Şahlar Məmmədov : Rusiyalı həmkarlarımızın fikrincə,bu, bizim görə biləcəyimiz iş deyilyildi

27/12/2024 - 08:29

“Bilirsiniz, DDLA-də o qədər şeylər var ki,  bunların  hamısını  kitaba, dəftərə  yazmaq olmur və  bu onlara  sığışmaz da. İşlərin  normal  yaxşı  getməsi üçün  yerlərdə  kifayət qədər təcrübəyə və savada malik  mütəxəssislər və işin əhilləri oturmalıdırlar”.

Kaptan  Şahlar Məmmədov adı azərbaycanlı dənizçilər üçün doğmadır, çoxları onu tanıyır, hörmətini saxlayır, haqqında xoş sözlər deyir və nümunə göstərirlər.

Uzun müddət Azərbaycan Xəzər Dəniz Gəmiçiliyində işləyib, Azərbaycan Dövlət Dəniz Administarsiyasının, indiki Dövlət Dəniz və Liman Agentliyinin rəhbərliyində təmsil olunub. Bu təşkilat  dövlətin əhəmiyyətli strukturunu yaradanlardan biridir. Şahlar müəllim haqqında çox danışmaq olar. Müəllifi olduğum “Dənizçi həyatı” kitabında onun həyat yolu, dənizçilik həyatı ilə bağlı etdiyim müsahibədə geniş bəhs edilib.

Qısaca, Şahlar müəllim haqda geniş təqdimata ehtiyacı yoxdur, onun adı özü özünü təqdim edir. Diqqətli oxuculara onunla etdiyimiz müsahibəni təqdim edirik:

Şahlar müəllim, bu gün görəvi dənizçiliklə bağlı olan təşkilatımızın, Dövlət Dəniz və Liman Agentliyinin durumu necədir? Müşahidələr və Beynəlxalq dənizçilik təşkilatlarının adı çəkilən dövlət qurumumuza münasibətlərində bir qədər loyallıq, etmadsızlıq duyulur. Sizcə bu nə qədər ədalətlidir?

 

-İlk olaraq qeyd etməliyəm ki, bütün beynəlxalq təşkilatlar   könüllü  təşkilatlardır. Onların  əsasnamələri  var,  və  həmin əsasnamələrin də  əsasında  fəaliyyət  göstərirlər. O cümlədən dənizçilik sahəsinə aid  olan Beynəlxalq Dəniz Təşkilatı, Beynəlxalq  Əmək Təşkilatı  və  sairələrin qəbul etdiyi konvensiyalar, məcəllələr, qətnamələrin  heç biri heç  bir  ölkə üçün  məcburi  deyil  və  tövsiyə  xarakteri  daşıyır.

– Yəni, adlarını çəkdiyiniz və çəkmədiyiniz təşkilatların qəbul etdiyi konvensiyalar, qərar və qətnamələr, irad və qüsurlar, aşkarlanan nöqsanlar DDLA-nın işlərinin yenidən qurulmasına, bu konvensiyaların tələblərinə etinasız yanaşmasına əsas verir?
– Əlbəttə belə deyil.  Həmin konvensiyalar, məcəllələr, qətnamələr  ölkələr  tərəfindən prosedurlara uyğun olaraq ratifikasiya edilib  qəbul ediləndən  sonra, yuxarıda sadalananlar  həmin  ölkələr üçün də qanuni  olur və  yerinə  yetirilməsinə  məsuliyyət  daşıyırlar. Artıq həmin ölkədə o sahə ratifikasiya olunan konvensiyalar, məcəllələr, qətnamələrlə  nizamlanır və  beynəlxalq ekspertlər ona  uyğun audit  aparırlar. Burada  artıq  bu sahədə  ikinci  yerli  qanuna  ehtiyac  yoxdur. Cünki  bir  sahənin ikili   yoxlanması  yolverilməzdir.

Dövlət Dəniz və Liman Agentliyi 2022-ci ilin ən yaxşı müəssisələrindən biri olub

-Belə başa düşülür ki, Beynəlxalq Təşkilatların qərarlarına riayət etməmək olar.

– Xeyir  olmaz, əgər  qəbul edilibsə.  Amma konkret olaraq belə deyək,  heç bir  Beynəlxalq  Təşkilat  hər hansı  bir  ölkənin  daxili  işlərinə  qarışmır, bu o ölkənin  öz  daxili  işidir. Yalnız bir  şey var, əgər siz  artıq o təşkilatın  üzvüsünüzsə  bu sahədə öz işinizi beynəlxalq səviyyədə qəbul olunmuş konvensiyalara, məcəllələrə, qətnamələrə və illərlə yığılmış beynəlxalq təcrübələrə əsasan qurmalısınız. Əgər  qurmursunuz,  bu sizin öz  işinizdir, amma bu sizi yavaş-yavaş beynəlxalq səviyyədə  nüfuzdan  salacaq – bu qədər  sadə.

  -Axı dənizçilik sahəsində fəaliyyət göstərən bütün təlim-tədris mərkəzləri, təhsil və praktik işlər BDT-nın tövsiyələri və tələbləri çərçivəsində edilir.    

– Məlumdur ki, hər  hansı bir  ölkədə dənizçilik  sahəsində  fəaliyyət  göstərən bütün Təlim-Tədris Mərkəzləri (TTM) Dənizçilərin DHDNÇ/STWC Beynəlxalq Konvensiyaya (Dənizçilərin Hazırlanması, onlara Diplom verilməsi və Növbə Çəkmələri haqqında  1978-ci il tarixli əlavələr  edilmiş Beynəlxalq Konvensiyaya  (DHSNÇ BK- 1978))   uyğun olaraq o ölkənin Dəniz  Administrasiyası tərəfindən  yoxlanılır və  bundan  sonra  həmin TTM-də  hazırlıq  kurslarının  adı çəkilən  konvensiyaya müvafiq  olaraq  aparılması haqqında  uyğunluq şəhadətnaməsi (administrasiya tərəfindən  tanınma) verilir. Dəniz Administrasiyasının bu tanınmadan  sonra  həmin  TTM-lərin  siyahısını öz  saytında dərc edir və müvafiq  Beynəlxalq  Təşkilatlara hesabat  zamanı  və ya audit  zamanı  təqdim edilir. Artıq bundan  sonra  bu TTM-lərin  ikinci  bir  tanınmaya ehtiyacı olmamalıdır və olmur da.  Onlar sərbəst  fəaliyyət  göstərir və  hazırlıq kurslarının  sonunda  aidiyyəti  üzrə  Qiymətləndirmə aparılır və müvafiq  sertifikatlar verir. Bu TTM-lərdə  hazırlıq kurslarının  sonunda  imtahan deyil, Konvensiyaya və BDT/İMO Model kurslarına uyğun olaraq Assesment/Qiymətləndirmə (İmtahan ingilis dilində “Examination” yazılır) aparılır ki, bu da qiymətləndirməyə ayrılan 2 saat hazırlıq kurs proqramlarının ümumi saatına daxildir.  Budur konvensiyanın  tələbi  və  beynəlxalq  təcrübə.

Foto

Bizdə də aparılan bu fəaliyyətin BDT/İMO-ya DHDNÇ/STWC Beynəlxalq Konvensiyaya uyğunluğu üçün İMO-nun üzv ölkələrinin, eləcədə qonşu ölkələrin təcrübələrinə  baxmaq  lazımdır,  necə deyərlər, nə isə  icad etməyə ehtiyac  yoxdur. İndi zamanın  nəbzini tutub qabağa  getmək  vaxtıdır və agentlik qabaqcıl  beynəlxalq  təcrübələrlə məşğul olmalı  və  bu sahədə olan  Beynəlxalq  Təşkilatların  yeniliklərini həyata keçirməyə  çalışmalıdır.

 

-Şahlar müəllim, yenilikləri həyata keçirməyə çalışılmalıdır, deyirsiz, nədir ləng olan, həllini tapmayan məsələlər?

 

-Mənim  yaxşı  yadımdadır  ki, biz Dəniz  Administrasiyanı (indiki DDLA)  yaradanda  bütün  qonşu  ölkələrin dəniz administrasiyalarında  olduq və lazımı  məlumatları  aldıq. Amma Rusiyanın Sankt-Peterburq şəhərində olanda  kinayə ilə nümayəndələrimizə dedilər ki, “Dəniz  administrasiyasını  yaratmaq nəyinizə lazımdır,  elə  əvvəlki kimi,  bu  işi bizə  həvalə edin,  canınız  da əzab-əziyyətdən qurtarsın”.

Rusiyalı həmkarlarımızın fikrincə, bu, bizim görə biləcəyimiz iş deyildi. Mən  o  zaman  çox  pis oldum və  dedim  ki, bizə görə narahat olmayın  biz  bu işi gözəl  formada quracağıq.

Biz  işimizi  dənizçilik sahəsində olan Beynəlxalq  Təşkilatlarla yüksək səviyyədə və o dövrün beynəlxalq  təcrübəsinə uyğun olaraq  qurduq, mütəmadi olaraq o təşkilatlarla əlaqə  saxlayaraq birgə aidiyyəti üzrə  kurslar  təşkil etdik, təlimlər keçirdik. Hətta bütün bunları digər Xəzəryanı  ölkələr üçün də  təşkil etdik.

 

Bəs indi necədir vəziyyət?

 

– Əfsuslar  olsun  bu  gün   heç bir əsasa  söykənməyən, beynəlxalq  təcrübəyə uyğun olmayan və ya zidd olan  hər hansı  bir   yenilik  görəndə,  rusların kinayə ilə dediyi o  sözlər  yadıma  düşür.

 

-Şahlar müəllim, son vaxtlar Beynəlxalq Dəniz Təşkilatından, eləcə də digər təşkilatlardan gələn xəbərlər sırasında yeni dənizçi nəslinin yetişdirilməsində haqqımızda xoş olmayan fikirlır də yer alır. “Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” tövsiyədə beynəlxalq təcrübədə nələr var?

 

-“Dənizçilərin hazırlanmasına, onlara diplom verilməsinə və növbə çəkməyə dair” DHDNÇ/STWC Beynəlxalq Konvensiya uyğun sertifikatların  verilməsinə dair aşağıda göstərilən  ölkələrdə  BDT/İMO  və  beynəlxalq  təcrübəyə uyğun olaraq prosedur  belədir.

 

  1. Ukrayna:
  • Konvensiyaya uyğun olaraq  bütün  diplomlar, təsdiqnamələr, dənizçi pasportu  liman kapitanı (kapitan  port) tərəfindən   verilir;
  • Bütün hazırlıq  kursları sertifikatları  kursu  təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM)  tərəfindən  verilir;

Dəniz  Administrasiyası liman kapitanı və TTM  mərkəzləri  tərəfindən verilən  məlumatlar  əsasında  onların  reyestrini  aparır.

 

  1. Rusiya:
  • Konvensiyaya uyğun olaraq  bütün  diplomlar, təsdiqnamələr, dənizçi pasportu  liman kapitanı tərəfindən   verilir;
  • Bütün hazırlıq  kursları sertifikatları  kursu  təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM)  tərəfindən  verilir;

Dəniz  Administrasiyası liman kapitanı və TTM  mərkəzləri  tərəfindən verilən  məlumatlar  əsasında  onların  reyestrini  aparır.

 

  1. Türkiyə:
  • Konvensiyaya uyğun olaraq  bütün  diplomlar, təsdiqnamələr, dənizçi pasportu  liman kapitanı ( liman kapitanı Dəniz Administrasiyasının tabeçiliyindədir) tərəfindən   verilir;
  • Bütün hazırlıq  kursları sertifikatları  kursu  təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM)  tərəfindən  verilir;

Dəniz  Administrasiyası tabeçiliyində İstanbulda xususi bir qurum var, liman kapitanı və TTM  mərkəzləri  tərəfindən verilən  məlumatlar  əsasında  onların  reyestrini  aparır.

 

  1. Litva:
  • Konvensiyaya uyğun olaraq  bütün  diplomlar, təsdiqnamələr, dənizçi pasportu  liman kapitanı  tərəfindən   verilir;
  • Bütün hazırlıq  kursları sertifikatları  kursu  təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM)  tərəfindən  verilir;

Dəniz  Administrasiyası  liman kapitanı və TTM  mərkəzləri  tərəfindən verilən  məlumatlar  əsasında  onların  reyestrini  aparır.

 

  1. Bolqarıstan:
  • Konvensiyaya uyğun olaraq  bütün  diplomlar, təsdiqnamələr, dənizçi pasportu  liman kapitanı tərəfindən   verilir;
  • Bütün hazırlıq  kursları sertifikatları  kursu  təşkil edən Təlim-Tədris Mərkəzləri (TTM)  tərəfindən  verilir;

Dəniz  Administrasiyası  liman kapitanı və TTM  mərkəzləri  tərəfindən verilən  məlumatlar  əsasında  onların  reyestrini  aparır.

Bütün  TTM-lər  Administrasiya (Azərbaycanda bu qurum Dövlət Dəniz və Liman Agentliyi adlanır),  (Dövlət səlahiyyət verdiyi hər hansı bir qurum)  tərəfindən  tanınmalıdır  və İMO-ya  təqdim olunan məlumatlara da  daxil edilərək  Administrasiyanın  internet  saytına qoyulmalıdır  və Administrasiya isə  zaman-zaman, mütəmadi olaraq həmin  TTM-də konvensiyanın  tələblərinə uyğun olaraq yoxlamalar  aparmalıdır.

Şahlar müəllim, dünya dənizçilik təcrübəsindən az-çox bəhrələnmiş, təcrübələri olan dənizçilərimizin də, elə sizin də indi dediklərinizdən məlum olur ki, bu istiqamətdə DDLA gərəkən addımları atmır, yaxud yenilənməyə doğru yeni islahatlara imza atmaqda ləngiyir. Kifayət qədər təcrübəsi olan, Beynəlxalq Dəniz Təşkilatının konvensiyaları qətnamə və qərarları ilə bilgili olan mütəxəssis kimi, təklifiniz nədir, DDLA nəyi düz etmir, yaxud nəyi etməlidir?

– Sözün  açığı  məni  Agentliyin işləri maraqlandırmır, məni sadəcə olaraq dənizçilərimiz və bu gün dənizçilik sahəsində respublikamızın beynəlxalq səviyyədəki vəziyyəti maraqlandırır və istəmirəm ki,  bizim  səviyyəmiz  əvvəlkindən  aşağı  düşsün. Həqiqəti  bilmirəm, amma kənardan görünüşlərə  görə yetərincə mütəxəssis  yoxdur və beynəlxalq  təcrübələrdən də uzaqlaşırıq. Bü  gün orada olan az sayda  dənizçilərimiz  savadlıdırlar və  çalışırlar  nəsə eləsinlər, amma deyəsən onlar yetərincə  yetgili deyillər və  beynəlxalq səriştələri kifayət qədər deyil. Həqiqətini bilmirəm, amma bizə görə kənardan işlər  beynəlxalq  təcrübələrdən  uzaqlaşır ki, bu da  yaxşı hal deyil.  Sonra  dənizçilərimiz beynəlxalq arenada boş qalacaqlar.

Bilirsiniz,  bir  şey  yadıma düşdü, bir dəfə İMO-nun audit  yoxlaması  zamanı auditorlardan  biri  mənə belə  dedi:  “Şahlar  kapitan,  biz  dənizçilərimizi qısa kurslar təşkil edərək  maliyyəçi, liman dövlət  müfəttişləri, hüquqşünaslar  və sairə sahil  işçiləri edirik,  amma  onları dənizçi eləməyə  çalışmırıq,  çünki bu  düzələn iş deyil  həddən  artıq  çox  vaxt tələb edir ki, bu da tezliklə və keyfiyyətlə olan  şey deyil.

Bir  şeyi  xüsusilə qeyd edim ki, istənilən ölkə  bütün konvensiya, məcəllə və qətnamələri qəbul etməkdə  sərbəstdir, amma  əgər   beynəlxalq  sulara  çıxmaq istəyirsinizsə,  o zaman  probleminiz  yarana bilər. Konvensiyaları qəbul edən ölkə konvensiyaları qəbul etməyən ölkələrin gəmilərini   sularına  daxil olmağa icazə vermirlər. Bilirsiniz,  o konvensiyalarda və qərar və qətnanmələrdə  elə qədər şeylər var ki,  bunların  hamısını  kitaba, dəftərə  yazmaq olmur və  bu onlara  sığışmaz da. İşlərin  normal  yaxşı  getməsi üçün  yerlərdə  kifayət qədər təcrübəyə və savada malik  mütəxəssislər və işin əhilləri oturmalıdırlar.

-Şahlar müəllim, Sizə təşəkkür edirəm ki, vaxt ayırıb dənizçilərimizin maraqları daxilində olan bəzi sualları cavabladınız.  “Dənizçilərə Sosial Dəstək” İctimai birliyi və Müstəqil.Az saytı olaraq dənizçilərimizin ümumi işləriindəki problemlərin həlli yolunda sizlərin məsləhət və fikirlərinizə müraciət edəcəyik.
-Siz sağ olun ki, dənizçilərimizin maraqlarına xidmət edirsiniz. Müraciətinizi isə daima cavablandırmağa hazıram.

Söhbətləşdi: Faiq BALABƏYLİ,

“DSD” İB-nin idarə heyətinin sədri,

“Müstəqil.Az saytının baş redaktoru, gəmi kapitanı

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ