Zəlimxan Yaqub poeziyasının gücü...-Fuad Biləsuvarlı yazır
Zəlimxan Yaqub – 75
Torpaq, yurd, Vətən sevgisi hər bir insanda o, dünyaya göz açanda doğulur. Və bu müqəddəs hissləri son nəfəsinədək onu tərk etmir. Bu sevgi, məhəbbət bizə ruhumuz qədər yaxındır, doğmadır...
Qüvvətim, zorum torpaq,
Ocağım, qorum torpaq,
Səndə bir iz qoymasam,
Alışsın gorum torpaq!
Bu misralar sevimli şairimiz Zəlimxan Yaqubundur. Bütün varlığı ilə sinəsində ölçüyəgəlməz torpaq, Vətən sevgisi gəzdirmiş Zəlimxan Yaqubun.
Şairin uzun illər - təxminən 35 il əvvəl işıq üzü görmüş " Ziyarətin qəbul olsun" toplusu qarşımdadır. Topludakı şeirləri oxuyuram və heyrətə gəlirəm. Mənim indiki yaşım qədər əvvəllər yazılmış bu şeirlər bu günümüzdə çox aktualdır, zamanla səsləşir.
Zəlimxan Yaqub bir şair kimi öz şeirlərini ürəyinin odunda elə bişirib yazır ki, orda tam bişməmiş, çiy misra tapmaq çətindir. Bunu kitabın ilk şeiri olan " Ağsaqqal sözü"ndə şair özü də etiraf edir:
Oğul, elə saxla qəlbi, ürəyi,
Göy kimi boşalıb dolandan olsun.
Bir qalın kitab var, bir qalan kitab
Yazanda elə yaz kitabını sən,
Qalından olmasın, qalandan olsun.
Məncə poeziya aləmində şimşək kimi çaxmış Zəlimxan Yaqubun illər boyu işıq üzü görmüş topluları da qalan kitablardandır.
Kitabın ilk fəslində şairin " millətimizin dar günü - 20 yanvar günü"nə həsr olunmuş şeirləri toplanıb. Bütün xalqımız kimi şair də bu qara günləri çox ağrılı-acılı yaşayıb, bu qanlı faciəni törədənlərə nifrəti ərşə qalxıb.
" Torpaq üstə can verənlər, yatır torpaqlar altında; şəhidi olmayan torpaq, qalar tapdaqlar altında" deyən şair qətiyyətlə tanımışam mənə dağlar çəkənləri"... qənaətinə gəlir.
Qanlı faciədə həlak olmuş hər bir soydaşımızın mərdliyi,cəsarəti, ölümün gözünə dik baxması şairi çox təsirləndirir.
- Ruhlarınız önündə hər gün səcdə qılmışam,
Sanıram hər qəbrdə özüm basdırılmışam.
Ümumiyyətlə, şairin bu bölmədə topladığı şeirləri bu qan yaddaşını heç vaxt unutmamağa səsləyir. Çünki bu faciə bir millətin yox, bütün millətlərin faciəsidir.
Şairin özü demişkən:
Yüz milləti yaraladı,
Bir millətə dəyən güllə.
Əsl söz sərrafı olan şair bu kədərli hissləri nikbin notlarla bitirir. İnanır ki, xalqın iradəsini toplarla, tanklarla qırmaq olmaz. Sonda həmişə haqq-ədalət qalib gəlir.
İgid ərənləri, mərd oğulları olan torpaq basılmaz.
Heç kəs oynmasın qoy,
Qəzəbim nifrətimlə.
Tarixlərdə bəlliyəm,
Bəşərə hörmətimlə.
Qanlı silahımla yox,
Namusum, qeyrətimlə.
Təpədən dırnağadək,
Silahlı əsgər mənəm.
Kitabda şairin müxtəlif mövzularda qələmə aldığı şeirləri də yer alıb və onların hər birində şairin həyata münasibəti, sevgisi, məhəbbəti tərənnüm olunub.
Şair bunu belə etiraf edir:
Yaşıldı, aldı bilmərəm,
Tirmədi, şaldı bilmərəm,
Kimə nə qaldı bilmərəm,
Mənə sevdiklərim qədər.
Və yaxud şairin " Ölləm" şeirinə nəzər salaq. İndi dillər əzbəri olan bu misralarda şair necə də səmimidir:
Aran da, yaylaq da doğmadır mənə,
Qəlbimi dağlara verməsəm ölləm.
Yazda çiyələyi, yayda yarpızı,
Payızda moruğu dərməsəm ölləm.
Barmağı pərdədə, mizrabı teldə,
Turacı meşədə, sonanı göldə,
Kəkliyi qayada, ceyranı çöldə,
Qartalı zirvədə görməsəm ölləm.
Zəlimxan Yaqub üçün bir şair kimi mövzu qıtlığı yoxdur. Onun üçün dünya sözün həqiqi mənasında poeziyadır. Və böyük şairimiz adı həqiqətlərə, müşahidə etdiklərinə elə dərin və poetik don geydirir ki, heyran qalırsan. Baxın:
Torpaq duzdu, vətən çörək,
Zirvəyə bax, coşsun ürək,
Dağlar şeiri kimə gərək,
Dağlar kimi yazılmasa.
Dağılmaz dərdim, azarım,
Eldən düşməsə güzarım,
Od tutub yanar məzarım,
El içində qazılmasa!
İndi şeir yazan, şairlik eşqinə düşənlər çoxdur. Yazırlar, heç mürəkkəbi qurumamış kitabları çap olunur. Heç bir misraları da yadda qalmır.
Şair Zəlimxanınsa öz dünyası var, söz dünyası var. Bu dünya hikmətlə doludur. Hər gün oxusan da bu şeirlərdən ayrıla bilmirsən, çoxları dillər əzbəridir, mahnılar bəstələnib, yaddaşlara həkk olunub. Bir şair kimi bu, Zəlimxan Yaqubun xoşbəxtliyidir. Çünki Zəlimxan Yaqub şeir yazmaq xatirinə şeir yazmır. O, ürəyinin atəşi püskürəndə, onu dilləndirəndə şeir yazır.
Dərd daşıdım, qəm yüklədim şələmə,
Şeirə döndü səsim düşdü aləmə,
Ey Zəlimxan yaxşı sarıl qələmə,
Qalsa yenə bu nəğmələr qalacaq!
Kitabda şairin poemaları da yer alıb. Şairin " Göyçə dərdi", "Cavidin qız balası", " Kökündən qopan ağac", " İnsan" poemaları da maraqla oxunur. Bu poemaların hər misrasında söz sərrafı Zəlimxan Yaqubun ürək döyüntüləri, duyulur, eşidilir. " Cavidin qız balası" poeması böyük ədib Hüseyn Cavidin qızı Turan Cavidə həsr olunub. Bu poemanı həyəcansız oxumaq olmur. Cavidin sonbeşiyi Turan - Cavidin qız balası. Bu körpə qızcığazın nisgillərini, qəmli həyatını belə dolğun şəkildə canlandırmağı ancaq Zəlimxan Yaqub kimi söz ustadları bacarardı. Hüseyn Cavidin dəhşətli sürgün həyatı, burda qoyub məcburən ayrıldığı doğmaları taleyi barədə düşüncələri çox təsirlidir.
Düşünür, hey düşünür,
Görən Turan həkimlik məktəbinə getdimi?!
Ərtoğrul məktəbini
Arzu elədiyidək, əlaçı bitirdimi?
Görəsən harda qaldı Müşkünazın axırı,
Onun çiyninə düşdü qayğıların ağırı.
Atasızlıq qurbanı olsa da, bu son dərəcə ağır itki Turanın qamətini əysə də, məğrur iradəsini qıra bilmədi. Turan yaşadı və atasının arzularını yaşatdı.
Oldu ismət qalası,
Oldu qeyrət qalası
Cavidin cəfakeşi,
Cavidin qız balası!
Elinə, yurduna bağlı əvəzsiz şairimiz Zəlimxan Yaqubun dünyasını vaxtsız dəyişməsi çox ürəklərə dağ çəkdi. Bu qədər oxucu sevgisi, oxucu məhəbbəti qazanmaq ölümsüzlük deyilmi?!
Bu da şairin həyat amalı:
Nə alim doğuldum, nə də ki, dahi,
Peşman da deyiləm, gələn günümə.
Əliboş aparma məni, İlahi,
Doğulan günümdən ölən günümə!
Ruhu şad olsun!!!
Fuad Biləsuvarlı, şair-jurnalist:
Söndü sözümüzün günəşi göydə,
O günəş şəfəqin saçmayacaqdı.
Gül-çiçək ətirli sözlərin üstə,
Daha kəpənəklər uçmayacaqdı.
Susa bilməz idi, o ürək susdu,
O ürək bir kaman, saz idi axı.
Zəlimxan 100 il də yaşasaydı lap,
Yenə də bizimçün az idi axı.
Böyük türk elinin, böyük şairi,
Ölsən də sənətin, sözün qalacaq.
Qərinələr boyu sənət dostların,
Səni yadlarına tez-tez salacaq.
Tək övladlarını yetim qoymadın,
Səndən sonra sazın, sözün yetimdi.
Sən ki heç ömürdən-gündən doymadın,
Səni itirməyim yaman çətindi.
Getdin o dünyaya, sən Qarabağsız,
Şuşanı, Ağdamı görə bilmədin.
Azadlıq ruhunda qoşmalar yazıb,
Bizə o töhfəni verə bilmədin.
Ağlar qalıb indi gözümüz indi,
Axır gözlərimdən yaş gilə-gilə.
Zəlimxan Yaqubtək böyük şairlər,
Bir də gəlməyəcək bu yurda, elə...
Qaynayır ay ustad, başım qaynayır
Çox yerdə qəbrini qazan olacaq,
Başın qaynamaqdan qazan olacaq,
Sanma yaşamağın asan olacaq,
Zarafat gəlməsin sənə bu dünya.
Zəlimxan Yaqub
Dərdin öhdəsindən gəlmək olmur ki,
Sevinmək olmur ki, gülmək olmur ki.
İnanın Allaha ölmək olmur ki,
Qaynayır ay ustad, başım qaynayır.
Ömrüm də zəhərin özüdü elə,
Bəylikdən çıxaraq lap olduq kölə.
İstəməzdim olsun həyatım belə,
Qaynayır ay ustad, başım qaynayır.
Dünyayla zarafat eləmirəm ta,
Qorxuram əlimdən çıxar bir xəta.
Sağ olsaydın sənə deyərdim hətta,
Qaynayır ay ustad, başım qaynayır.
Mən çəkdiklərimin min qatın oba,
Ellər də çəkirmiş gördüm ay toba.
Fikirdən başımdı alışan soba,
Qaynayır ay ustad, başım qaynayır.
Düyünü açmağa əllər nə gəzir,
Qəmi aparmağa sellər nə gəzir.
Məni dinləməyə ellər nə gəzir,
Qaynayır ay ustad, başım qaynayır.
Şərdən qorunmağa macal tapmıram,
Dincimi almağa mahal tapmıram.
Hicranın üzündən vüsal tapmıram,
Qaynayır ay ustad, başım qaynayır.
Dilimi bilməyən o dilbilməzlər,
İstedadım haqda xoş söz deməzlər.
Məni olduğumtək qəbul etməzlər,
Qaynayır ay ustad, başım qaynayır.
Fuadam, toyumu yas elədilər,
Bir gizli işimi faş elədilər.
Bir dərdim vardısa beş elədilər,
Qaynayır ay ustad, başım qaynayır.
Nəriman Həsənzadə, Xalq şairi:
Xalq șairi Zəlimxan Yaqub mənim unudulmaz dostum və istedadlı şairimiz olaraq qalır, sevilir, bundan sonra da seviləcəkdi. Yeri behişt olsun!
Zəlimxan Yaqub, şair:
Gah yanar, gah sõnər, söz qovğasında,
Oddadı, sudadı Səadət Buta.
Qəm ilə qohumdu yaranışından,
Dərd ilə qudadı Səadət Buta.
Ruhunu od kimi atıb şerinə,
Qovușub sõzűnə, qatıb şerinə,
Torpaqdan gõtürūb qatıb şerinə,
Bu tamı, bu dadı Səadət Buta.
Şeri dan yeridi, yaz havasıdı,
Gözəllik sərgisi, naz havasıdı.
"Başkeçid" adında saz havasıdı,
Daşıyır bu adı Səadət Buta.
Qıymadı mənliyi, vūqarı sına,
Qeyrət qılıncını qoymadı qına.
Atalıq elədi dörd balasına.
Anadı, atadı Saadət Buta.
Küskün bənövşədi boynunu bükər,
Şerinə qul olub, dərdinə nökər.
Dindirsən ağlayıb göz yaşı tökər,
Dindirmə, xatadı Səadət Buta.
Eşqin güllərini yarımçıq dərib,
Durușu qəmgindi, baxışı qərib.
Tanrı Borçalıya sovqat göndərib.
Sevgidi, butadı Səadət Buta.
Səadət Buta, şairə:
Sənət dünyasında,söz aləmində,
Haqq verən fərmandı,Zəlimxan Yaqub!
Bir dünya yaratdı öz aləmində,
Taxtında sultandı Zəlimxan Yaqub!
Oynatdı meydanda söz səməndini,
Qatdı sözlərinə şəkər, qəndini.
Hikmətnən bağladı hər bir bəndini,
Dəryadı, ümmandı Zəlimxan Yaqub!
O cənnət bağından tər çiçək dərdi,
Təbrizə, Dərbəndə namə göndərdi.
Düşməni önündə daşa döndərdi,
Dünyadı, cahandı Zəlimxan Yaqub!
Könülər şahıdı,sazın xanıdı,
Sözləri dağların gülüstanıdı.
Anam Borçalının Zəlimxanıdı,
Dillərdə dastandı Zəlimxan Yaqub!
Buta əksilməsin dodaqdan balı,
Şairi ucaldar eşqin məlalı.
Sevdi canı dillnən,eli mahalı,
Böyük el turandı,Zəlimxan Yaqub!
Zemfira Məhərrəmli, Əməkdar jurnalist:
Görkəmli şairimiz Zəlimxan Yaqub çox həyati, dinamik adam idi. Olduqca insansevər, cəmiyyətə çatımlı bir şəxs idi. Hər kəs onunla çox rahat ünsiyyətə girə bilərdi. O qədər xoşqılıq, pozitiv bir adam idi ki... Yazıları da başdan-ayağa həyatdı. İnsan onun şeirlərini oxuduqca oxumaq istəyirdi. Onun yazılarında nə qədər gözəl aura, xoş ovqat, əhval-ruhiyyə var. İstəyirsən ki, onun şeir kitabını birnəfəsə oxuyub başa çıxasan. Zəlimxan Yaqub yaradıcılığı insanı özünə ahənrüba kimi çəkir. Həm də düşünürəm ki, bu, onun dəsti-xəttinin bənzərsizliyindən, onun dilimizin bilicisi olmasından irəli gəlir. Zəlimxan Yaqub eyni Azərbaycan folklorunu, xalq ədəbiyyatımızı çox gözəl bilən bir qələm adamı idi. Elə şeirləri var ki, oxuyanda bunları hansısa el aşığının, el sənətkarının yazdığını düşünürsən.
Bir məqamı oxucularınızla bölüşmək istəyirəm. Beynəlxalq Muğam Mərkəzində böyük tədbir idi. Orada Qulu Məhərrəmli - mənim həyat yoldaşım da yanımda idi. Üçümüz eyni cərgədə yanaşı oturmuşduq. Yəni onunla sıx ünsiyyət imkanı yaranmışdı. Zəlimxan Yaqub söhbəti özü saldı. Üzünü Quluya tutub dedi ki, ay Qulu müəllim, bizim gözəl dilimizi nə bərbad hala salıblar. Gör nə günə qoyublar bizim bu zəngin dilimizi. Dilin imkanlarını gözləmədən yazı yazırlar, yazı mədəniyyətimizə xələl gətirirlər, gül kimi dilimizi korlayırlar. Lazım olan və olmayan əcnəbi sözləri dilimizə doldururlar. Siz həmişə bu məsələdə mübariz olmusunuz. Yəqin xanımınız da bu yöndə mübarizə aparır. Biz dilimizi mütləq qorumalıyıq. O, bu fikirləri ilə həyəcan təbili çalırdı. Heç unutmuram. Televiziyalarda gedən verilişlərdən konkret misallar çəkirdi. Mən onda başa düşdüm ki, o dilimizə münasibətdə nə qədər həssasdı, diqqətlidi. Verilişlərdən konkret misallar çəkirdi. Cümlədə sözün sırasını pozurlar. Və nəticədə əndrabani bir danışıq yaranır. Bu mövzunu çox qızğın müzakirə elədik. Deyirdi ki, biz milliliyimizi də qoruyub saxlamalıyıq, milli kimliyimizə də sayğı ilə yanaşmalıyıq. Bir işıqlı şəxs kimi o mənim xatirəmdə belə qalıb. Ruhu şad olsun!!!
Musa Nəbioğlu, Əməkdar mədəniyyət işçisi:
Xalq şairi Zəlimxan Yaqubun dünyasını dəyişdiyi 2016-cı il yanvarın 9-dan bizi artıq doqquz il ayırır. Doqquz ildir ki, o, bizimlə deyil. Amma bu ayrılıq sadəcə cismani ayrılıqdır. Şeirlərinin birində özünün də dediyi kimi, o, qəbirdə yatsa belə, yenə də həyatdadır, yenə də bizimlədir. Onu sadəcə “əsli olmayanlar” duya bilməz, şair “soyda, kökdə, özüldə, əsildə və zatdadır”, “keçmişdə kökü yaşayır, gələcəkdə budağı”. Şər özünü nahaqdan yormasın, “Adəmdən, Nuhdan bəri yolların yolçusu” olan şair artıq Haqqın dərgahındadır. “Səhraların qumu, dəryaların damlası” kimi, o, bu gün hər yerdədi – Yerdədi, göydədi, sonsuz kainatdadı:
Səhraların qumuyam, dəryaların damlası,
Yerdə mənəm, göydə mən, sonsuz kainatdayam.
Canım qara torpağın, nəfəsim göylərindi,
Qəbirdə yatsam belə, həmişə həyatdayam.
Xalqın sevgisi onu heç zaman tək qoymadı, dünyasını dəyişəndən sonra isə xalqın öz şairinə olan sonsuz sevgisi, məhəbbəti nəinki azalmadı, əksinə, daha da artdı. Dillər əzbəri olan şeirləri, şirin sözü-söhbəti, “illərin izini yaşadan” unudulmaz xatirələri ilə bu böyük söz ustadı daim bizimlə oldu.
Bu böyük söz ustadının dünyasını dəyişməsindən sonra da zəlimxansevərləri kitabsız qoymamağa çalışdıq və demək olar ki, hər il Bakıda və digər ölkələrdə nəşr olunmuş bir kitabı ilə oxucularını sevindirdik. “Borçalının bir tərəfi Axıska” (Almata, 2018), “Peyğəmbər” (Təbriz, 2018), “Saz” (poema, miniatür kitab şəklində, “3 saylı Bakı Mətbəəsi ASC”, Bakı 2019), “Xalq Bank”ın “Xalq əmanəti” layihəsi olaraq “Seçilmiş əsərləri” (Bakı, 2020), “Ölüm də bir zarafatdır” (“Elm və Təhsil”, Bakı, 2020), “Türkün taleyi” (“CBS PP”, Bakı, 2021), “Qarabağ şikəstəsi” (“Elm və Təhsil”, Bakı, 2021) və “Ələsgər çağırdım, Ələsgər dedim” (“Elm və Təhsil”, Bakı, 2022) kitabları ədəbi ictimaiyyət və geniş oxucu kütləsi tərəfindən böyük rəğbətlə qarşılandı.
Bu illərdə həm də Zəlimxan Yaqubdan bəhs edən kitablar da nəşr etdirdik: “Zəlimxan özü var xatirələrdə” (“Elm və Təhsil”, Bakı, 2017) və “Zəlimxan Yaqub ədəbi düşüncədə”nin 4-cü cildi.
Şairin anadan olmasının 75 illik yubileyi münasibəti ilə də bir neçə kitab nəşr etdirməyi düşünürük.
Nə qədər ki, xalqımız var, böyük Türk dünyası var, Zəlimxan Yaqub da var olacaq, ona olan ümumxalq məhəbbəti hər ötən gün daha da artacaq.
Sevinc Muğanna, Filologiya üzrə fəlsəfə doktoru:
Yaradanın kainata bəxş etdiyi , ən ali varlıq olan insanların içərisində elələri olur ki, həqiqətən də Tanrının seçilmişləri olurlar. Bu seçilmişlər adətən, xüsusi istedada malik olan öz təxəyyülləri və mənəviyyatları ilə yaddaşlarda qoyub getdikləri izə görə, xatirələrə görə digərlərindən fərqlənirlər. Mən özüm uşaqlıqda bir neçə belə seçilmişlərlə qarşılaşmışam. Adlarını bir-bir sadalasam, mənə belə gəlir ki, bir vərəqi bütövlükdə doldurmaq olar. Bəlkə də o biri vərəqlərə də keçə bilərəm. Bunların arasında təbii ki, yer alan şəxsiyyətlər, atam İsa Muğannanın sağlığında rastlaşdığım, ünsiyyətdə olduğum, şəxsiyyətlər arasında da belə insanlara rast gəlmək olar. Onların arasında istər yazıçılar, şairlər, elm xadimləri, istərsə də bəstəkarlar, sənət adamları olubdu.. Bunları düşünəndə nə qədər xoşbəxt olduğumun fərqinə varıram. Bu şəxsiyyətlərin arasında ailəmizin həqiqətən də sevimlisi, dəyərlisi, xətrini dünyalar qədər istədiyimiz Zəlimxan Yaqub ön sıralarda durur. Həyatımda olan bəzi insanların haqqında keçmiş zamanda danışmağı sevmirəm. Daha doğrusu qıymıram, yaraşdırmıram. Zəlimxan Yaqub da bu cür insanlardandır: ailəmizin əzizi, evimizin ən arzulanan, əvəzolunmaz qonaqlarından biri. El arasında belə bir misal var: nədənsə çiçəyi çıtlamaq. Atamla, anam Zəlimxan müəllimi görəndə üzlərində çiçək açardı, sevincə bələnərdilər.
O, atama hamı kimi İsa müəllim deyə müraciət etməzdi, "qağa” və “ustad” deyərdi. Atama bu cür müraciəti duyduğu doğmalıqdan, istilikdən, heyranlıqdan irəli gəlirdi. Həmişə sazı sinəsində, üzündə qəribə bir təbəssümlə içəri girərdi. Öz haylı-haraylı, səsli-küylü avazıyla evimizin divarlarını, hər küncünü, bucağını sevindirərdi. Onun haqqında danışanda özümdən asılı olmayaraq içimdə qəribə bir fərəh oyanır. Qan bağlarımız olmasa da, o bizim doğmamızdır, əzizimizdir. Çaldığı saz havaları, oxuduğu şeirləri indi də qulağımdadır. İndi də o səsi duyuram, eşidirəm. Onunla ünsiyyətdə atam xoşbəxt olurdu. Onun xoşbəxt olması isə bizə dünyaları bəxş edirdi.
Zəlimxan Yaqubla bağlı xatirələrimdən biri qızım Səma ilə bağlı idi. 3, 4 yaşı olardı. Çox şıltaq qızcığaz idi. Maraqlıdır ki, evimizə gələn qonaqların hamısına Səma elə də diqqət yetirməzdi, ancaq Zəlimxan müəllim gələndə Səmada xüsusi maraq oyadardı. Mane olmasın deyə adətən onu gəzməyə aparardım. Amma Zəlimxan müəllim gələndə Səmanı otaqdan çıxarda bilmirdim.(Gülür.) Balaca qızcığaz mahnı oxuyar, nağıllar danışar, bildiyi şeirlərdən deyər və diqqəti öz üzərinə cəlb etmək istəyərdi. Bir dəfə də atamgilin qızğın söhbətin yerində Səma dəcəllik etməyə başladı. Təbii ki, çox utandım. Anam da mənə irad tutdu. Bu dəfə atamın da qaşları çatılmışdı. Səmaya acıqlananda Zəlimxan müəllim qımışdı və dedi ki, uşağın xətrinə dəymə. Səmanı yanəna çağırdı. Sazı sinəsinə basıb, tərif deməyə başladı. Hansı hava üstündə çaldığını unutmuşam. Bircə onu xatırlayıram ki, sazın sehri Səmanı ovsunlamışdı. Səmanın sənətə, sözə aşiqliyini birinci dəfə mən onda duymuşdum. Zəlimxan müəllim barəsində bu mənim yadımda qalan ən maraqlı, kövrək xatirələrdən biridir. Atam dünyasını dəyişəndə onun ailəmizə doğmalığını, bir daha hiss etdim. Aralarında qan bağı olmasa da, ata -bala münasibətinin həqiqi olduğuna bir daha şahidi oldum. Onun atama həsr elədiyi "Ün" poeması bu ayrılıqdan sonra bizim üçün ən böyük təsəlli oldu. Onlar sadəcə haqq dünyasındadırlar. Biz yalan dünyadayıq, onlar haqq dünyasında. İkisinin də məqamı uca, ruhu şad olsun!
Hazırladı: Fuad Biləsuvarlı, AYB üzvü, AJB üzvü, Prezident mükafatçısı
Qafqaz.Media