KREMLİN BAKIDAKI “RUS EVİ” SANCISI – Moskva Azərbaycana qarşı kampaniyaya Primakovun nəvəsini də qoşub

29/01/2025 - 10:50

Son dövrlər Azərbaycan mətbuatında Rusiyanın ünvanına səsləndirilən haqlı tənqidlər deyəsən, hədəfə dəyib. Kremlin bu tənqidlərə verdiyi reaksiya isə daha çox “soğan yeməmisən, için niyə göynəyir” məsəlinə uyğun gəlir…

Məlum olduğu kimi, Azərbaycan mətbuatında gedən son yazılardan və reportajlardan sonra Azərbaycanın Rusiyadakı səfiri Rusiya XİN-ə çağırılıb və bizim bəzi mətbu orqanlar bunu “malalamağa” çalışsalar da, səfirimizə faktiki olaraq, nota təqdim edilib. Rusiya Xarici İşlər nazirinin müavini Mixail Qaluzin səfir Rəhman Mustafayevə deyib ki, son günlər Azərbaycan mətbuatında Rusiyaya qarşı yayımlanan yazılar, eləcə də Bakıda fəaliyyət göstərən “Rus Evi”nə qarşı aparılan kampaniyalar” narahatlıq doğurub. Nazirlik bu yazıları dezinformasiya adlandıraraq, ittihamların guya heç bir əsasının olmadığını qeyd edib.

 

 

“Qatığa qara deməyə” adət edən və bütün tərəfdaş hesab etdiyi ölkələrdən də buna “amin” deməyi tələb edən Rusiyanın Azərbaycan səfirinə nota verməsi bir tərəfdən siyasi-diplomatik həyasızlığın, digər tərəfdən də acizliyin göstəricisidir. Çünki Azərbaycan mətbuatında Rusiyaya qarşı haqlı tənqidlərdən “içi göynəyən” Kreml nədənsə Rusiya mediasında, mərkəzi telekanallarında uzun ilərdir davam edən, Azərbaycan təyyarəsinin vurulmasından və rəsmi Bakının buna məntiqli reaksiyasından, etirazlarından sonra daha da şiddətlənən və hətta təhqir həddinə çatan anti-Azərbaycan təbliğatını görmür, kordur. Bu, Kremlin idbar təbliğat maşınının artıq öyrəşdiyimiz həyasızlığıdır. Ancaq Azərbaycan tərəfi nədənsə Rusiya səfirini çağırıb, ona bu barədə nota vermir, hansı ki, bunun da vaxtı çoxdan çatıb…

Belə görünür ki, mətbuatımızda gedən yazılarla bərabər xüsusilə Bakıdakı “Rus Evi”-nə dair reportaj və oranın casus yuvası olduğuna dair fikirlər Kremli daha çox qıcıqlandırıb. Bu, bir daha hədəfin düzgün seçildiyini göstərir.

Bu arada “Rus Evi”nin adının çəkilməsinə kəskin reaksiya verənlər arasında zamanında Azərbaycana qarşı olduqca ziyanlı, ermənipərəst mövqeyilə seçilmiş, 20 yanvar qırğınının əsas təşkilatçılarından biri, Rusiyanın Xarici Kəşfiyyat Xidmətinin direktoru, Xarici İşlər naziri, Baş naziri vəzifələrini tutmuş, Rusiya şovinist və imperiyaçı ideologiyasının əsas simalarından biri sayılan Yevgeni Primakovun nəvəsi də var. Qeyd edək ki, babasının adını daşıyan və yolunu gedən Yevgeni Primakov yüksək rəsmi vəzifə tutur. O, Rusiyanın MDB, Xaricdə Yaşayan Həmvətənlər və Beynəlxalq Humanitar Əməkdaşlıq üzrə Federal Agentliyinin rəhbəri, üçüncü dərəcəli dövlət müşaviridir.

 

 

Həmin bu nəvə Primakov bəyanat yayıb ki, Azərbaycan media orqanlarını “Rus Evi” ilə bağlı materiallara görə məhkəməyə verəcəklər və artıq iddia ərizəsi hazırlanıb. Əlbəttə ki, Rusiyanın timsalında prezidenti Beynəlxalq Məhkəmə tərəfindən cinayətkar kimi axtarışa verilən bir ölkənin iri ranqlı məmurunun başqa bir ölkənin mediasını məhkəmə ilə hədələməsi də ayrıca bir maraqlı təhlil mövzusudur…

Maraqlıdır ki, Primakov öz bəyanatında eyni ittihamların Almaniya mətbuatı tərəfindən həmin ölkədəki “Rus Evi”-nə qarşı da səsləndirildiyini xatırladıb və buna görə alman mətbu orqanlarını məhkəməyə verdiklərini qeyd edib. Bununla da bir növ etiraf edib ki, bu cür “rus evləri”nin bütün dünyada agent yuvası olduğunu təkcə Azərbaycanda deyil, hər yerdə yaxşı bilirlər…

Əslində, Rusiyanın Azərbaycandakı casus şəbəkəsilə bağlı “Rus Evi”-nin adının çəkilməsi simvolik xarakter daşıyır. Axtaran olsa, sosial şəbəkələrdə, gündəlik həyatımızda rastlaşdığımız Azərbaycandakı “rusbaşlar”ın arasında çoxlu sayda aşkar rus agenti, yaxud bilərəkdən, ya bilmədən Rusiya təsir agenti olanları tapmaq olar. Bunun üçün onların heç “Rus Evi”ndə toplaşması lazım deyil.

Peşəkar agentlərə və sıravi rusbaşlara Azərbaycandakı Rusiya səfirliyindən Rus Provaslav Kilsəsinə, rusdilli orta və ali məktəb auditoriyalarına, hətta bəzi yüksək vəzifəli məmurların kabinetlərinə, parlamentə qədər hər yerdə rast gəlmək olar. Rusiya kəşfiyyatının “iş prinsipləri”ndən xəbərdar olanların hamısı bütün bunları çox gözəl bilir… 

Rusiya tərəfinin səfirimizin çağırılması məsələsindəki acizliyinə gəlincə, görünən odur ki, Kreml artıq vaxtilə “bir sözünün iki edilə bilməyəcəyini” düşündüyü qonşu və “strateji tərəfdaş” adlandırdığı, özündən qat-qat kiçik dövlətlə bu cür rəsmi nota dilində danışmaq məcburiyətində qalıb. Digər rıçaqlarını itirib. Və bunun əsas günahkarı da Kremlin özüdür. Təyyarə olayında vaxtında günahını boynuna alıb üzr istəmək, günahkarları müəyyən edib cəzalandırmaq və kompensasiya ödəmək əvəzinə “ayı tərsliyi” və yekəxanalıq göstərməsi Moskvanın özünü pis vəziyyətə salıb. Nə qədər kütbeyinlik göstərsə və burnunun ucundan o yanı görməsə də, Azərbaycan və Türkiyənin əhəmiyyətini yaxşı anlayan Kreml indi vurulan AZAL təyyarəsi məsələsində dalana dirənərək, nə geri addım ata bilir, nə də irəli…

 

 

Təyyarə məsələsindən söz düşmüşkən, Rusiya XİN-in səfirimizin çağırılması ilə bağlı bəyanatında bir maraqlı məqam da var. Səfirimizlə söhbətdə əsas mövzu Azərbaycan mətbuatında Rusiya əleyhinə gedən yazılar olsa da, Rusiya tərəfi nədənsə vurulan təyyarəmizi də yada salıb. Rəsmi açıqlamada deyilir ki, “görüş zamanı həmçinin AZAL-a məxsus təyyarənin 2024-cü il dekabrın 25-də Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğraması məsələsi müzakirə edilib. Nazir müavini Mixail Qaluzin, faciənin bütün hallarının aydınlaşdırılması üçün rəsmi araşdırmanın başa çatdırılmasının və nəticələrin açıqlanmasının zəruri olduğunu vurğulayıb”. 

Bu o deməkdir ki, görüş zamanı böyük ehtimalla Azərbaycan səfiri susmayıb və görünür vurulan laynerlə bağlı məsələni qaldırıb. Buna görə də Kreml rəsmi bəyanatda bu məsələyə də yer verməli, izahatla çıxış etməli olub. Lakin “üzürü günahından betər” olan Rusiya tərəfi yenə də konkret mövqe bildirmək və özünə hörmət edən istənilən normal, sivil dövlətin(bir daha təsiq olunur ki, bu epitetlərin heç biri Rusiyaya aid deyil) atmalı olduğu addımları atmaq əvəzinə yenə “nala-mıxa vuraraq”, hər şeyin göz qabağında olduğu halda, “rəsmi araşdırmanın başa çatmasını” gözlədikərini bəyan edib.

Elədirsə, onlar gözləməklərində olsunlar. Əvəzində mətbuat da daxil olmaqla, Azərbaycandan layiq olduqları münasibəti də görməkdə davam edəcəklər…

 

“AzPolitika.info”

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ