Bu gün məhkəmə Saakaşvili haqda qərar verə bilər… - TİFLİSDƏ SABİQ PREZİDENTƏ DƏSTƏK AKSİYASI DA KEÇİRİLƏCƏK

14/12/2022 - 01:09

Bu gün, dekabrın 14-də Tbilisi Şəhər Məhkəməsində eks-prezident Mixail Saakaşvilinin məhkəmə prosesi keçiriləcək.

Qafqaz.media xəbər verir ki, prosesdə eks-prezidentin vəkillərinin vəsatəti əsasında onun cəzasının təxirə salınması və ya tam azadlığa buraxılması məsələsinə baxılacaq. İclasla paralel olaraq məhkəmənin həyətində Saakaşviliyə dəstək aksiyası elan olunub.

Xatırladaq ki, Mixail Saakaşvilinin bədənində ağır metallar və digər zəhərli maddələr, o cümlədən civə və arsen aşkar edilib. Bu barədə amerikalı mütəxəssislər tərəfindən aparılan və professor Devid Smitin imzası ilə təsdiqlənən ekspertizanın nəticəsində deyilir.

Toksikoloji hesabatda Mixail Saakaşvilinin 3 əsas sağlamlıq problemindən danışılır: orqanizmdə ağır metalların olması, onun müalicəsi zamanı dərmanlardan həddindən artıq və yersiz istifadə edilməsi və polifarmasiya nəticəsində beyin qabığının zədələnməsi.

Saakaşvilinin yaxınları və vəkilləri onun müalicə üçün xaricə köçürülməsini tələb edirlər.

Qafqaz.media