ABŞ-da miqrant şagirdlər də həbs edilə bilər
ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi (ICE) əməkdaşları zərurət yaranarsa, təhsil və tibb müəssisələrində sənədsiz miqrantları saxlaya biləcəklər. Axar.az Teleqraf.com-a istinadən xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Trampın sərhəd təhlükəsizliyi və qeyri-qanuni mühacirlərin deportasiyası üzrə təyin etdiyi məsul şəxs Tomas Homan deyib. Jurnalistin "MS-13 (Mara Salvatrucha) dəstəsinin neçə üzvü 14-17 yaşındadır" sualına Homan belə cavab verib: "Çoxu yeniyetmədir". T.Homan bildirib ki, ICE zabitlərinin səlahiyyətləri olmalıdır ki, milli təhlükəsizliyə və ya ictimai təhlükəsizliyə təhdid olduğunu dərk edərlərsə, o zaman həbs edə bilsinlər. Qeyd edək ki, MS-13 kimi tanınan “Mara Salvatrucha” 1980-ci illərdə Los-Ancelesdə, Kaliforniyada yaranmış beynəlxalq cinayətkar dəstədir. Əvvəlcə dəstə Salvadorlu immiqrantları Los-Anceles bölgəsindəki digər dəstələrdən qorumaq üçün yaradılmışdı. Zaman keçdikcə dəstə daha ənənəvi cinayətkar təşkilata çevrildi.