi bəşəri cinayətdir. Baş vermiş qətliam onu törədənlərin əsl mənəvi, əxlaqi, mədəni simasını, bəşəri dəyərlərdən və çağdaş sivil dünyadan nə qədər uzaqda olduqlarını tam çılpaqlığı ilə ortaya qoymuş oldu.
ADP Azərbaycan xalqının azadlıq uğrunda başlatdığı mübarizəyə yönəlmiş bu qəsdi lənətləyərək, 20 Yanvar hadisələrindən 35 il ötməsinə baxmayaraq, bu cinayətə hələ də dünya ictimaiyyəti və nüfuzlu beynəlxalq təşkilatlar tərəfindən əsl siyasi və hüquqi qiymət verilmədiyindən, bu bəşəri cinayəti törədənlərin təşkilatçılarının və iştirakçılarının bu günə kimi cəzasız qalmasından təəssüfləndiyini və dərin narahatlıq keçirdiyini bildirir.
ADP 20 Yanvar hadisəsinin milli yaddaşa həkk olunması istiqamətində təbliğatın daha da gücləndirilməsinin vacibliyini, 20 Yanvar cinayətini, 26 fevral Xocalı və 31 Mart soyqırımını dünya ictimaiyyətinə çatdırılması üçün daha geniş dövlət tədbirlərinin, bu tədbirlərin yalnız təqvimdən təqvimə deyil, ardıcıl və məqsədyönlü şəkildə həyata keçirilməsinin vacibliyini diqqətə çatdırıb və hakimiyyəti dünya dövlətlərinin bu hadisələrə hüquqi və siyasi qiymət vermələri üçün səylərini artırmağa çağırıb.
ADP 25 dekabr 2024-cü il tarixdə Bakı-Qroznı reysini həyata keçirən Azərbaycana məxsus sərnişin təyyarəsinin Qroznıda Rusiyanın “Pantsir-S” Hava Hücumundan Müdafiə sisteminin hücumuna məruz qalmasını, təyyarənin vurulmasından sonra onun Qroznı ərazisinə enməsinin qarşısının alınması və nəticədə Aktau limanına kurs götürən təyyarəmizin həmin ərazidə qəzaya uğraması nəticəsində xeyli sayda sərnişinin həlak olması faktı da Rusiyanın xalqımıza qarşı planladığı bəşəri cinayətlər sırasına daxil edilməlidir.
ADP bu gün Rusiyanın Ukraynaya qarşı apardığı işğalçılıq siyasətini də Rusiyanın başqa xalqlara qarşı genosid siyasəti kimi dəyərləndirir, vaxtında bu tipli hadisələrə ciddi hüquqi qiymət verilmədiyindən müasir dövrdə də bu qanlı cinayətlərin təkrarlandığını bildirir və bütün dünya ictimaiyyətini Azərbaycan xalqına qarşı Rus imperiyası tərəfindən törədilən qanlı cinayətlərə siyasi və hüquqi qiymət verməyə çağırır.
ADP xalqımızı 20 Yanvar hadisələrini heç vaxt unutmamağa, gələcək nəsillərimizin bu tipli faciələrlə üzləşməməsi üçün 20 Yanvar tarixini xalqımızın gen yaddaşına daşımağa, Rusiyanın hal-hazırda da ərazi bütövlüyümüzə və suverenliyimiə təhdid yaratdığı bir zamanda daim ayıq-sayıq olmağa, milli həmrəyliyimizi qoruyub saxlamağa, bu hadisələrin mahiyyətini dünya xalqlarına çatdırılmasında xalqımızın bütün imkanlarını birləşdirməyə çağırıb.
ADP 20 Yanvar hadisələri zamanı həlak olmuş soydaşlarımızın əziz xatirəsi qarşısında bir daha baş əydiyini, onların yaxınlarına və əzizlərinə Allahdan səbr dilədiyini bildirir.
Qafqaz.media