Elə bil kimsə bu millətin qəsdinə durub...- Fəridə Aslanova yazır

03/08/2024 - 07:26

     Baxıram dünyaya, baxıram ölkəmə, vallah, sabitliyə görə milyon dəfə şükür edirəm. Amma ölkə daxilində insanları gərgin edən, təbdən çıxaran bəzi şeyləri görüb həddindən artıq məyus oluram.  Məsələn, benzinin və ondan qaynaqlı digər malların qiymətlərinin artımı ilə əlaqədar bəzi məqamlarda tarazlıq pozulub. Anlayıram, dünya ilə ayaqlaşmaq lazımdır. Lakin bunun da bir alqoritmi olmalıdır. Alınan maaşla çəkilən gündəlik ən primitiv xərclər bir-biri ilə uzlaşmır. Onsuz da belə də, elə də pul sel kimi gedir, maaşı kartdan çıxardığın gün bitir, elə çıxarmasan da yoxa çıxır. Barı əksər məqamlarda insanların qıcıqlandırmaq lazım deyil. O gün fikir verirəm, bir çox sürücülər gileylənirlər ki,  benzindoldurma məntəqələrində "o zəhrimarı" kəm vururlar. Yəni sürətli şırnaqla vurulan benzin maşınların çəlləklərini köpüklə doldurur. Məsələn, 30 litr benzinin ən azı 3-4 litri köpukdür. Demək olar ki, köpüyün pulunu da "köpüy-köpüy" çıxarırlar. Elə bil kimsə bu millətin qəsdinə durub, aranı qarışdırmaq üçün var qüvvəsiylə çalışır. Başqa bir misalı parklanma qaydalarındakı boşluqlara görə də vurğulayacağam. 31 iyulda qardaşım Bakı Sağlamlıq Mərkəzinin  həyətində maşının saxlayıb. Dünən bir də gördük ki, adına 54 manat cərimə gəlib (fakt üçün maşının arxadan gizli çəkilmiş şəklini də göndərməyi unutmayıblar). Qardaşım o bildirişi telefonda görəndə cin atına mindi.Adamı da yandıran odur ki, əlillər üçün nəzərdə tutulan yer də sanki bir tələ kimi qurulub, həmin məkana heç bir işarə vurulmayıb.  Kənarları səliqəli olsa da, sırf həmin yer çınqıldır, heç əlillərə layıq deyil.Nə isə... Ara  yerdə yazıq sürücülər! Qardaşım ödədi o pulu, söhbət pulda da deyil!  Yol hərəkəti qaydalarına ciddi əməl edən insanları da tələyə salıb pul qoparmaq heç bir insanlığa  sığmır!Təkcə bu deyil. Evdən bayıra çıxarkən elə bil hər yerdə insanları tələyə salmaq, pul qoparmaq üçün hörümçək torları var. Azərbaycan gözəl ölkədir, insanları gözəldir, lakin elə bil ki, kimsə bu millətin əsəbləriylə oynayır. Televizoru açırsan, qıcıq, sosial şəbəkələri açırsan, qıcıq! Adamın psixologiyası pozulur. Yaxşı ki, Olimpiada oyunları var, baxıb fəxr ediləsi mövzu tapıram. İndi kimsə bu statusumu gözümə soxacaq ki, dilin çox uzanıb. )  Dediyimə peşman deyiləm. Mən ölkəmin inkişafını, uğurlu layihələrini heç vaxt danmıram və qürur duyuram. Lakin gündəlik həyatda rastlaşdığımız adi işlərin ən xırda detallarında da böyük problemlərin olduğunu deməkdən çəkinmirəm. Yadıma düşmüşkən deyim, tibbi sığorta məsələsinin yetərsiz icrası xəstələri bezdirir. Onsuz da camaatın sürünən maaşlarından avtomatik kəsilir, icbari tibbi sığorta üçün büdcəyə gedir. Bəs niyə nəticəsi qənaətbəxş deyil? Bəzi yerlərdə hələ də tibbi sığorta məsələləri heçə sayılır. Qınamıram, pula o qədər vərdiş ediblər ki, "oksigen balonu" olmadan yaşaya bilmirlər.

Nə isə...

Fəridə Aslanova

Qafqaz.Media

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10