ABŞ Yaxın Şərqdəki NASAMS sistemlərini Ukraynaya verib – DAHA 6 ƏDƏD HAVA HÜCUMUNDAN MÜDAFİƏ SİSTEMİ SİFARİŞ EDİLDİ

02/12/2022 - 22:14

ABŞ Yaxın Şərq ölkələri ilə bir neçə NASAMS hava hücumundan müdafiə sisteminin Ukraynaya təhvil verilməsi ilə bağlı danışıqlar aparır.

Qafqaz.media xarici KİV-lərə istinadən xəbər verir ki, ilk iki belə sistem noyabrın əvvəlində Kiyevə çatdırılıb.

Pentaqonun məlumatına görə, bu sistemlər Rusiya raketlərinin ələ keçirilməsində 100 faiz effektivlik nümayiş etdirib.

Prezident Vladimir Zelenskinin Ukraynanı Rusiyanın zərbələrindən qorumlaqla bağlı müraciətinə cavab olaraq Vaşinqton Kiyevə ümumilikdə səkkiz NASAMS hava hücumundan müdafiə sisteminin göndərilməsini təsdiqləyib.

Artıq təhvil verilmiş iki sistemə əlavə olaraq, növbəti altı hava hücumundan müdafiə sistemi hələ istehsal edilməlidir. Cümə axşamı Pentaqonun hava hücumundan müdafiə sistemləri istehsalçısı “Raytheon Technologies” ilə 1,2 milyard dollarlıq müqavilə imzaladığı məlum oldu. İstehsal prosesi iki ilə qədər davam edə bilər.

Lakin “Raytheon Technologies”-in rəhbəri Greg Hayes “Politico”-ya bildirib ki, ABŞ və onun NATO müttəfiqləri "hazırda NASAMS sistemlərindən istifadə edən bir neçə Yaxın Şərq ölkəsi ilə işləyirlər". Onun sözlərinə görə, bu sistemlərin Yaxın Şərqdən Ukraynaya ötürülməsi onların ABŞ-da qurulmasından xeyli az vaxt aparacaq. Bunun müqabilində ABŞ iki il ərzində Yaxın Şərq ölkələrini yeni komplekslərlə təmin edəcək.

“Politico”-ya görə, Oman və Qətər Yaxın Şərq regionunda NASAMS sistemlərinin alıcılarıdır.

Qeyd edək ki, NASAMS mobil zenit-raket sistemi aşağı və orta hündürlükdə hava hədəflərini vurmaq üçün nəzərdə tutulub. Eyni zamanda daha çox sayda hədəfi izləmək və vurmaq qabiliyyətinə malikdir.

Bundan əlavə, NASAMS istənilən, hətta köhnəlmiş hava hücumundan müdafiə sisteminə asanlıqla inteqrasiya olunur. Ukraynada artıq onunla işləmək üçün təlim keçmiş ekipajlar var. Modifikasiyadan asılı olaraq NASAMS qısa və ya orta diapazonlu ola bilər.

Qafqaz.media