TEHRAN REJİMİNİN PEZEŞKİAN PROBLEMİ - İran prezidenti Xameneini hədəf alır?
İranda türk oyanışı olacaqsa, Pezeşkianın özünü necə aparacağı məlum deyil
İranda Məsud Pezeşkianın prezident olmasına imkan verməklə fars rejimi qarşıda duran ən azı üç probleminin həllini hədəfləmişdi. Bunlardan birincisi yaranan və inkişaf edən böyük Turan birliyi fonunda İran türklərinə verilən mesajdır. ˝Mən türkəm, övladlarımı evdə farsca danışmağa qoymuram˝ deyən türkü prezident etməklə, İran türklərinə ˝Turana ehtiyac yoxdur, İran sizin öz vətəninizdir˝ deyilir.
İkinci hədəf Qərblə münasibətlərin yumşaldılması və sanksiyaların aradan qaldırılması idi.
Nəhayət, üçüncü hədəf korrupsiya, özbaşınalıqlar və sərt idarəçilik içində boğulan ölkədə daxili islahatlar aparmaq cəhdləridir. Belə ki, müəyyən islahatlar olmadan 21-ci yüzildə belə sərt rejimin ayaqda qala bilməyəcəyini molla rejimi də hesaba alır. Lakin bu hədəflərin hələlik heç birinə çatılmayıb. Səbəblərini araşdırmağa çalışaq.
Türklərə mesaj hədəfi İranın Suriyada aldığı böyük yenilgidən sonra tərsinə çevrilmiş oldu. Fars rejimi bu məğlubiyyəti Türkiyədən aldı. Məğlubiyyətin böyüklüyü fars rejimini elə büdrədib ki, rəsmi Tehran baş vermiş hadisəyə doğru-düzgün reaksiya formalaşdıra bilmir.
SEPAH generalları ˝Əsəd rejimi çürümüşdü, yıxılması qaçılmaz idi˝ deyir, dini lider Xamenei ˝Əsədi sionist rejimi və ABŞ devirdi˝ bəyanatını verir, başda XİN rəhbəri olmaqla rəsmi təbliğat isə ˝Günahkar Türkiyədir! Hədəf türklərdir!˝ təbliğatını dövrəyə buraxırlar. İş o yerə çatıb ki, rəsmi Tehran Türkiyəyə qarşı mübarizədə ABŞ və İsraillə müttəfiqliyi belə rəsmən elan edir. Başqa sözlə, türk Pezeşkianı prezident edərək, İran türklərinin könlünü almaq istəyən fars rejimi, aşkar türk düşməni mövqeyinə keçib. Maraqlıdır ki, antitürk kampaniyasının tüğyan etdiyi belə bir vəziyyətdə Prezident Pezeşkian bu kampaniyaya qoşulmur.
Qərblə münasibətlərin yumşaldılması hədəfi də param-parça oldu. Pezeşkianın prezident olmasından sonra İran, tarixdə ilk dəfə öz ərazisindən İsrailə ballistik raket zərbələri endirdi. Yumşalma cəhdi açıq müharibə ilə əvəzləndi. İndi də ABŞ-nin yeni seçilmiş prezidenti Tramp İranın nüvə obyektlərinə ağır zərbələr endirməyi planlaşdırır.
Prezidentliyinin ilk aylarında Pezeşkian Qərbə ilıq mesajlar göndərərək, Ukrayna müharibəsi məsələsində Rusiya ilə məsafə saxlaya biləcəyinin siqnalını verirdi. Lakin hesablar düzgün yapılmadı və bu gün vəziyyət əvvəlkindən çox daha acınacaqlıdır. Artıq ABŞ-dən yalnız sanksiyalar deyil, ağır aviazərbələr gözlənilir. Nəticə belədir: Qərblə yaxınlaşma cəhdləri yox olub və tam əksinə, İranla Rusiya arasında yüksək səviyyəli strateji müttəfiqlik sazişi gündəlikdədir.
Daxili islahatlar məsələsi də geri çəkilmiş durmdadır. Pezeşkian mürtəce hicab qanununu imzalamaqdan imtina etdi. Buna görə hakimiyyətin müxtəlif qollarından ən sərt tənqid və təhqirlərə məruz qoyuldu. Prezidentin aparmağa çalışdığı antikorrupsiya fəaliyyəti də, əslində rejimin özünə qarşı mübarizəyə çevrilir. Prezident bütün ölkə ərazisində hər gün 18-20 milyon litrə qədər benzinin oğurlandığını deyir və açıq mətnlə elan edir ki, hakimiyyətinin ən yüksək pillələrinin dəstəyi olmadan belə böyük miqyaslı oğurluq həyata keçirilə bilməz.
Ölkədə hakimiyyət tam şəkildə dini liderə məxsusdur. Onun barmağı tərpənmədən heç bir məmur hansısa ciddi addım ata bilməz. Şübhəsiz, hər gün səssiz-sədasız 20 milyon litr benzinin oğurlanması da ən yüksək səviyyədə razılaşdırılmış korrupsiya sxemi olmadan mümkünsüzdür. Bu fəlakətli oğurluq faktı ilə bağlı ölkə prezidenti həyəcan təbili çalır, onun dediklərini dini lider də eşidir, amma səssizliyini qoruyur.
Maraqlıdır, prezident böyük miqyaslı korrupsiya faktını açır və ictimailəşdirir, dini lider isə buna reaksiya vermir. Deməli, bu iri miqyaslı oğurluq ya dini liderin razılığı ilə baş verir, yaxud da o, hakimiyyətin müxtəlif qollarının törətdiyi cinayətlərin qarşısını almaqda acizdir.
Bütün yuxarıda deyilənləri bir sapa düzdükdə belə bir mənzərə yaranır: Sürətlə dəyişən dünyada fars rejimi tipli hakimiyyətin ayaqda qalma imkanları daralır. Belə şəraitdə, milliyətcə türk olan və islahatçı libası geydirilmiş Pezeşkianı prezident etməklə rəsmi Tehran rejimin ömrünü uzatmağa çalışıb. Amma digər sahələrdə olduğu kimi, fars rejiminin bu hesabları da tutmadı. Çünki hesablar reallıqlar üzərində deyil, süni və yalançı özüllər üzərində qurulur. Rejim mahiyyətcə antitürkdürsə, hansısa türkün prezident edilməsi rejimə qarşı türk sevgisini qazandıra bilməz. Rejim iliklərinə qədər korrupsionerdirsə, islahat oyunları cəmiyyəti aldada bilməz və tam əksinə, belə oyunlar son nəticədə rejimin öz əleyhinə çevriləcək. Necə ki, çevrilib.
Üstəlik, Qərblə strateji yaxınlaşma elan edən Pezeşkian indi Rusiya ilə strateji müttəfiqlik imzalayır. Bütün istiqamətlərdə fiasko! Lakin bu, Pezeşkianın deyil, reallıqları heçə sayan fars rejiminin fiaskosudur.
Məsud Pezeşkian boyuna biçilmiş vəzifələrin heç birini reallaşdıra bilmədi. Bu gün o, Tehran rejimi üçün xilaskar deyil, problem olmağa başlayıb. Türkdür, İranda türk oyanışı olacaqsa, Pezeşkianın özünü necə aparacağı məlum deyil. Üstəlik, o, rejimin mürtəce mahiyyətinə etirazları və çılğın antikorrupsiya addımları ilə fars hakimiyyəti üçün ciddi başağrısına çevrilir.
Artıq rejimin problemli prezidentdən xilas olma çabaları da görünür. İranda prezidentlər müəyyən missiyalarla yüklənərək irəli verilir, missiya baş tutmadıqda isə, Stalinin məşhur ˝İnsan yoxdur, problem də yoxdur˝ prinsipi işə salınır. Lakin Pezeşkian türkdür və onun prezident seçilməsi İran türklərində xeyli həyəcan yaratmışdı. Pezeşkianla bağlı hansısa müəmmalı olay baş verərsə, bu, İran türkləri səflərındə partlayışın fitilini yandıra bilər.