Yuxu (hekayə)

08/01/2025 - 20:46

Qafqaz.Media həkim - yazıçı Məlahət Hümmətqızının yeni hekayəsini təqdim edir:

     İlıq bir bahar səhəriydi, günəşin ilk işıqları göy üzünə səpələnmiş nazik
buludların arasından utancaq bir qızın incə təbəssümü kimi görünürdü. Çılpaq
budaqların üzərində qabaran tumurcuqlar ana təbiətin sehrli əlinin toxunuşuyla
açılmağı gözləyirdi. Təzəcə cücərən otların arasından topa-topa bənövşələr baş
qaldırırdı. Al-əlvan çiçəklərin məstedici, şirin ətri aləmə yayılmışdı. Quşlar
çoxsəsli və şən mahnılarını oxuyurdu.
Ancaq bütün bunlar insanoğlunun üzünü güldürməkdə, könlünü şad etməkdə aciz
idi. Bəşəriyyətə elə bir bəla üz vermişdi ki, bu, əlbbəttə, indiyədək görülmüş
bəlalara bənzəmirdi. Bir andaca meydana çıxan və dünyanın dörd bir tərəfinə
yayılan epidemiya insanları evlərində əsir etmişdi. Böyükləri, uşaqları - hər kəsi
qəmgin məyusluq hissi bürümüşdü.
İnsanlıq bilinməz bir düşmənlə üz-üzə idi. Ölümcül virus hər an qapı deşiyindən
belə süzülə, quru bir nəfəslə evin içinə ayaq aça bilərdi. Küçələr səssiz və boş idi,
hərçənd bu səssizlikdən çöldəki təhlükənin soyuq harayı eşidilirdi.

Xəstəxanalar qızdırmadan sayaqlayan, boğulan xəstələrlə dolmuşdu. Palatalarda
süni nəfəs aparatına qoşulmuş, sıxılmış dodaqlarının qanı qaçmış, iradəsi özündə
olmayan ağır bədənləri sadə, monofunksional xəstəxana çarpayısına sərilmiş
xəstələr nümayişkaranə şəkildə göstərilərək onlara baxanları vahimələndirirdi.
Həkimlər kosmanavt skafandrını xatırladan geyimlərdə xəstəxanalara səfərbər
olmuşdular.
Rasim həmişəki kimi səhər yuxudan ağrılarla oyandı. Bütün sümükləri
gizildəyirdi. Beyni dumanlıydı. Hələ də gecə ovucdolusu içdiyi ağrıkəsici
dərmanın təsiri altında idi. Bəxti onda gətirmişdi ki, dərmana qarşı allergiyası yox
idi, yoxsa zəhərlənə, hətta ağzı köpüklənib ölə bilərdi. Amma artıq öyrəncəliydi.
Sanki həb yox, bir ovuc konfet atmışdı ağzına.
Üşüsə də, yerindən qalxa bilmirdi. Cansız, sönük gözlərini ətrafına dikdi. Üstünü
qalın bir şeylə örtmək istəyirdi. Bayırda yaz günəşinin şəfəqləri parıldasa da, onun
otağında qış soyuqluğu vardı. Əlini alnına qoyanda anladı ki, hərarəti yüksəlib,
üstəlik titrətməsi də get-gedə artırdı. Narahat və təlaşlı halda “Birdən virus mənə
də keçər, onda nə edərəm?” – deyə düşündü. Tiftiklənmiş yun adyalı boğazınacan
çəkdi. Əllərini bir-birinə sürtüb isinmək istədi. Lakin üşütməsi keçmədi; dişləri bir-
birinə dəyib şaqqıldayırdı.
Rasim tək yaşayırdı. Arvadı onu ən çətin günlərində, həyatındakı bütün al-
qırmızı sapların qaraya boyandığı bir vaxtda atıb getmişdi. Elə o vaxtdan da özünü
şərabla ovutmağa çalışır, hər fürsətdəcə içib dəmlənirdi.

Özünü sonsuz dərəcədə bədbəxt hesab edirdi. İnsan içinə çıxa bilmirdi. Hər kəs
onu barmaqla göstərir, qulağı eşidə-eşidə “narkoman”, “əyyaş” deyirdilər.
Dəfələrlə sərxoş halda yerə yıxılıb gülünc və xəcil vəziyyətə düşmüşdü. Yenə də
qonşuları ona acımış, yerdən qaldırıb evinə aparmış, yatağına uzatmışdılar.
O isə bu yaxşılığın əvəzində hər kəsə qışqırar, söyər, evdən qovardı.
Bu vəziyyətə düşməyində ən çox anasını günahlandırırdı. Deyirdi ki, əgər anası
onu tək qoyub getməsəydi, hər şey fərqli olardı, tale onu fəlakətli əməllərə sövq
etməzdi.
Əhval adamı idi, tez-tez dəyişir, haldan-hala düşürdü. Anasını xatirindən silmək
üçün bir tanışının gizlicə verdiyi tozu burun pərlərini geniş açıb iyləmişdi. Elə o
gündən də narkotikə yenik düşmüşdü. Əvvəl-əvvəl az miqdarda istifadə edirdi; ən
çox da pərişan olanda, öfkəsinin şiddətli vaxtında narkotik maddələrlə özünü
ovundururdu. Onda hələ arvadı və uşaqları yanında idi. Gecələr yatağında uşaq
kimi ağlayır, anasının xiffətini çəkirdi. Titrəyən əllərində tutduğu anasının şəklinə
baxıb nisgilli, sızıltılı səslə deyirdi: “Məni niyə atıb getdin, ana? İkiniz də məni tək
qoydunuz - sən də, Gülnar da. Mən sənsiz bu gen dünyada necə yaşayacağam? Kaş
mən də öləydim, daha ağrılara dözə bilmirəm”.
Rasim kömür kimi qara gözləri olan qıvrım saçlı, al-qırmızı yanaqlı bir oğlan
idi. Dərslərini yaxşı oxuyurdu, bununla belə, universitetə qəbul ola bilmədi.
Əvəzində məktəbi bitirən kimi məhəllələrində yeni açılmış profilaktoriyada
çilingər kimi işləməyə başladı. Qısa müddətdə buranın mühitinə alışdı, işinin
ustalığına yiyələndi, dostluq, tanışlıq münasibətləri qurdu. Qazancı da pis deyildi.
Bir gün gözləri profilaktoriyanın qarşısındakı daş döşənmiş yoldan keçən mülayim
baxışlı, sakit çöhrəli bir qıza sataşdı və elə həmin andaca ürəyində ona qarşı bir
hərarət alovlandı. Qız da ilk dəfə Rasimi görəndə burnunun altında nazik bığı
qaralan arıq, ucaboy oğlanın qədd-qamətinə, iti baxışlarındakı hökm və
amiranəliyə biganə qalmamışdı.
Onlar ailələrinin razılığı və xeyir-duası ilə evləndi. Arvadının bütün ehtiyaclarını
qarşılamaq üçün qeyri-adi və gərgin fədakarlıqla işə can atan Rasim, axşamlar onu
hərarətli öpüşlərə qərq edir, mənalı, gözəl sifətinə, dalğaların yaladığı daşların səthi
kimi hamar dərisinə heyranlıq və məftunluqla baxırdı. Qadın da ərindən öz
nəzakətini əsirgəmirdi,xoş və məzmunlu söhbətlərlə əyləndirib-şənləndirməyə
çalışırdı.
Ancaq çox keçmədi ki, bu xoşbəxtlik məzhəkəsi tüstü buludu kimi dağıldı.

Hər şeyə baxmayaraq ayağa qalxmaq istədi. “Bir stəkan çay içsəm, düzələr”, -
deyə düşündü. Üstündəki adyalı ehmalca götürdü, çarpayının kənarından yapışıb
dikəldi. Tər və nəmişlik qoxan paltarlarını yerdən götürüb əsə-əsə əyninə keçirdi.

Özünün paltar yumaq əlindən gəlmirdi, yuduzdurmağasa pulu yox idi. Bir vaxtlar
əli pulla oynayırdı, bahalı maşınları təmir edirdi, işində şöhrət qazanmışdı. Qədrini
bilmədi. Avara həyat hər şeyini yel kimi sovurub apardı. Yaxşı ki, qonşu Səmayə
xala vardı. Anasının ən yaxın rəfiqəsi idi. Anası ölüm ayağında ikən bircə oğlunu
Səmayəyə tapşırıb əbədiyyən gözlərini yummuşdu. Səmayə də etibarlı çıxmışdı.
Eşidəndə ki, Rasimin arvadı çıxıb gedib, ona ana nəvazişini əsirgəməmişdi.
Səmayə yaxınlıqdakı məktəbdə xadimə işləyirdi. Axşam düşənə qədər Rasimin
yanında qalır, öz puluyla aldığı ərzaqdan ona dadlı yeməklər bişirirdi. Əri öləndən
sonra evdə tək qala bilmirdi. Övladı olmurdu, ona görə mehrini Səmayənin oğluna
salmışdı. Əlinə nə düşsə, Rasimə gətiridi. Kirli paltarlarını aparıb öz evində
yuyurdu. Hər söz düşəndə isə “Anana borcluyam, bala, vaxilə o, mənə çox kömək
edib, indi mən də öz borcumu qaytarıram” - deyirdi. Hərdənsə Rasimin solğun və
zəif görkəminə, xəstə adamlardakı kimi saralmış sifətinə diqqətlə baxır, ah çəkir,
hüznlü ifadəylə məsləhət verirdi: “Gərək bu zəhrimardan vaxtında uzaqlaşaydın.
Gül kimi ailən heç nədən dağldı. Səni ona dadandıranın evi yıxılsın! İndi də gec
deyil. Gəl səni müalicəyə aparım, sağal, qayıt evinə-eşiyinə. Qaytara bilsən,
arvadını-uşaqlarını qaytar, yox əgər gəlməsələr, ayrı bir halal süd əmmiş tapaq
sənə, onunla evlən. Bu yolun sonu heç də yaxşı olmayacaq”. Rasim ona ana
qayğısı göstərən qonşusunun sözlərini bir qulağından alıb, o birindən buraxırdı.
Əsnəyib yuxulu gözlərini ovuşdura-ovuşdura miskin və səliqəsiz otaqda o baş-bu
başa getdi, axırda yaxınlaşıb pəncərədən eşiyə boylandı. Acı və üzüntülü bir duyğu
ilə damları parıldayan evlərə, izdihamsız küçəyə tamaşa elədi. Gözlərini yumub
ciyərlərini təmiz hava ilə doldurmaq istəsə də, bacarmadı, sinəsi ağrıdı.
Boğazından quru, xışıltılı öskürək qopdu. Sinəsini ha yumruqladısa da, bir xeyri
olmadı. Gecədən masanın üstündə qalan yarısınadək dolu araq şüşəsini başına
çəkib toxtadı. Yenidən pəncərəyə yaxınlaşdı. Birdən ona elə gəldi ki, başdan-başa
uzanan bu nəhayətsiz aləmə sonuncu dəfə baxır. Doğan günəşi, şəhəri, uşaqlarını
bir də görməyəcək, tər-təmiz ilıq havanı udmayacaq. Mızıldanıb köks ötürdü. Həm
də ona görə məyusdu ki, karantin elan olunmuşdu, küçəyə-bayıra çıxa
bilməyəcəkdi, bu isə o demək idi ki, daha iynə tapmaq dənizin dibində alma
tapmaq qədər müşkül olacaqdı. Ürəyində acı-acı gileyləndi: “Səni lənətə gələsən,
karantin, bizi evə zəncirlədin, bütün planlarımı alt-üst etdin. İndi mən malı kimdən
istəyim, necə əldə edim?”
Hirslə hamama keçdi. Ovuclarına doldurduğu soyuq suyu şappıltıyla üzünə çırpdı.
Əlini uzadıb ipləri yeyilmiş üz dəsmalını götürmək istəyəndə gözü səthi ləkələrlə
dolu olan çatlaq güzgüdəki öz əksinə sataşdı. Güzgüdən ona baxan cod saqqallı,
qaşqabaqlı adamı görəndə diksindi. Səksəkəli halda əlini yanmış cili xatırladan
pırtlaşıq saçlarına apardı. Güzgüdəki adam da ara vermədən təkrarladı onu.
Bununla da onun özü olduğuna inandı. Necə də atasına oxşayırdı...
Yumruğunu düyünləyib ağzına apardı. Var gücü ilə dişlərini sıxdı. Sanki bununla
illərlə anasına zülm edən kişini cəzalandırmaq, canını ağrıtmaq istəyirdi. Əlini

ağzından çıxaranda su çanağındakı qırmızı ləkələri görüb təəccübləndi. Bir də
baxdı ki, ovcu qan içindədir. Əlinin qanını yuyub dəsmalı yarasının üstünə basdı.
Boz xovlu, yayları cırıldayan divana sərələnib gözlədi. Ancaq dözə bilmirdi,
bədəni sızıldayırdı. Dikəlib yerində vurnuxdu. Ağrıları get-gedə şiddətlənirdi.
Sifəti ağrı və qəzəbdən əyilmişdi. Lap ilan kimi yerində qıvrılırdı. Qışqırmırdı,
qorxurdu ki, birdən Səmayə xala duyuq düşər, təcili yardım çağırar. Xəstəxanaya
getmək istəmirdi. Onun beynini dəlib ruhuna işləyən bir düşüncəsi vardı:
xəstəxanaya düşsə, onu orada ölənədək saxlayacaqlar. Birtəhər ayağa qalxıb
səbrsizcəsinə dolabı eşələdi. Amma ağrıkəsiciləri qurtarmışdı. Tərslikdən apteklər
işləmirdi. Çölə də çıxa bilmirdi. Artıq dəli olmaq dərəcəsinə çatmışdı. Qollarını,
başını divara çırpırdı. Ağzını tutub bağırdı. Ürəyinin uçunduğunu hiss etdi.
Başında guppultu və küy yarandı. Ev başına hərləndi. Alnında, çənəsində tər
damlaları puçurlandı. Gözləri qaraldı, guppultuyla yerə sərildi.
Yarıqaranlıq tunelin içi ilə gedirdi. Arabir qulağına əcaib səslər gəlirdi. Səslər
gah yüksəlir, gah da alçalırdı.
- Doktor, saturasiyası altmışdır, nəbzi çox zəif vurur. Təzyiqi də aşağıdır! Nə
edəcəyik? – Tibb bacısı təlaşlı halda dedi.
- İlk yardımı burada göstərib xəstəxanaya aparacağıq. – Həkim cavab verdi -
Evdə qoyub gedə bilmərik. Ölə bilər.
- Doktor, onun qollarına baxın! Hər yeri kəsik-kəsikdir. Bu ki...
- Hmm, mən də anladım. Yenə də məcburuq, aparmalıyıq.
Rasim gözlərini açanda özünü boş, işıqlı bir otaqda gördü. Başı hələ də ağrıyırdı.
Nələr olduğunu və buraya necə düşdüyünü anlamağa çalışdı. Anidən qapı açıldı, ağ
geyimli bir adam içəri varid oldu. Rasim həyəcanqarışıq heyrətlə ona baxdı. İlk
dəfə idi ki, belə geyimli adam görürdü. Onun gözündə qalın sağanaqlı eynək,
ağzında maska, əllərində əlcək, əynində skafandr vardı. Naməlum adamın kişi,
yoxsa qadın olduğunu ayırd edə bilmədi.
Çox keçmədi, eyni görkəmdə daha üç nəfər otağa girdi. Rasim qorxub mələfə ilə
üzünü örtdü. Sanki qorxu və dəhşəti təmsil edən qarabasma görmüşdü və mələfəni
üzündən kənar edəndə ətrafındakılar yox olacaqdı.
Otaqdakılardan biri sükutu pozaraq:
- Özünüzü necə hiss edirsiz? - deyə nəzakətlə ona müraciət etdi.
Rasim bu sualı eşidib azacıq sakitləşdi. Ağ geyimli məxluqlar onun dilində
danışırdılar, deməli, onlar da onun kimi ətdən, sümükdən ibarət idilər. Ona görə də
üzünü açıb qısıq səslə soruşdu:
- Bura haradır?

- Siz xəstəxanadasız.- Ona ən yaxın olan adam dedi - Mən sizin həkiminizəm.
Analizlərinizi götürmüşük, cavablarını gözləyirik. Deyin görək, nə
şikayətiniz var? Sizi evinizdən gətirəndə huşsuz vəziyyətdə idiniz.
Evinizdən bir qadın təcili yardıma zəng vurub. O, olmasaydı, bəlkə də, indi
həyatda deyildiniz.
- Hə, sağ olsun, xalamdır. - Rasim hərarətlə dedi - Mənə heç nə olmayıb,bir az
üşütmüşəm. İndi yaxşıyam. Xahiş edirəm, icazə verin gedim.
- Yox, biz sizi evə buraxa bilmərik. Sizdən yaxma götürülüb, neqativ cavab
çıxsa, evə buraxılacaqsınız. İstirahət edin. – Həkim bunları deyib otaqdan
çıxdı. Yanındakılar da onun dalınca getdilər.

Gecə düşmüşdü. Bədirlənmiş ayın parlaq ziyası otağı işıqlandırırdı. Rasimin
ağrıları güclənmişdi. Daha dözə bilmirdi. Səbrsizcəsinə palatada vurnuxurdu. Əl-
qolunu ölçə-ölçə kimisə telefonda hədələyirdi. Səsi xəstəxananın alaqaranlıq,
bürkülü, usandırıcı dəhlizini başına götürmüşdü. Əlindəki stəkanı ağzına aparıb
ikicə qurtuma boşaltdı. Qəzəbində gicgahındakı damar tərpənirdi. Növbətçi həkim
palataya daxil olub onu dilə gətirməyə çalışdı, sakitləşməsini xahiş etdi.
Rasim kükrəyib özündən çıxdı:
- Məni evə buraxın! Elə bu dəqiqə! Yoxsa öləcəyəm.- Bunu deyib vahiməli
səslə hönkürdü.
Həkim yavaşca onun qolundan tutub stula oturtdu.
- Nə olub, niyə belə deyirsiniz, sizi narahat edən nədir?
Stəkanı əlindən almaq istəyəndə Rasim etiraz etdi:
- Əl vurmayın, görürsünüz ki, su içirəm!
- Axı stəkan boşdur.
O, deyəsən, həkimi eşitmədi. Yenə yalvarmağa başladı:
- Doktor, xahiş edirəm, buraxın evə gedim. Mən yaxşıyam.
- Gecənin bu vaxtı sizi necə evə buraxaq? Səbrli olun, səhər açılsın, ərizə
yazarsınız, biz də sənədləşdirib lazım olanı edərik. İndi isə yatın, gecdir.

Növbətçi həkim palatadan çıxdı. Rəhbərliyə zəng vurub baş verənləri bütün
təfsilatı ilə nəql elədi. Onu da dedi ki, xəstə narkomandır və israrla evə getmək
istəyir. Qərara alındı ki, xəstəyə sakitləşdirici iynə vurulsun. Vəziyyəti imkan
versə, ertəsi gün evə buraxılsın.
Rasim sakitləşdiricinin təsiriylə ölgün, sönük gözlərini tavana zilləyib səssiz-
hərəkətsiz dayanmışdı. Onun bu susqunluğu həkimi narahat edirdi. Hiss edirdi ki,
tezliklə nə isə olacaqAmma nə?..
Rasim əlindəki boş stəkanı elə bərk-bərk sıxmışdı ki, az qala cilik-cilik olacaqdı.
Onun niyə belə etdiyini həkim yaxşıca anlayırdı. Belə xəstələr ilə ehtiyatlı olmaq
gərəkdir. Onlar özlərinə xəsarət yetirə və hətta yanlarındakı insana hücum etmək
qəsdində ola bilərlər.
Gecədən xeyli keçmişdi. Həkim yorulub taqətdən düşmüşdü. Addımını zorla
atırdı. Birtəhər palatadan çıxıb xəstəxananın giriş-çıxış qapısına nəzarət edən
mühafizəçilərinə yaxınlaşdı. Məsələni anladıb xəstənin cari durumunu və
qaçacağından ehtiyat etdiyini söylədi, bundan dolayı ayıq-sayıq olmalarını tapşırdı.
Yenidən palataya qayıdanda gördü ki, xəstə yerində oturub fikrə gedib. Ona bir söz
demədən öz otağına keçdi. Tərləmişdi. Eynəyini çıxardı, skafandrının yaxasını
açdı. Qan-tər içində idi, çallaşmış saçları alnına yapışmışdı. Bayırda külək
uğuldayır, yağış yağırdı. Pəncərənin pərdəsini çəkib başını çölə çıxaran kimi yağış
damlaları küləyin təsirilə üzünə çırpıldı. Pəncərəni bağlayıb üz-gözünü sildi.
Kreslosuna çöküb mürgülədi.
Qəflətən otağın qapısı açıldı və içəri girən iri əndamlı, bəstəboy tibb bacısı təlaşla:
- Doktor, yetişin, xəstə özünü doğrayıb. – dedi.
Həkim cəld qaxıb iti yerişlə xəstənin olduğu palataya doğru addımladı. İçəri
girəndə gördü ki, o, yerində yoxdur. Hirsindən coşub “Hanı?” - deyə xəbər aldı.
Tibb bacısı həyəcan içində əli ilə yandakı hamam otağına işarə etdi. Növbətçi
həkim qapıya yaxınlaşanda mühafizəçinin hökmlü səsini eşitdi. “Dur ayağa, nə
hoqqa çıxarırsan, yekə kişisən”.
Məlum oldu ki, xəstə özünü hamamda sındırdığı stəkanın parçası ilə doğrayıb.
Mühafizəçilər duyuq düşən kimi qapını sındırıb içəri daxil olmuşdular. O, al-qan
içində heysiz vəziyyətdə uzanmışdı. Növbətçi həkim tez əyilib onun nəbzini
yoxladı. Xəstənin huşu özündə olmasa da, səsləri eşidir, reaksiya verirdi.
Rasimi palataya aparıb yatağına uzatdılar. Üzərində dərin kəsik izləri olan
qollarını mələfə ilə bərk-bərk sıxıb bağladılar. Çoxlu qan itirdiyindən, ona sistem
qoşub bədəninə maye köçürdülər. Xəstəxananın reanimasiya şöbəsi olmadığına
görə bütün prosedurlar palatada həyata keçirildi. Növbətçi həkim həyəcan və

yorğunluqdan ayaq üstə güclə dayanırdı. Üst-başı, xəstənin yatağı , döşəmə qana
boyanmışdı.
Həkim baş verənlərə görə özünü və tibb bacısını günahlandırırdı. Üzünün hər
cizgisindən qorxu, gərginlik və peşmanlıq yağırdı. Başını hüznlə silkələyib dedi:
- Əgər o, ölsəydi, nə cavab verəcəkdim? Axı mən sənə inanmışdım.
- Tibb bacısı pərişan halda cavab verdi:
- Doktor, vallah, tez-tez qapısını açıb baxırdım. Qəfil səs eşitdim. Elə bil
nəsə yerə düşüb sındı. Özümü içəri atdım. Xəstə hamam otağında qışqırırdı.
Mühafizəçilər qapının cəftəsini qırıb içəri girdilər.
Növbətçi həkim xəstənin biləyindən tutub nəbzini yoxladı. Vəziyyətinin
stabilləşdiyinə əmin olduqdan sonra onu tibb bacılarının nəzarətində qoyub
yorğun-yorğun dəhlizə çıxdı. Telefonla vəziyyəti rəhbərliyə məruzə elədi.
Ardından təcili yardıma zəng vurub xəstəni təcili cərrahiyyə şöbəsinə köçürmək
üçün çağırış etdi.
Rasim gözlərini açmışdı. Başını tərpədib sağa-sola boylanırdı. Həkim onun ən
xırda hərəkətinə belə göz qoyurdu.
Bir neçə dəqiqədən sonra təcili yardım maşını xəstəxananın qarşısında dayandı.
Xərəyə qoyulanda Rasim növbətçi həkimin qolundan tutub mülayimcəsinə dedi:
- Bağışlayın, doktor, özüm də bilmirəm bütün bunlar necə oldu... məni
ölümdən qurtardınız... xahiş edirəm, bağışlayın... bu hadisədən sonra çox
düşünmüşəm. Özümə söz vermişəm, bundan sonra ləyaqətli insan həyatı
yaşayacağam... yuxumda anamı gördüm, mənim taleyim sarıdan yaman
nigaran idi. Ağlayırdı... ona da söz verdim ki, müalicə olunacağam.
Rasimin normal həyata qayıtmaq arzusu, güclü istəyə əsaslanan cəsarəti həkimin
könlünü şad etdi, sanki bütün yorğunluğu bir parça kimi üzərindən sürüşüb düşdü.
- Yeni həyatında sənə uğurlar! - deyib, qolunu ehmalca çəkdi. - Apara
bilərsiniz.
Xəstəxananın əməkdaşları qızğınlıqla gecəki hadisədən danışırdılar. Növbətçi
həkimin otaqdakı tibbi kuşetkaya uzanıb gözlərini yummağı ilə yuxuya getməyi
bir oldu. Oyananda günorta idi. Əynini dəyişib palatanın qarşısından keçəndə ayaq
saxlayıb içəri baxdı. Gözlərinə inana bilmirdi. Rasim qayıtmışdı, stulda əyləşib çay
içirdi...

Məlahət Hümmətqızı, həkim -yazııçı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Şahnaz Şahinin şeiri
04/01/2025 - 09:40
Kuklaçıların bayram sovqatı
30/12/2024 - 04:57
“Qırxdan sonra…”
28/12/2024 - 10:19
Ərzin əşrəfi
21/12/2024 - 20:51
Rəşad Məcidin şeirləri
21/12/2024 - 19:11
Ərzin əşrəfi
21/12/2024 - 05:52
Ərzin əşrəfi
20/12/2024 - 07:43
Şahnaz Şahinin şeirləri
17/12/2024 - 05:24
Kuklaçıların bayram sovqatı
15/12/2024 - 10:20