“CƏNAB PREZİDENT “İSTEFA VER” DEYİB...” – Siyavuş Novruzov Vasif Talıbovun gedişindən təəccübləndi / VİDEO

21/12/2022 - 15:47

Naxçıvan Muxtar Respublikasını Milli Məclisdə təmsil edən deputatlardan biri – Siyavuş Novruzov Ali Məclis sədri Vasif Talıbovun istefa verməsi xəbərini "Musavat.TV"-nin canlı yayımında eşidib.

Qafqaz.media Azpolitika.info-ya istinadən xəbər verir ki, verilişin aparıcısı Sevinc Telmanqızının açıqladığı xəbərdən təəccübləndiyini gizlətməyən millət vəkilinin reaksiyası belə olub: “Hər şey ancaq bir şəxsin iradəsindən asılıdır. Əslində istefa bu formada olmalıdır. Hansısa jurnalistin, partiya nümayəndəsinin dediyi kimi yox... İstefa lazımdırsa, istefa!... Deyirdilər, ay camaatı qaldıracaqlar ayağa, ay ordu qalxacaq... Gördünüz, məsələ sakit yolla öz həllini tapdı. Azərbaycanda belə proses yoxdur ki, kimsə kimə güc göstərsin, əzələ nümayiş etdirsin”.

“Bundan sonra Naxçıvanda nələr ola bilər”, sualına S.Novruzov cavabında bildirib ki, aparılacaq struktur islahatlarına baxmaq lazımdır. “Ola bilər, Naxçıvana Prezidentin səlahiyyətli nümayəndəsi təyin olunsun, yaxud Ali Məclisə yeni sədr seçilsin”,- o əlavə edib.

“Deyirsiz ki, Vasif Talıbovun istefası bir şəxsin iradəsinə bağlıdır. Onun öz iradəsinimi nəzərdə tutursunuz” sualına deputat belə cavab verib:

- Yox,cənab Prezidentin iradəsini nəzərdə tuturam.

- Yəni, cənab Prezident Vasif Talıbova “istefa ver” deyib?

- Ancaq elə ola bilər...

Rasim Əliyev