PUTİN “GÜNAH KEÇİSİ” AXTARIŞINDA... – Neftin qiyməti kəskin düşərsə, Rusiyanı nə gözləyir?
ABŞ Prezidenti Donald Trampın çıxışlarından və verdiyi qərarlardan belə anlaşılır ki, o, dünyanın mövcud siyasi və iqtisadi sistemində radikal dəyişikliklər həyata keçirmək niyyətindədir. Əgər ABŞ qlobal miqyasda hegemonluğunu sürdürmək və daha da güclənmək istəyirsə, bunun üçün gərək irəliyə hesablanmış dəqiq bir planı olsun. Çünki mürəkkəb məsələlər təkcə istək, bəyanat və niyyətlə həll olunmur.
ABŞ-nin iqtisadi, hərbi, kəşfiyyat və texnoloji potensialı Trampa istər Amerika qitəsini, istərsə də Avrasiyanı geostrateji və iqtisadi baxımdan yenidən formatlamağa imkan verir. Rusiya Federasiyasının yürütdüyü siyasət və həmçinin ABŞ-nin buna münasibəti isə sözügedən dəyişikliklər fonunda xüsusi önəm daşıyacaq. Rusiyanın son illərdəki davranışları onun gücünə uyğun olmayan böyük iddialara düşməsindən xəbər verir. Bu da haqlı olaraq, avantüra təsiri bağışlayır. Vladimir Putin üç il bundan öncə Qərblə açıq geostrateji mübarizəyə başlayıb və bu məqsədlə Ukraynanı işğal etməyə girişib. Rusiya 2021-ci ilin dekabrında NATO-ya 1997-ci ilin sərhədlərinə geri çəkilməsi barədə ultimatum göndərib.
Putin elə zənn edirdi ki, Ukraynanı blitskriqlə işğal edəcək və bundan sonra NATO onun qabağından qaçacaq. Amma Rusiya rəsmi təbliğatının təqdim etdiyi “bütün dövrlərin ən dahi strateqi”nin - Putinin hesablaması kəlləmayallaq getdi. Öz gücünü düzgün dəyərləndirməyən “böyük yanacaqdoldurma stansiyasının direktoru” tərəddüd və təlaş içində Trampın bəyantlarını dinləyir, absurd cavablar və müsahibələr verir. Trampın prioritetlərindən biri Ukraynada gedən müharibəyə son qoyulmasıdır. Hazırda Tramp neftin dünya bazarındakı qiymətini aşağı salmaqla Rusiyaya xəbərdarlıq edir. Məlumdur ki, Rusiya əsas valyuta gəlirini neft satışından götürür və bu, hələ də davam edir.
Əgər Tramp neftin qiymətini aşağı salarsa, bu eyni zamanda təbii qazın da qiymətlərinə təsir göstərəcək. Rusiyanın Avropaya boru kəməri ilə qaz yollaması faktiki olaraq dayansa da, Moskva Avropaya “Sıxılmış Təbii Qaz”(STQ) göndərir. Lakin Tramp Avropaya “STQ” satmağa başlasa, Rusiyanın vəziyyəti daha da pisləşəcək.
Ekspertləri hazırda ən çox neftin qiymətinin nə qədər düşəcəyi maraqlandırır. İndi “brent” markalı neftin bir barrelinin qiyməti 80 dollar ətrafında gəzişir. Yəqin ki, Tramp qiyməti sadəcə 10-15 dollar aşağı salmaq haqqında düşünmür, çünki bu elə də əhəmiyyətli eniş sayıla bilməz. Ehtimal etmək olar ki, neftin 50 dollardan aşağı düşürülməsinə çalışılacaq. Rusiyanın “Ural” markalı nefti “Brent”ə nisbətən 3-5 dollar ucuz satılır. Hələ üstəlik, Hindistan və Çin Rusiyadan nefti dempinq qiymətinə alırlar. Belə olan təqdirdə Rusiya nefti 40 dollar civarinda satılacaq. Bu cür qiymət amplitudası bir il, il yarım davam edərsə və Rusiyanın “STQ” müştəriləri azalarsa, onda Rusiya büdcəsi gözlədiyi pulları almayacaq.
Moskva müharibəni ən azından indiki templə davam etdirməkdən ötrü ekstremal tədbirlərə əl atmalıdır. Bunun üçün Rusiya hökuməti sosial xərcləri kəskin azaltmalı, hərbi sifarişlərdən başqa, bütün dövlət sifarişlərini dayandırmalı, infrastruktur layihələrini dondurmalıdır. Bəllidir ki, hərbi xərclərin rekord səviyyəyə çatdırılması mülki iqtisadi sektoru məhv edir və nəticədə əhalinin böyük əksəriyyətinin gəlirləri azalır, alıcılıq qabiliyyəti aşağı düşür, inflyasiya isə yüksəlir.
Müharibənin törətdiyi xərclər parazit kimi ölkənin bütün təsərrüfat sisteminin canına daraşdığı üçün makroiqtisadiyyatın sabitliyi pozulur. Əlbəttə, hətta ən kritik vəziyyətdə Rusiya cəmiyyəti buna da dözər, lakin önümüzdəki bir il ərzində Rusiyanın döyüş meydanında qələbə qazanacağına təminat varmı? Təbii ki, yoxdur. Onda bu müharibə aparmaq yox, Rusiyanı tədricən məhvə sürükləməkdir. Vəziyyətin kəskin pisləşməsini anlayan Vladimir Putin artıq günahı başqalarının üstünə atmağa başlayıb.
Belə ki, ”Reuters” agentliyi etibarlı mənbələrə istinadla xəbər verib ki, Putin dekabr ayında Kremldə Rusiyanın biznes elitası ilə keçirdiyi görüş zamanı mülki iqtisadiyyatdakı problemlərin dərinləşməsinə, investisyaların kəskin azalmasına görə iri ranqlı məmurları danlayıb və bütün günahları onların üzərinə atıb. Putin belə görüşlərdə həmişə bu cür taktikadan istifadə edir, lakin indi həmin səhnələri ictimaiyyətdən gizlin tuturlar. Çünki bu cür şou göstərməyin əks-effekt verəcəyindən çəkinirlər. Rəsmi xəbərlərdə Putinin çıxışının yalnız bir hissəsini veriblər, görüşdə kimlərin iştirak etməsi və hansı məsələlərin müzakirə edilməsinin üstündən sükutla keçiblər.
İşlər çətinə düşəndə mütləq axtarıb günahkarlar tapacaqlar, generalları, iri məmurları həbs edəcəklər. Ölkə iqtisadiyyatının bərbad hala düşməsinin baş günahkarı kimi, məsələn, Mərkəzi Bankın rəhbəri Elvira Nabiullinanın üstünə yürüyəcəklər. Amma ölkədəki ağır iqtisadi durumun əsas səbəbkarı olan müharibə və bu müharibənin baiskarı barədə danışmağa qadağa qoyacaqlar.
Putin Rusiya iqtisadiyyatında baş verən böhranın daha da dərinləşməsinə yol verməmək üçün Trampın təkliflərini qəbul edib, “xüsusi hərbi əməiyyat”-ın uğurla yerinə yetirildiyini bəyan edə bilər. Təbliğat ruporunun köməyi ilə “biz qalib gəldik”, ”məqsədlərimizə nail olduq” şüarları hayqıracaqlar. Daha doğrusu, yeni reallığı qəbul edən Vladimir Putin Ukraynada əldə edə biləcəyi nə varsa, onu ictimaiyyətə qələbə kimi sırımağa çalışacaq. Bunun yalnız bir şərtlə baş tutma ehtimalı var: Gərək danışıqlar nəticəsində Kreml rəhbəri Donbasın müəyyən hissəsini və oradan Krıma kimi uzanan quru dəhlizini özündə saxlaya. Əks halda Vladimir Putin nə özünü, nə də Rusiyanı uçurumdan xilas edə bilməyəcək.
“AzPolitika.info”