ABŞ Zelenskiyə qarşı sui-qəsd təhlükəsi ilə bağlı təhlükəsizlik tədbirlərini gücləndirir

22/12/2022 - 00:10

ABŞ hakimiyyəti Ukrayna prezidenti Vladimir Zelenskinin Vaşinqtona səfəri zamanı onun həyatına mümkün sui-qəsdlə bağlı narahatlıqlar səbəbindən təhlükəsizlik tədbirlərini gücləndirib.

Qafqaz.media xəbər verir ki, bu barədə CNN Ukrayna liderinə yaxın mənbəyə istinadən məlumat yayıb.

Mənbənin sözlərinə görə, yüksək rütbəli dövlət məmurlarına, eləcə də ABŞ-dakı səfirliyin əməkdaşlarına Zelenskinin gözlənilən səfəri barədə əvvəlcədən məlumat verilməyib.

CNN-nin həmsöhbəti Ukrayna prezidentinin səfərinin bir neçə aydır planlaşdırıldığını bildirib.

Xatırladaq ki, Vladimir Zelenskinin Vaşinqtona səfəri əvvəllər açıqlanmayıb. Ukrayna prezidenti dekabrın 21-də ABŞ-a səfər edib. ABŞ prezidenti ilə danışıqlardan sonra birgə mətbuat konfransı keçiriləcək, Zelenski Konqresin ümumi iclasında da çıxış edəcək.

Ukrayna prezidentinin yaydığı fotolarda onun ABŞ-a Amerika hökumətinin təyyarəsi ilə getdiyi görünür.

Qafqaz.media