Mehriban ƏLƏKBƏRZADƏ - "Bənzərsiz mədəniyyətimizi biz sənətçilər nümayiş etdirməliyik"
Söhbətləşdi: Zemfira MƏHƏRRƏMLİ
Müsahibimiz Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının bədii rəhbəri, rejissor, Əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadədir.
- Mehriban xanım, Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında bədii rəhbər kimi işə başladığınız o ilk gündən fəaliyyətiniz sənətsevərlərdə böyük maraq doğurub. Teatrın bu günü, hazırkı durumu, yaradıcılıq atmosferi barədə fikirlərinizi bilmək istərdim. Siz gəldiniz və ilk olaraq nədən başladınız?
- Əvvəla, onu deyim ki, Akademik Milli Dram Teatrı mənim həmişə doğma teatrım olub. Hələ tələbəlik illərimdə bu sənət ocağında təcrübə keçmişəm, 1988-ci ildə diplom işimi burada hazırlamışam. 25 il bu yaradıcı kollektivdə çalışıb, sonra başqa teatra, az sonra digər teatra baş rejissor təyin olunmuşam. Aradan on ilədək vaxt ötmüşdü.
Son illərdə, mən bu teatra təyin olunanadək burada bir durğunluq ab-havası vardı. Bu, yəqin ki, müəyyən obyektiv səbəblərlə bağlıydı. Müxtəlif rejissorların dəvəti yox idi, səhnə əsərlərinə verilən quruluşlar arasında ciddi fərq duyulmurdu, passiv bir mövqe vardı. Ana teatra qayıdışımda məqsədim, amalım bir dönüş yaratmaq idi. Böyük sənətkarımız Ədil İsgəndərovun vaxtilə bir monumental konsepsiyası vardı, mən isə bütün truppanı ayağa qaldırmaq, çox ağır bir işə qol qoymaq, aktyorların potensial imkanlarını müəyyənləşdirmək qərarına gəldim. Müraciət etdiyim əsər görkəmli ədib, qırğız yazıçısı Çingiz Aytmatovun "Əsrə bərabər gün" romanı oldu. Deyim ki, Ç.Aytmatov mənim gəncliyimin yazarıdır. Hələ orta məktəb illərində həmin əsəri oxuduqdan sonra uzun müddət təsirindən çıxa bilməmişdim. Doğrudur, Y.Səmədoğlunun "Qətl günü" romanı bunun alternativ variant olaraq daha yaxın bir tərəfiydi. Amma hər halda, "Əsrə bərabər gün" kainat və Allah qarşısında insanın sualı və varlığı, "Allah var, onun redaktəsi var" demək idi. "İnsan ona verilən ömrü genetik kodlarını dəyişmədən, etnik təyinatlarını korlamadan yaşamalıdır" deyirdi Ç.Aytmatov. Bu, həyata bir başqa müstəvidən baxış idi. Ədibin ən böyük çağırışı Anabeyt idi.
Adətən, bu böyük əsərə müraciət edəndə trilogiyanın bir hissəsini əsas götürürlər. Mən üçünə də bir yerdə üstünlük verdim. Nəzərə aldım ki, üç müxtəlif müstəvini eyni konsepsiyada vermək lazımdır.
- Teatrı dərindən bilən, ərsəyə gətirdiyi tamaşalarla sənətsevərləri sevindirən, düşündürən Mehriban Ələkbərzadənin ana teatrımızın fəaliyyətinə töhfəsi təkcə bu günün söhbəti deyil. Hələ illər öncə bu sənət məbədində fundamental əsərləriniz tamaşaya qoyulub, alqışlarla qarşılanıb ("Əmir Teymur", "Qatil", "Qatarın altına atılan qadın" və s.). "Əsrə bərabər gün" tamaşasından sonra çox dəyərli bir ödülə layiq görüldünüz...
- Mən bu mükafata Sankt-Peterburq şəhərində, tarixi bir məkanda - Tavriçeski zalda MDB Parlamentlərarası Assambleyasında keçirilmiş Ç.Aytmatov mükafatının təqdimatında layiq görüldüm. Həmin mükafat mənə ədibin "Əsrə bərabər gün" romanını pyesə çevirdiyimə və səhnələşdirdiyimə görə verilmişdi və bundan qürur duyuram.
Yeri gəlmişkən, deyim ki, yazıçının torpaq və yaddaş haqqında bu mükəmməl əsəri üzrə hazırladığım eyniadlı tamaşada 60-a yaxın aktyor rol almışdı. Bəlkə də ilk olaraq, belə ağır işdən başlamaq düzgün deyildi. Amma biz əslində bu səhnə əsərimizdə güc və dəyərə baxmaq istəyirdik. İstənilən halda bu, birinci silkələnmə idi. Başqa sözlə, bunu aktyorların hazırlıq səviyyəsinin sınağı kimi də dəyərləndirmək olar. "Kimin enerji kütləsi nə qədərdir?" sualına da cavab tapmaq istəyirdik. Bu tamaşanı hazırlamaq elə də çətin olmadı. Çünki mən az əvvəl Milli Gənc Tamaşaçılar Teatrında "Kod adı: "V.X.A." adlı daha ağır sənədli dram əsərinə quruluş vermiş, böyük aktyor heyəti ilə qarşıya qoyulmuş missiyanı gerçəkləşdirə bilmişdim.
Düşünürəm ki, Akademik Milli Dram Teatrımız ayağa durdu, yadırğanan bəzi yaxşı cəhətləri bərpa edə bildi. Bundan sonra bir sıra yeni tamaşalar - Anarın "Dantenin yubileyi", Ş.Qurbanovun "Sənsiz" kimi səhnə əsərləri hazırlandı. Rejissor Ərşad Ələkbərovun quruluş verdiyi "Dantenin yubileyi" tamaşasının çox maraqlı, necə deyərlər, teatrın mətbəxini açan rejissor həlli var.
"Sənsiz" Şıxəli Qurbanovun və Tofiq Kazımovun ərsəyə gətirib, doyunca baxa bilmədikləri səhnə əsəri idi. Nə qədər klassik yanaşma olsa da, bir qədər fərqliydi. Bu tamaşa anşlaq oldu, əvvəlkitək sənətsevərlərin sevgisi ilə qarşılandı. Həmin yeni tamaşaya bilet tapmaq olmurdu. Sonra "İblis və..." tamaşasını hazırladıq. Çoxdankı arzumu gerçəkləşdirdim. Bununla da Hüseyn Cavid yaradıcılığına bir daha müraciət etdim. Həmişə demişəm, indi təkrar etməkdən usanmıram: H.Cavid mənim məhvərimdir, onun yaradıcılığını çox sevirəm. Bu, elə-belə, kor-koranə sevgi deyil. Quruluş verdiyim "Afət" və "Əmir Teymur" kimi tamaşalarla böyük şairin ədəbi irsinə istinad etmişəm.
- Repertuar planınızda klassik yazıçıların əsərləri, klassik süjetlər əsas yer tutur. Bunu necə izah edərdiniz?
- Akademik milli teatrlarda daha çox klassik tamaşalara yer verilməlidir. Biz də milli teatrımızda bunu nəzərə alırıq. Çünki hər bir teatrın vizit kartı onun repertuarına və estetikasına uyğun olmalıdır. Bizim kiçik səhnəmiz də var. Bu səhnədə bütün eksperimentlər, yəni avanqard yanaşmalar öz əksini tapır, rejissorlar müasir tamaşalar ərsəyə gətirirlər.
Bölgə teatrlarının Bakı premyerası yeni layihəmizdir. 11 bölgə teatrına paytaxtda, Akademik Milli Dram Teatrının səhnəsində öz tamaşalarını nümayiş etdirmək fürsəti və sevinci verilib. Bu, çox ciddi bir layihədir, hələ də davam edir. Teatrımızın mükəmməl, hətta mən deyərdim, qəliz səhnəsində tamaşa oynamaq, rejissor, aktyor məharətini nümayiş etdirmək həmin teatrlar üçün bir şans olduğu kimi, həm də böyük məsuliyyətdir. Bölgə teatrları ilə layihəmiz çərçivəsində gənc rejissorların təqdim etdikləri tamaşalar arasından seçim edəcəyik. Mart ayında Bakı premyeraları üzrə keçirəcəyimiz nominasiyada seçilmiş tamaşalar, ilk öncə, kiçik səhnəmizdə nümayiş olunmaq şansı qazanacaq. Kiçik səhnədə "doğulan" uğurlu tamaşalar böyük səhnəyə də nə vaxtsa vəsiqə ala bilər.
- Teatrınızı ölkədən kənarda tanıtmaq, təbliğ etmək istiqamətində də mühüm işlər görürsünüz...
- Qarşıya qoyduğumuz məqsədlərdən biri də budur. Biz Rusiya Federasiyası və digər respublikaların akademik milli teatrları ilə memorandum imzalayırıq.
Sankt-Peterburqda İmperator teatrı sayılan Aleksandrinski teatrında "İblis və..." tamaşasının premyerası baş tutdu. Yüksək səviyyədə keçən premyeranın bizə yaşatdığı xoş duyğular, həqiqətən, unudulmazdır. Bizi alqışlarla qarşıladılar, tamaşamıza çox böyük dəyər verildi. Həmin teatrın prezidenti V.Fokin məndən əsəri istədi. Mən vaxtilə Vətən xaini hesab edilmiş, şimaldan cənazəsi gətirilən Cavidin öz həmişəyaşar ədəbi irsi ilə bu gün bir ziya, işıqtək bərq vurduğunu vurğuladım. Peterburqda onlara böyük sənətkar H.Cavidin kimliyini anlatdım. Əsəri rus dilində təqdim etsəm də, bizim səhnələşdirdiyimiz variantı istədilər.
Minskdəki Milli Akademik Dram Teatrı ilə də əməkdaşlıq əlaqələrimiz var. Artıq vizit kartımıza çevrilən "İblis və..." digər səhnə əsərlərimizi Belarus sənətsevərlərinə tezliklə təqdim edəcəyik. Bütün bunlar sənət ocağımızı ana teatr olaraq, ölkədən uzaqlarda tanıtmaq yönündə atılan mühüm addımlardır.
- Ötən müsahibələrinizdən birində demişdiniz ki, yaradıcılıq işləri maraq doğuran, fərqli trend kimi diqqəti çəkən rejissorları teatrınıza dəvət edəcəksiniz...
- Biz bu günlərdə qonağımız olmuş məşhur qazax rejissoru Fərhad Moldağalini xoş təəssüratlarla yola saldıq. O, "Qızıl maska" və "Çexov" festivallarında böyük uğur qazanmış teatr xadimlərindəndir. Tanınmış rejissor tamaşalarımıza baxdı, truppamızla tanış oldu. Fikir mübadiləsi apardıq və birgə əməkdaşlıqla bağlı razılaşma əldə etdik. Məşhur teatr rejissoru Zakiyevlə görüşümüzün də faydalı nəticələri var. Teatrın potensialını qaldırmaq, repertuarda klassik əsərlərin yeni kompozisiya, traktovka ilə yer alması, müasir janrlarda yenidən canlanması, yeni baxış bucağından təqdim olunması da gerçəkləşdirmək istədiyimiz missiyaya aiddir.
Benefis tamaşalarımız da aktyorların bir növ hesabatıdır. Uzun illik səhnə təcrübəsi olan, yubiley yaşını qeyd edən aktyorların baş rolda çıxış etdiyi benefis tamaşaları da sənətsevərlər maraqla qarşılayırlar.
Qarşıda duran əsas məramım: böyük sənətkarlarımız Ə.İsgəndərovun, T.Kazımovun vaxtilə irəli sürdüyü "ana teatr" statusunu qaldırmaq, milli teatrımızın başqa ölkələr üçün bir vizit kartına çevrilməsinə nail olmaqdır. Sankt-Peterburqda olarkən sənət dostlarıma dediyim fikirləri xatırladım: "Müxtəlif ölkələrin sənətsevərləri son vaxtlar hansı teatr tamaşalarına baxıblar, deyə bilmərəm. Bu gün doğma Azərbaycanımız möhtəşəm Zəfəri, hünəri, siyasəti, diplomatiyası ilə yüksəliş pilləsindədir. Bütün bu uğurları dünyaya çatdırmaqda biz - mədəniyyət sahəsinin əsgərləri öz sözümüzü deməliyik. Sankt-Peterburqda iki gün ərzində baş tutan bu tanıtım artıq bizlikdir. Azərbaycanın bənzərsiz mədəniyyətə sahib olduğunu bundan sonra da biz sənətçilər nümayiş etdirməliyik".
- Yeri gəlmişkən, dramaturqla rejissorun yaradıcılıq münasibətləri barədə fikirlərinizi bölüşərdiniz. Axı, mükəmməl yaradıcılıq münasibətindən gözəl tamaşalar ərsəyə gəlir...
- Dramaturq da, rejissor da tamaşaçı ilə dialoqa girir, onun hisslərinə, şüuruna toxunur, təsir göstərir. İkisi bir yerdə, nə əla! Amma ayrı-ayrılıqda da hərəsi bir hədəfdir. Bəzən elə bilirlər ki, dramaturgiya asan bir janrdır, bu janrda əsərlər yazmaq elə də çətin deyil. Biri on əsər gətirir, biri beş, digəri üç... Yazılan bu əsərlər hər hansı oxucu üçün maraqlı ola bilər, nəsə öyrənirsən, maariflənirsən. Amma tamaşada mütləq səhnə nəzərə alınmalıdır. Bunun dramaturji konflikt fazaları, fabulası, ana xətti var, səhnə üçün işlənməlidir. Əsərlərdə hadisələrə yeni baxış sərgilənməlidir. Bunlar tamaşanın onurğa sütunudur. Səhnənin şərtlərindən xəbəri olmayanlar əsər yazırlar, sonra da inciyirlər. Yaşlısı var, cavanı var... Dramaturgiya ciddi məsələdir. Rejissor zəif əsəri səhnələşdirəndə, təbii ki, uğurlu alınmır. Teatr incəsənətin ən çətin, ən intellektual və tamaşaçıya dramaturji onurğa sümüyü ilə yol tapan növüdür. Bəs tamaşaçıya münasibət necə olmalıdır? Teatrda ifadə vasitələri tamaşaçının təxəyyülünə, təfəkkürünə hesablanır. Əgər tamaşaçı Ç.Aytmatovun kim olduğunu bilmirsə, onun əsərin məşhur qəhrəmanı Yedigeyin - Allahı sevəcək və inkar edəcək bir insanın Anabeytdə dəfn olunmaq istəyini anlayacaq qədər informasiyası yoxdursa, milli genetik kodlarından xəbərdar deyilsə, sahiblik hissi yoxdursa, bu əsər onun üçün maraqsız və mənasız olacaq. Yox, əgər bütün bunları bilən, duyan tamaşaçıdırsa, əlbəttə, baxdığı səhnə əsəri onun üçün anlaşılan, qavranılan olacaq.
- İlk ayını yaşadığımız 2025-ci ildə teatrınız tamaşaçıları hansı yeni səhnə əsərləri ilə sevindirəcək? Yəqin ki, bu sırada tarixi və klassik teatr ənənələrindən qaynaqlanan, eyni zamanda müasir trendlərə söykənən tamaşalar da olacaq...
- Hazırda Kamal Abdullanın "Sehrbazlar dərəsi" əsəri üzrə eyniadlı mistik-mifoloji tamaşanın məşqləri gedir. Xalq yazıçısı Elçinin "Baş" romanını təzəcə səhnələşdirmişəm, az sonra bu əsəri də tamaşaya qoyacağıq. Sonra isə "Dədə Qorqud", V.Şeksprin "Kral Lir", B.Vahabzadənin 100 illiyi münasibətilə onun "Göytürklər" dramı və C.Cabbarlının "Aydın" pyesi səhnələşdiriləcək. Bir sözlə, qarşıda görüləsi çox mühüm işlərimiz var.
Qafqaz.Media