TƏYYARƏMİZİ RUSİYA VURUB! - "Təyyarənin rabitə sistemi tamamilə iflic edilib..." - VİDEO / Yenilənib

26/12/2024 - 20:09

İstintaqın ilkin nəticələrinə əsasən müəyyən edilib ki, Bakı-Qroznı marşrutu üzrə hərəkət edən “Azərbaycan Hava Yolları”na məxsus təyyarə Rusiyanın “Pantsir-S” hava hücumundan müdafiə sistemi tərəfindən Qroznı şəhərinə yaxınlaşarkən hücuma məruz qalıb.

Qafqaz.media  xəbər verir ki, bu barədə "Caliber.az" redaksiyası etibarlı hökumət mənbələrindən məlumat əldə edib.

Bildirilir ki, Rusiya tərəfinin radioelektron mübarizə (REM) sistemlərindən istifadəsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic olub. Məhz bu səbəbdən təyyarə Rusiya hava məkanında radarlardan itib və siqnal yalnız Xəzər dənizi akvatoriyası rayonunda bərpa edilib.

Məlumatda daha sonra qeyd edilir: “Üstəlik, Rusiya tərəfinin elektron mübarizə sistemlərindən istifadə etməsi nəticəsində Azərbaycan təyyarəsinin rabitə sistemi tamamilə iflic vəziyyətinə düşüb. Məhz bu vəziyyətə görə təyyarə Rusiya aviasiya məkanında radarlardan itib, yalnız sonradan Xəzər dənizi hövzəsində görünüb.

Qeyd edək ki, Rusiya mənbələrinin məlumatına görə, Çeçenistan ərazisi üzərində uçuş zamanı Rusiyanın hava hücumundan müdafiəsi Ukrayna PUA-larını vurmağa cəhd edib. Belə ki, Çeçenistan Respublikasının Təhlükəsizlik Şurasının rəhbəri Həmzət Kadırov dekabrın 25-i səhər Qroznıda pilotsuz təyyarə hücumu faktını təsdiqləyərək, itki və dağıntıların olmadığını qeyd edib. Bu halda Rusiya tərəfi öz hava məkanını mülki təyyarələr üçün bağlamaq məcburiyyətində olsa da bunu etməyib. Niyə Çeçenistan üzərində uçuşa qadağa zonası elan edilmədiyi böyük sualdır.

Bildiyiniz kimi, Qroznı hava limanı təyyarənin enişinə icazə verməyib. Üstəlik, bizim uçuş heyətinə Mahaçqala və Mineralnıye Vodı hava limanlarına da eniş icazəsi verilməyib. Hava hücumundan müdafiə atəşinə və elektron döyüş sistemlərinin təsirinə məruz qalan təyyarənin yönünü itirmiş ekipajı Qazaxıstanın Aktau şəhərinə yönləndirilib. Bu tövsiyənin bir məqsədlə verildiyini güman etmək olar: təyyarə Xəzər dənizinə düşəcək, bütün şahidlər öləcək, təyyarə isə batacaq. 

Bununla belə, qeyd edirik ki, bu, bizim fərziyyəmizdir. Rusiya mediasında yayılan alternativ versiyalar ictimai rəyi çaşdırmaq məqsədi daşıyır. Təyyarənin içindən olan videogörüntülərdə iki sərnişinin qəlpələrdən yaralandığı görünür. Hava gəmisində eşidilən partlayışlarla bağlı ifadələr də daxil olmaqla, bütün deyilənlər hava hücumundan müdafiə sisteminin fəaliyyətinə işarə edir.

Araşdırmada iştirak edən Azərbaycan tərəfi üçün vəziyyət tamamilə göz qabağındadır. Heç kim bunun qəsdən edildiyini iddia etmir. Bununla belə, Bakı müəyyən edilmiş faktları nəzərə alaraq, Rusiya tərəfinin Azərbaycan təyyarəsinin vurulduğunu etiraf edəcəyini, Azərbaycan xalqından rəsmi üzr istəyəcəyini və hərtərəfli araşdırma aparacağını, hadisəyə görə bütün məsuliyyət daşıyanların cəzalandırılacağını gözləyir”.

Azərbaycan hakimiyyət orqanlarındakı mənbəyə istinadən “Euronews” da bəyan edib ki,  təyyarə qəzasına səbəb Rusiya raketi olub: "Azərbaycan Hava Yolları”na məxsus sərnişin təyyarəsinin Aktau yaxınlığında qəzaya uğramasına səbəb Rusiyaya məxsus raket olub".

Mənbə bildirib ki, raket Qroznı üzərində pilotsuz uçuş aparatı ilə hücum təhlükəsi olduğu zaman buraxılıb.

Qeyd olunub ki, Rusiyanın hava hücumundan müdafiə vasitələri tərəfindən buraxılan raket hava gəmisinin yaxınlığında partladıqda qəlpələri təyyarəni zədələyib.

Məlumata görə, pilotların təcili enişlə bağlı müraciətlərinə baxmayaraq, zədələnmiş təyyarəyə Rusiyanın hava limanlarında yerə enməyə icazə verilməyib və heyətə Xəzər dənizi üzərindən Aktau istiqamətində getməsi bildirilib.