Qələbələrimiz kimi, faciələrimiz də keçmişi unutmağa qoymur... - FOTOLAR
1997-ci il, may ayının 15-də Gəncədə qəzaya düçar edilən “Jak-40” təlim təyyarəsində həlak olan 6 pilotu unutmadıq, untmayacağıq!
Dekabrın 25-də “Azərbaycan Hava Yolları” aviaşirkətinə məxsus olan J2-8243 nömrəli Bakı-Qroznı reysini yerinə yetirən “Embraer 190” təyyarəsi Rusiyanın qəfil hücumuna mərzu qaldı. Nəticədə, ciddi zədə alan təyyarəmiz təcili eniş zərurəti ilə bağlı Qazaxıstan istiqamətinə yön alaraq, Aktau şəhəri yaxınlığında qəzaya uğradı. Bu qəza təkcə Azərbaycan xalqını yox, bütün dünyanı silkələdi. Millətindən, dinindən asılı olmayaraq, hər bir əcnəbi vətəndaş xalqımızın dərdinə şərik çıxdı, qəzaya səbəb olan Rusiya tərəfini sərt bir şəkildə qınadı.
Təbii ki, bu faciə ən çox da ölkəmizdə böyük kədərə səbəb oldu. Günahsız insanların faciəli ölümü hər birimizi dərindən sarsıtdı. Təsadüfi deyil ki, qəza zamanı sərnişinlərə təskinlik verməyə çalışan baş bələdçi Hökümə Əliyevanın "hər şey yaxşı olacaq" sözləri hələ də qulaqlarımızdan getmir. Eləcə də qəza nəticəsində təyyarədə olan 67 nəfərdən 38-nin dəhşətli ölümü bu gün də gözümüzün önündədir. Xüsusilə, qəzada həlak olan 23 nəfər azərbaycanlının hər birini oz yaxınımız, doğmamız kimi unuda bilmirik. Məsələn, hər iki valideynini itirən bacı-qardaşın, qızına baş çəkməyə gedən ananın, çörək pulu qazanmağa gedən 26 yaşlı gəncin, o cümlədən təyyarədə tək olan 13 yaşlı Məhəmmədəlinin və s. faciəvi sonu qəlbimizi ağrıtdı. Allah ölənlərə rəhmət eləsin, yaralılara isə şəfa versin!
Əlbəttə, hər bir hadisə, istər faciə, istər də xoş bir anı olsun, keçmişdəki bənzər olayları bir daha xatırladır, illər öncə baş verənləri yenidən göz önünə sərir. Dekabrın 25-də AZAL-a məxsus “Embraer 190” təyyarəsinin qəzaya uğraması da illər öncə baş verən daha bir faciəmizi bizlərə xatırlatdı. Təbii ki, söhbət 1997-ci il, may ayının 15-də qəzaya düçar edilmiş “Jak-40” təlim təyyarəsindən gedir. Hansı ki, Gəncədə yaşanan bu faciə zamanı 6 nəfər gənc pilotumuz - Əliyev Tanrıverdi Qədir oğlu, Həsənov Fərhad Ələddin oğlu, Əliyev Namiq Muxtar oğlu, Abbasov Rauf Faiq oğlu, Cəfərov Valeh Vaqif oğlu, İbrahimov Salman Nazim oğlu dünyasını dəyişmişdi. Bu dəhşətli faciə sonuncu qəzayadək bəlkə də çoxları tərəfindən udulsa da, Gəncə sakinləri heç bir zaman o qəhrəmanların mərdliyini, igidliyini unuda bilmir...
Bəli, 1997-ci il, may ayının 15-də Gəncə şəhərinin üzərini “qara buludlar” almışdı. Şəhəri bir anlıq qorxunc titrəmə sardı. Sanki zəlzələ baş vermişdi. Əslində isə, ağıllara gəlməyən faciə yaşanmışdı. Azərbaycan xalqı həmin gün 6 igidini itirmişdi. Hansı ki, onların hər biri bu gün haqlı olaraq Milli qəhrəman adı verilən “Embraer 190”-nın ekipaj üzvləri kimi, ölümün gözünə dik baxmışdılar. Təyyarə yaşayış binasına çırpılma təhlükəsi yaratsa da, pilotlar heç bir sakinə, heç bir binaya zərər verməmək üçün Gəncə şəhərində yerləşən, köhnə maşın bazarı adlanan əraziyə eniş etməyə çalışmışdılar. Yəni onlar özlərini fəda edərək, mülki əhalini təyyarə qəzasının dəhşətli sonucundan xilas etmişdilər.
Elə onda da bu faciəyə bütün vətəndaşlarımız ağladı. Hər biri həmin 6 nəfəri öz doğması, yaxını bildi. Təsadüfi deyil ki, həmin qəzada həlak olanlar Gəncə şəhərində yerləşən Şəhidlər Xiyabanında dəfn olundular, daha sonra Gəncədəki köhnə maşın bazarı adlanan ərazidə onların abidəsu ucaldıldı. Onların xatirəsi bu günə qədər də qəlblərdə yaşayır, abidələri tez-tez gəncəlilər tərəfindən ziyarət olunur.
Jalə FAMİLQIZI
P.S. İnsan Tanrının yaratdığı ən böyük möcüzədir. Hər kəs öz ömrünü adi qaydada da yaşaya, heç bir iz qoymadan dünyadan gedədə bilər. Amma elə insanlar da var ki, qısa bir ömür yaşayır, lakin unudulmaz əməlləri ilə əbədiyyətə qovuşur. Bununla da özündən sonrakı nəsillərə örnək olur. Bu insanlar vətəni, torpağı, milləti bütün insanlara qəhramanlıqları ilə sevdirməyi bacarırlar. Onlar bir anın içərisində xalqın qəhrəmanına çevrilir, səmalarda məskən salırlar. İstər Gəncədə qəzaya uğrayan “Jak-40” təlim təyyarəsinin, istər də AZAL-a məxsus “Embraer 190”-nın pilotları da məhz belə qəhrəmanlardandır.