Belarus müxalifətinin həbsdə olan lideri xəstəxanaya yerləşdirildi…

29/11/2022 - 23:41

Belarusda müxalifət liderlərindən biri, iki ildən artıqdır ki, siyasi ittihamlarla həbsdə olan Mariya Kolesnikova xəstəxanaya aparılıb və cərrahi əməliyyat olunub.

Qafqaz.media xəbər verir ki, Kolesnikovanın vəziyyəti barədə çərşənbə axşamı 2020-ci ildə Belarusda prezident seçkiləri kampaniyası zamanı onun namizədliyini dəstəklədiyi, hələ də dəmir barmaqlıqlar arxasında qalan müxalif siyasətçi Viktor Babarikonun qərargahının teleqram kanalı məlumat verib.

"Mariya Homeldəki xəstəxanada, reanimasiya şöbəsindədir. Bu məlumat xəstəxanadakı vəkili təsdiqlədi", - Babarikonun qərargahından verilən açıqlamada deyilir.

Daha sonra Kolesnikovanın bacısı Tatyana Xomiç öz “Facebook” səhifəsində bildirib ki, müxalifət lideri cərrahi patologiya ilə xəstəxanaya aparılıb və noyabrın 28-də əməliyyat olunub. "Hazırda onun vəziyyəti stabil ağırdır, yaxşılaşır. Sabah cərrahiyə şöbəsinə köçürülməlidir", - Xomiç yazıb.

Kolesnikovanın hansı səbəbdən əməliyyat olunduğu və ona hansı xəstəlik diaqnozu qoyulduğu barədə məlumat verilmir.

Qafqaz.media