Fazil Mustafaya sui-qəsd cəhdinin şahidləri dindirildi

30/03/2024 - 20:29

Milli Məclisin deputatı Fazil Mustafaya sui-qəsddə təqsirləndirilən Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinovun cinayət işi üzrə məhkəməsi davam etdirilib və şahidlər dindirilib.

Stopnarkotik.az "Report"a istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Elnur Nuriyevin sədrliyi ilə keçirilən prosesdə zərərçəkmiş şəxsin vəkili məhkəməyə Fazil Mustafanın ərizəsini təqdim edib və bildirib ki, müvəkkili ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edir.

Daha sonra şahidlərdən Əvvəlcə hazırda məhkumluq həyatı yaşayan Xəyyam Musayev ifadə verib:

"Təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıyıram. Uşaqlıq dostum olub. Rəşad mənə tapançanı verərək özümdə saxlamağı xahiş etdi, mən də saxladım. Daha sonra məni həbs etdilər. Silahı başqasına 800 manata satdım".

Daha sonra şahid qismində polis əməkdaşları ifadə veriblər. Onlar təqsirləndirilən şəxslərdən yalnız Rəşad Əhmədovu tanıdıqlarını deyiblər.
Polis əməkdaşları bildiriblər ki, həmin gün növbətçi hissəyə Rəşad Əhmədovun narkotik və psixotrop maddələrin qanunsuz dövriyyəsi və silah gəzdirməsi ilə bağlı məlumat daxil olub. Şahidlərin sözlərinə görə onu idarəyə aparıb axtarış aparıblar və onun üstündə metamfetamin aşkarlanlb.

Məhkəmənin növbəti iclası aprelin 5-nə təyin edilib.

Qeyd edək ki, hadisə ötən ilin martın 28-də baş verib. Milli Məclisinin deputatı Mustafa Fazil Qəzənfər oğluna yaşadığı evin qarşısında “Kalaşnikov” avtomat silahından atəş açılaraq terror aktı törədilib. Daxili İşlər Nazirliyinin və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarının birgə keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində terror aktını törətməkdə şübhəli bilinən şəxslər tutularaq istintaqa təhvil verilib.

Faktla bağlı Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində Cinayət Məcəlləsinin dövlət xadiminin və ya ictimai xadimin xidməti və ya siyasi fəaliyyətinə son qoymaq və ya bu fəaliyyətə görə qisas almaq məqsədilə onun həyatına sui-qəsd etmə, qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən qanunsuz olaraq odlu silah, onun komplekt hissələrini, döyüş sursatı əldə etmə, saxlama, daşıma və gəzdirmə və digər maddələri ilə cinayət işi başlanılıb.

Dövlət Təhlükəsizliyi Xidmətində aparılan cinayət işi üzrə Emin Əliyarov, Rəşad Əhmədov, Azər Səricanov, Elşad Əsgərov, Səbuhi Şirinov həbs ediliblər.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ