Azərbaycanlı şairin şeiri Güneydə trendə çevrildi - VİDEO
Cəlal Qurbanov: “O tay, bu tay Azərbaycan” əsəri həsrətdən və böyük bir ümiddən yaranıb
Vətənpərvər mahnıların müəllifi kimi tanınan şair, "Mənim atam qəhrəmandır!", "Mənim oğlum qəhrəmandır!" layihələrinin rəhbəri Cəlal Qurbanovun “O tay, bu tay Azərbaycan” şeiri Cənubda trendə çevrilib.
Qafqaz.media xəbər verir ki, bəstəkar Elçin Cəfərovun şairin sözlərinə bəstələdiyi musiqi və müğənni Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu mahnı Cənubda da böyük izləyici kütləsi qazanıb.
“Cənub dərdi, cənub həsrəti əsrlərdir Azərbaycan xalqının ürəyində dərin sağalmaz yaraya çevrilib. Uzun zaman keçməsinə baxmayaraq, bu həsrət, bu ayrılıq mətin xalqımızın, Cənublu qardaşlarımızın iradəsini, əzmini qıra bilmədi. Hər vəchlə öz dilini, dinini, milli adət və ənənələrini, milli dəyərlərini, mədəniyyətini, ədəbiyyatını qoruyub saxladı”, - deyən C.Qurbanov bildirir ki, bu əsər həsrətdən, nisgildən və böyük ümiddən yaranıb:
““O tay, bu tay Azərbaycan” əsəri də bu həsrətdən, bu nisgildən və böyük bir ümiddən yaranıb. Cənubi Azərbaycanda yaşayan qiraətçi qardaş və bacılarımız mütəmadi olaraq bu şeiri səsləndirir, sosial şəbəkələrdə yayımlayırdılar. İnanın ki, hər dəfə bunu görəndə ürəyimi kədər qarışıq qürur hissi bürüyürdü. Həm ayrıyıq, həm də ayrı deyilik... Ruhlarımızı ayıra bilməyiblər... Ürəyimizi, qəlbimizi, düşüncələrimizi ayıra bilməyiblər... Xalqımız doğrudan da böyük xalqdır...
Yaxın günlərdə Elçin Cəfərovun bu şerimin sözlərinə bəstələdiyi musiqiylə və Mirələm Mirələmovun möhtəşəm ifasıyla bu sözlərə yeni bir can gəldi. Xalq artistlərimiz Natiq Şirinova və dəyərli sənətkarımız Rasim Balayevə bu layihədə iştiraklarına görə ürəkdən təşəkkür edirəm.
44 günlük vətən müharibəsində zəfərə imza atmış Azərbaycan xalqı dünyaya sübut etdi ki, xalqımın qeyrətli oğul və qızları vətən torpaqlarını düşməndən azad etməyi, öz torpağına sahib çıxmağı bacaran bir müzəffər xalqdır. Bizim bu zəfərimiz cənublu bacı və qardaşlarımız üçün bir mayakdır. O gün uzaqda deyildir. Allah xalqımızı qorusun, hürriyyətimizi və dövlətçiliyimizi əbədi etsin!”
Qeyd edək ki, mahnının sözləri aşağıdakı kimidir:
Tarix boyu bir olmuşuq,
Bir anadan doğulmuşuq.
Qurban verib hürr olmuşuq,
Xəzər, Araz, Kür olmuşuq.
Bir bədənik, həm də bir can,
O tay, bu tay Azərbaycan!
Qafqaz.media