İsrail ordusu İordan çayının qərb sahilində antiterror əməliyyatına başlayıb
İsrail Müdafiə Qüvvələri (İMQ) İordan çayının qərb sahilinin şimalındakı Tulkərm şəhərində antiterror əməliyyatına başladığını elan edib. “Report” xəbər verir ki, bu barədə ordunun mətbuat xidmətinin açıqlamasında bildirilir. “Bir müddət əvvəl Yəhudeya və Samariyada (İsrail İordan çayının qərb sahilini belə adlandırır – red.) terrorla mübarizə tədbirləri çərçivəsində İMQ və İsrail Sərhəd Polisi Qüvvələri Tulkərimdə antiterror əməliyyatına başlayıblar”, - məlumatda deyilir. İsrail ordusu həmçinin Fələstinin radikal HƏMAS hərəkatının Tulkərmdəki səhra komandiri Əhəd Əbu Ativinin hava zərbəsi nəticəsində məhv edildiyini açıqlayıb. “Onun məhv edilməsi İsrail ordusunun Samariyanın şimalında terror şəbəkələrinə qarşı həyata keçirdiyi intensiv antiterror əməliyyatlarının bir hissəsidir”, - məlumatda deyilir. Qurumdan qeyd edilib ki, Əbu Ativi ilə yanaşı, daha bir silahlı radikal öldürülüb. Xatırladaq ki, yanvarın 21-də İsrail ordusunun mətbuat xidməti İsrail təhlükəsizlik qüvvələrinin İordan çayının qərb sahilinin şimalındakı Cenin şəhəri ərazisində genişmiqyaslı antiterror əməliyyatına başladığını bildirmişdi. Əməliyyata “Dəmir divar” adı verilib.