Naxçıvan Onkoloji Mərkəzinə yeni avadanlıqlar alınıb

27/12/2024 - 18:24

Naxçıvan Muxtar Respublikasının Onkoloji Mərkəzində müasir tibbi texnologiyaların tətbiqi ilə bağlı əhəmiyyətli yeniliklər edilib. Muxtar Respublikanın Səhiyyə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, nazirlik tərəfindən mərkəzə yeni avadanlıqlar alınıb. Onkoloji kimyaterapiya dərmanları hazırlayan cihaz bu dərmanların düzgün dozada hazırlanmasını təmin edərək xəstələrin müalicəsində dəqiqliyi artırır. Cihaz dərmanların qarışdırılması və hazırlanması prosesində təhlükəsizliyi və nəzarəti də təmin edir. Volumetrik infuzion pompa isə dərmanların xəstəyə müvafiq sürətlə və dəqiq dozada infuziya edilməsini asanlaşdırır. Cihaz uzun müddət davam edən müalicələr zamanı dərmanların vaxtında və düzgün miqdarda verilməsini təmin edərək müalicənin effektivliyini və təhlükəsizliyini artırır. Ümumiyyətlə, mərkəzdə bu avadanlıqların istifadəyə verilməsi kimyaterapiya xidmətlərinin beynəlxalq standartlara uyğun həyata keçirilməsinə şərait yaradır. Bu yeniliklər həm də xəstələrin müalicə prosesini daha rahat və səmərəli edir. Qeyd edək ki, mərkəzə onkoloji xəstələrin müalicəsi zamanı istifadə olunacaq xüsusi kimyaterapiya kresloları da alınıb. Bu kresloların yaxın aylarda istifadəyə verilməsi planlaşdırılır.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir tiktoker həbs olundu
27/12/2024 - 14:33
Hərbçimiz minaya düşdü
20/12/2024 - 18:35