FRANSA NƏ ÜÇÜN BAKIYA TƏZYİQ GÖSTƏRİR? – Və yaxud Senatın qətnaməsinə görə Azərbaycanın hansısa dövlət rəsmisini ittiham etmək nə dərəcədə doğrudur?

19/11/2022 - 21:14

Noyabrın 15-də Fransa Senatının Azərbaycan əleyhinə qətnamə qəbul etməsi ölkə gündəminin başlıca mövzusudur. Şübhəsiz, bu məsələ hələ uzun müddət də istər mətbuatda, istər də sosial şəbəkələrdə müzakirə olunacaq. Üstəlik, son günlər olduğu kimi, Fransanın Azərbaycana qarşı ədalətsiz mövqeyini kəskin tənqid edənlərlə yanaşı, “qaranlıq otaqda qara pişik axtaranlar”, bu məsələdə hansısa dövlət rəsmilərini ittiham edənlər də olacaq. Təbii ki, ikincilər ya Fransanın ölkəmizə qarşı apardığı siyasətdən xəbərsiz olanlar, ya da qərəzli bir şəkildə hansısa yetkili şəxsi qaralamağa çalışanlar olacaq. Odur ki, biz bu yazımızda Fransa Senatının Azərbaycanla bağlı qəbul etdiyi qətnamənin arxasında hansı maraqların dayandığına, eyni zamanda bu sənədin ölkəmizə nə kimi təsir imkanlarının olduğuna aydınlıq gətirməyə çalışacağıq.

Diplomatik əməkdaşlığın tarixi

Fransa dövlətinin uzun illərdir Azərbaycan dövlətinə qarşı sərgilədiyi siyasətdən xəbərsiz olanlara qısaca olaraq xatırladaq ki, təkcə Qarabaq münaqişəsinin mövcud olduğu son 30 il ərzində rəsmi Parisin tutduğu mövqe erməniləri müdafiə etmək olub. Eynilə, bundan öncəki tarxidə də fransızların hər zaman ermənilərə dəstək olduğu kimsəyə sirr deyil. Əslində, burda da qeyri-adi bir məsələ yoxdur. Çünki tarixi faktlar da sübut edir ki, hər iki millətin kökü eynidir...

Azərbaycanla münasibətlərə gəldikdə, dəyərli oxucuların diqqətinə çatdıraq ki, Avropanın siyasi, iqtisadi, mədəni həyatında mühüm rol oynayan Fransa ilə ölkəmizin diplomatik münasibətləri hələ 1918-ci ildə – Azərbaycan Xalq Cümhuriyyəti elan olunduğu vaxtdan formalaşıb. O dövrdən etibarən dövlət rəhbərlərinin qarşılıqlı səfərləri ilə münasibətləri daha yüksək səviyyəyə çatdırmaq üçün ciddi səylər göstərilib. Həmçinin, onu da xüsusi olaraq vurğulayaq ki, 1993-cü ildə Prezident Heydər Əliyev xarici ölkələrə ilk rəsmi səfərini məhz Fransadan başladı. Daha sonra Azərbaycan-Fransa tərəfdaşlığı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərlik etdiyi müddətdə bir qədər də dərinləşdi. Heç də təsadüf deyil ki, Prezident İlham Əliyev də ilk xarici və rəsmi səfərini Fransaya gerçəkləşdirdi. Sonrakı illərdə də rəsmi Bakı Parislə daha yaxından əməkdaşlıq etmək üçün önəmli siyasi gedişlər etdi. Hansı ki, bütün bunlar Azərbaycanın xarici siyasət kursunda Fransaya böyük önəm verildiyini göstərirdi.

Qarşılıqlı əlaqələr

İki ölkə arasında münasibətlərin belə yüksək səviyyəyə çatdırılmasında Heydər Əliyev Fondunun fəaliyyətinin də özünəməxsus rolu olub. Fondun prezidenti, Birinci vitse-prezident ­Mehriban Əliyeva bu əlaqələri daim diqqət mərkəzində saxlayır, öz fəaliyyəti ilə ölkələrarası münasibətlərə töhfə verirdi. Eyni zamanda, Milli Məclisdə Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu səmərəli fəaliyyət göstərir. Bu qrupun rəhbəri də məhz Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevadır. 2019-cu il martın 11-də birinci vitse-prezident Mehriban Əliyevanın Fransaya növbəti səfəri ilə qarşılıqlı münasibətlər daha üst səviyyəyə qalxdı. Bundan başqa, Heydər Əliyev Fondunun həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olundu. Buna misal olaraq Parisdə Versal Sarayının parkındakı abidələrin, Strasburqda XV əsrə aid kafedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar.

Yəni Azərbaycan Fransa ilə münasibətləri dərinləşdirmək üçün üzərinə düşən konstruktiv addımları atıb. Paralel olaraq iki ölkə arasında münasibətlərə hüquqi baza yaratmaq məqsədilə 42 sənəd imzalanıb.

Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Fransada Azərbaycan mədəniyyəti günlərinin keçirilməsi də artıq bir ənənə halını almışdı. Dünyanın ən seçilən festivallarının təşkilatçısı olan, yüz minlərlə turistin ziyarət etdiyi Kann şəhərində neçə ildir ki, Azərbaycan mədəniyyəti günləri təşkil edilirdi.

İqtisadi münasibətlər

Həmçinin, Fransa iqtisadi maraqlar sferasında ölkəmizlə telekommunikasiya, şəhərsalma, nəqliyyat, yüngül sənaye, şərabçılıq və digər sahələrdə də əməkdaşlıq edir. Son illər ərzində iki ölkə arasında ticarət dövriyyəsinin həcmi 2 milyard dollar təşkil edib və Azərbaycanda həm səhmdarlar, həm də tədarükçülər qismində 50-dən çox fransız şirkəti fəaliyyət göstərir. Azərbaycana əmtəə ixrac edən ölkələr arasında Fransa ilk onluğa daxildir. Fransanın Azərbaycana göndərdiyi ixracat məhsulları daha geniş sahələri əhatə edir. Bunlar əsasən təchizat avadanlıqları, informatika və elektronika məmulatları, sənaye və kənd təsərrüfatı avadanlıqları, digər sənaye məhsulları – məsələn, kimya, kosmetika və metal məmulatlardan ibarətdir. Fransız müəssisələri bank, elektrik enerjisi və ətraf mühitin mühafizəsi və istehlak malları bölmələrində fəaliyyət göstərir.

Azərbaycanla Fransa arasında infrastruktur, nəqliyyat, ictimai nəqliyyat, metro, dəmir yolu nəqliyyatı, suyun idarə edilməsi və bu sektorlara investisiyaların yatırılması sahəsində geniş əməkdaşlıq, xüsusilə nəqliyyat, ərzaq-yeyinti, mehmanxana, kənd təsərrüfatı, enerji, yüksək texnologiyalar, telekommunikasiya və s. sahələrdə iqtisadi əlaqələr var.

Bundan başqa, fransız müəssisələri neft və neft məhsulları sənayesində daha yaxından iştirak edir, onlar Bakı–Tbilisi–Ceyhan neft kəmərini idarə edən konsorsiuma daxildir. “Total” şirkəti bu konsorsiumun 5 faizinə, Bakı-Tbilisi-Ərzurum qaz kəmərinin 10 faizinə sahibdir. 2009-cu il fevralın 27-də “Total” şirkəti Xəzərin Azərbaycan sektorunda “Abşeron” strukturunun birgə kəşfiyyatı və işlənilməsinin əsas prinsipləri haqqında fransızlarla müqavilə imzalayıb və burada “Total”ın iştirak payı 40 faizdir.

İki ölkə arasında ətraf mühitin çirklənməsinə qarşı mübarizə sahəsində də əməkdaşlıq genişlənir. Fransanın CNİM şirkəti ilə Bakıda zibil emalı zavodunun tikintisi və zavodun 20 il ərzində istismarı barədə müqavilə var.

Fransanın Azərbaycanda təmsil olunan iqtisadi maraqlarının bir nümunəsi kimi "SUEZ Group"un ölkəmizdə keçirilən layihələrdə iştirakında da vurğulamaq olar. Belə ki, "SUEZ Group"un baş icraçı direktoru Bertran Kamusun 2020-ci il yanvarın 22-də DAVOS forumunda Prezident İlham Əliyevlə görüş əsnasında kimya məhsullarının istehsalı, məişət tullantılarının yığılması və emalı, habelə meliorasiya sahəsində qabaqcıl texnologiyaların tətbiqi istiqamətində əməkdaşlığa dair fikir mübadiləsi aparılmışdı. Bundan əvvəl isə, hələ 2018-ci ilin iyulunda Prezident İlham Əliyevin Fransaya səfəri çərçivəsində "SUEZ Group"la “Azərsu” arasında Sumqayıt şəhərinin su ilə təchizatına dair müqavilələr imzalanmışdı. O cümlədən, "Azərkosmos"la Fransanın kosmik tədqiqatlar üzrə Milli Elmi Mərkəzi arasında razılaşmalar, "AZAL"la "Thales" arasında "Modern Construction Group" memorandumu, kibertəhlükəsizlik barədə razılaşmalar imzalanıb və müxtəlif zamanlarda Azərbaycanda 11 fransız kompaniyası ilə rəsmi görüş keçirilib.

Mühüm layihələr

Fransa Azərbaycanın gəmiçilik sahəsində də iştirakçıdır. Belə ki, hələ 2017-ci ildə Fransanın “Intelligence online” bülleteninin “Bataille acharnee entre patrouilleurs a Bakou” məqaləsində öz mənbələrindən əldə etdiyi məlumata görə, iki Avropa gəmiqayırma assosiasiyası Xəzərdə ilk olaraq yer almaq üçün qızğın mübarizə aparırdı. Fransanın "Naval Group" holdinqi (keçmiş DCNS) Azərbaycana "Gowind" layihəli ən azı üç patrul gəmisini satmağa çox çalışırdı. Prezident İlham Əliyev 2017-ci ilin yazında Fransaya səfəri zamanı Hərbi Dəniz Qüvvələri Qrupunun prezidenti Erve Giyu ilə görüşmüşdü və görüş zamanı Fransanın təklifinə maraq göstərdiyini vurğulamışdı. Fransızlar Bakı Gəmiqayırma Zavodu ilə də birgə işbirliyi edirlər. Məsələn, təkcə üç patrul gəmisinin tikinti ilə bağlı müqavilə, silahlar da daxil olmaqla 430 milyon avro dəyərində idi. Bu addımla Prezident Əliyev Fransa prezidenti Emmanuel Makrona həm də "siyasi siqnal" ötürmüşdü.

Sadalananlara əlaqə olaraq onu da qeyd edək ki, Azərbaycanın ilk peyki – “Azərspace-1’’ Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan Fransız Qvianasındakı Kuru kosmodromundan – Qviana Kosmik Mərkəzindən üzərində üçrəngli Azərbaycan bayrağı olan “Ariane-5’’ daşıyıcı raketi ilə orbitə buraxılmışdı və 44 günlük müharibədə düşmən tərəfin mövqelərinin aşkarlanması, vurulmasında bu peyklər əhəmiyyətli rol oynamışdı. 

Amma bəzi fransız şirkətlərinin ölkədən getmə meyli də müşahidə olunub. Belə ki, təyyarə istehsalı edən "Airbus Defence And Space SAS" şirkətinin ölkəmizdəki töərəmə filialı Azərbaycandan gedişini elan edib. Digər bir incə məqamı da xatırladaq ki, bu ilin 22 yanvarında Fransanın Bakə səfiri Zakari Qross Twitter səhifəsindən Azərbaycanla Fransanın kosmos sahəsində əməkdaşlığı barədə paylaşım etmişdi. Paylaşımda “Azərkosmos” ASC-nin sədri Saməddin Əsədov ilə görüşdən sonra “mən Fransa, Aİ və Azərbaycan arasında kosmos sahəsində əməkdaşlığın kənd təsərrüfatı, su təsərrüfatı, elm, teletibb üçün əhəmiyyətinə həmişəkindən daha çox əmin oldum”, deyə bildirirdi. Bu ilin 24 oktyabrında isə Azərbaycan Kosmik Agentliyi (Azərkosmos) ilə Pakistanın Kosmik və Üst Atmosferin Tədqiqatları Komissiyası (SUPARCO) arasında anlaşma memorandumu imzalandı. Memoranduma əsasən  kosmik elm, texnologiyalar və həllər, potensialın artırılması və təcrübə mübadiləsi sahəsində birgə tədbirlərdirin nəzərdə tutulur. Məlumata görə, “Azərkosmos” ASC-nin İdarə Heyətinin sədri Saməddin Əsədov memorandumun kosmik xidmətlərin təkmilləşdirilməsi, kosmik proqramın daha da genişləndirilməsi, o cümlədən iki ölkə arasında məkan informasiyasının inkişafı baxımından mühüm əhəmiyyət kəsb etdiyini qeyd etmişdi.

Bu məlumatın ardınca, Türkiyənin sənaye və texnologiya naziri Mustafa Varank Türkiyə Azərbaycan və Pakistanla kosmik tədqiqatlar sahəsində saziş imzalanmasına hazırlıq getdiyni açıqladı. “Biz artıq üç ölkə ilə bu sahədə saziş imzalamışıq. Pakistan və Azərbaycanla saziş layihələri artıq hazırdır və imzalanma mərhələsindədir”, - deyə nazir bildirmişdi.

Sıxışdırılmaq qorxusu

Haşiyə çıxaq ki, 44 günlük İkinci Qarabağ Savaşında da qardaş Türkiyə ilə yanaşı, dost ölkə olan Pakistanın da Azərbaycanın yanında yer alması ölkəmizin güclənməsinə qarşı olan digər dövlətlərlə yanaşı, Fransanı da narahat edən faktorlardan idi. Görünür, həmin ərəfədə, eləcə də ondan sonra Fransanın Azərbaycana qarşı aqressiyasının qaynağı da məzh özünü sıxışdırlımış durumda görməsi ilə bağlıdı.

Onu da qeyd edək ki, Azərbaycan da artıq Əlcəzairdə aktivləşib, Albaniya ilə Keniyada səfirlik açır. Əlcəzair ilə Keniya Fransanın "belindən qazanc qazandığı" ölkələrdir və bu istiqamətdə yenə Türkiyə-Azərbaycan tandemi işləyir. Şərqi Avropa isə Britaniya ilə ABŞ-ın Fransa və Almaniya “cütlüyünün” başında durduğu Qərbi Avropaya qarşı dirçəldəcəyi yeni mərkəzdir. Azərbaycanın Ukraynaya müharibədə göstərdiyi kömək Qərbi Avropanın xoşuna gəlmir, çünki Ukrayna-Polşa xəttinin dirçəlməsi Fransa-Almaniya xəttinin zəifləməsi deməkdir.

Onu da nəzərə alaq ki, hazırda Rusiya-Ukrayna müharibəsi fonunda ölkəmizin Avropanın qazla təminatında və enerji təhlükəsizliyinə töhfə verir.

Azərbaycan Avropanın xilaskarı rolunda

Fransanın Azərbaycanla yürütdüyü və yüksək həcmli qazanc əldə etdiyi yuxarıda sadalanan və sadalanmaya əməkdaşlıqlara rəğmən, rəsmi Parisin Ermənistanı açıq şəkildə dəstəkləməsi, lakin bunun sadəcə erməni lobbisinin gücü ilə izah edilməsi o qədər də məntiqli görünmür. Çünki, nədənsə erməni lobbisinin gücü Fransa dövlətinə lazım olduğu məqam və zamanda önə çıxarılır. Sadəcə, Paris Azərbaycan-Britaniya işbirliyindən doğan müttəfiqlik fonunda əlləri boş qalmaq istəmir və bu mənada Senatın qətnaməsini ölkəmizə xəbərdarlıq kimi də anlaşıla bilər.

Azərbaycanın qaz kəmərləri Avropa üçün hələlik yeganə gerçəklikdir" - BBC News Azərbaycanca

O da məlumdur ki, Britaniya-ABŞ tandemi üçün Əfqanıstandan başlayan enerji marşrutunun (Əfqanıstanda dünya litium ehtiyatının 70%-i var ki, litium gələcəyin yanacağı sayılır) ta İraq Kürdüstanı, Suriya, İraq, Afrika bölgəsində enerji resurslarına birləşən xəttin təhlükəsizliyi vacibdir. Azərbaycan, həmçinin də Zəngəzur dəhlizi bu marşrutun bir halqasıdır. Brüsselin-Parisin Cənubi Qafqaz regionuna artan marağı təkcə qaz tədarükünü artırmaqla məhdudlaşmır. Avropa korporasiyaları Rusiya bazarını tərk etməyə başladıqdan sonra onların niyyəti Cənubi Qafqazdan keçərək Mərkəzi Asiyaya uzanmaqdır. Və buradan belə nəticə çıxır ki, Senatın qətnaməsində niyə "nəyin bahasına olursa-olsun" İrəvanı dəstəkləmək və onun hərbi qabiliyyətini, "ərazi bütövlüyünü" dəstəkləmək heç də təsadüf deyil. Azərbaycanın prioriteti olan Zəngəzur Türkiyə ilə aramızda “sədd” kimi saxlanılmaq istənir. Yəni Fransa Ermənistanın dərdində deyil, Paris bölgədən keçən logistik marşrutlarda iştirakını təmin etmək istəyir.

Yeri gəlmişkən, qətnamədə nəzərdə tutulur ki, Azərbaycana qarşı sanksiyalar, Fransanın Avropa ölkələri ilə birgə Azərbaycana qarşı ölkə rəhbərliyinin aktivlərinə həbs qoyulması, ondan neft və qazın idxalına qadağa qoyulması kimi tədbirlər hazırlasın. Fransa parlamentariləri də ölkə rəhbərliyindən Dağlıq Qarabağda humanitar missiyanın yaradılmasını təmin etməsini istəyirlər.

Əlbəttə, Bakı Avropaya qaz və neft tədarük edərkən, Parisin belə bir tərəfdaşını itirməsi onun ürəyincə deyil. Ölkələr arasında əməkdaşlığın strateji xarakter daşımamasına baxmayaraq, bu əməkdaşlığa Fransa da az maraq göstərməyib. Müvafiq olaraq, Brüsseldə Senatın qətnaməsinin dəstəklənməsinə praktiki olaraq heç bir şans yoxdur. Çox güman ki, senatorların özləri də bunu başa düşürlər. Doğrduru, Fransada erməni diasporu böyük gücdür, lobbinin nümayəndələri mədəniyyət, incəsənət, biznes və siyasət həyatında iştirak edir. Lakin bütün hallarda, sadəcə parlament səviyyəsində bəyanatlar olacaq və işlər bu bəyanatlardan uzağa getməyəcək.

Fransanın ölkəmizə təzyiq rıçaqları nələrdir?

Ümumiyyətlə, Parisin Bakıya təzyiq rıçaqları çox deyil. Digər Avropa dövlətləri olmadan birtərəfli sanksiyalar Azərbaycana ciddi ziyan vura bilməz. Fransa Türkiyəyə qarşı Yyunanıstanı dəstklədiyi kimi, ritorik olaraq Azərbaycana qarşı da Ermənistanı dəstəkləyir. Yuxarıda dediklərimizdən bu nəticələri çıxara bilərik:

1. Fransa Azərbaycan-Britaniya əməkdaşlığından qıcıqlanır, çünki öz qitəsində də ABŞ-Britaniya tandemi tərəfindən sıxışdırılır. ABŞ-Britaniya tandeminin Azərbaycanı dəstəyinə qarşı Fransa-Ermənistan tandemini irəli sürür;

2. Paris Senatın qətnaməsi ilə Bakıya, Britaniyaya göstərdiyi "xoş sifət"i ona da göstərməsini istəyir. Bakının gerçəkləşdirdiyi layihələrdə daha çox pay almaq istəyir;

3. Azərbaycan Türkiyə-Pakistan tandemində iştrirak etdiyi üçün Türkiyənin Fransanı Afrikadan çıxarmaq strategiyasında rol almağa iddialıdır. Buna Əlcəzairdə fəallaşmağı, Keniyada səfirlik açmağı misal çəkmək olar. Yəqin ki, bu istiqamət daha da irəliləyəcək;

4. Qətnamənin Azərbaycana xəbərdarlıq kimi ortaya atıldığı ehtimalına şans versək, Azərbaycan əlaqələri genişləndirdiyi təqdirdə Fransanın arxa planda razılaşacağı işbirliyinin üstünü örtmək üçün üzdə erməni lobbisini sakitləşdirmək məqsədilə Senatın qətnaməsini sadəcə ermənilərə yem kimi ortaya atdığını təxmin edə bilərik. Hər halda hadisələrin sonrakı cərəyanı bizə yol göstərəcək.

Qətnamənin qəbulunda “günah keçisi” axtaranlar

Yazımızın əvvəlində qeyd etdiyimiz kimi, bütün bu proseslərin fonunda ölkəmizdə bəzi “siyasətbazlar”ın Fransanın Azərbaycana qarşı sərgilədiyi qeyri-adekvat münasibətində "günah keçisi" axtarmaq cəhdləri vüsət aldı. Yuxarıda Fransanın dövlət siyasətindən doğan maraqlar kontekstində yeri gələndə erməni lobbisindən istifadəni, ehtiyac olmayanda isə erməni lobbisini tapdayıb dövlət maraqlarını önə çəkdiyini, lobbinin düşmən saydığı Azərbaycanla əməkdaşlığa getdiyini göstərdik. Bəllidir ki, erməni lobbisi Fransanın maraqları tələb etdiyi məqamlarda "əldəki çəkic", yaxud "maşa" kimi istifadə olunur.

Digər tərəfdən, onu da nəzərə alaq ki, uzun illərdir Fransanın Azərbaycana qarşı müsbət münasibətini formalaşdırmaq üçün əlindən gələni əsirgəməyən dövlət orqanları var. Məsələn, Xarici İşlər Nazirliyi, Diasporla İş üzrə Dövlət Komitəsi, Azərbaycanın Fransadakı səfirliyi, Azərbaycan–Fransa parlamentlərarası əlaqələr üzrə işçi qrupu, qeyri-rəsmi də olsa dövlət maraqlarını güdən və reallaşdıran Heydər Əliyev Fondu. Və görülən işlərin bir qismini də yuxarıda diqqətə çatdırdıq. Amma nədənsə ölkəmizdə Fransanın nankorluğunda hansısa dövlət rəsmisini, xüsusilə də Diasporla iş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovu günahlandırmağa cəhd edənlər var. Halbuki, Azərbaycan Prezidentinin, Birinci vitse-prezident Mehriban Əliyevanın, eləcə də digər dövlət orqanlarının gördüyü işlər fonunda Fransanın bəsirətsiz, ədalətsiz siyasətini davam etdirməsi üçün erməni lobbisini maşa kimi istifadə etməsində nəinki Fuad Muradovu, hansısa rəsmi şəxsi günahlandırmaq ən azı siyasi səbatsızlıqıdır. Çünki Diaspor Komistəsinin başlıca vəzifəsi xaricdə yaşayan soydaşlarımızı əlaqələndirmək, onların fəaliyyətini koordinasiya etmək, həmin ölkələr içində gücə çevirməkdir. Heç də təsadüfi deyil ki, hazırda diaspor qurumlarında təmsil olunan soydaşlarımız əvvəlki illərə nisbətən görülən işlərdən xeyli dərəcədə məmnundur. Əlbəttə, keçmiş sədr Nazim İbrahimovun dönəmində diaspora ayrılan pulları şəxsi məqsədləri üçün istifadə edənlərin, eləcə də Diaspor Komitəsinin rəhbərliyi ilə 50/50-yə işləyənlərin bu gün Fuad Muradovun fəaliyyətindən narazı qalması tam təbiidir. Amma onu da unutmaq lazım deyil ki, Diaspor Komitəsi XİN, Milli Məclis deyil, bu qurum xaricdəki soydaşlarımız koordinasiya edərək, dövlət siyasətini arxa planda reallaşdırır. Azərbaycanın dövlət maraqlarını rəsmi şəkildə ortaya qoymaq xarici siyasət idarəsinin vəzifəsidir. Odur ki, Diasporla iş üzrə Dövlət Komitəsinin sədrinə qarşı sürülən ittihamlar, "Fuad Muradov Vətən müharibəsindən sonra daha da arxayınlaşıb, hətta özünü də, rəhbrəlik etdiyi qurumu da unutdurmağa çalışıb", - kimi ifadələr qərəzli olmaqla yanaşı, həm də naşılığın, dövlət siyasətindən xəbərsiz olmanın göstəricisidir.

Qafqaz.media

P.S. Bu arada, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın YUNESKO-dakı vəzifəsindən geri çəkilməsi də onu göstərir ki, ölkəmiz qarşılıqlı əməkdaşlığa verdiyi töhfənin əvəzini ala bilmir və öz etirazını bu şəkildə ifadə edir. Hər halda, hansısa məmuru ittiham edərkən, bu faktı da diqqətdən qaçırmaq lazım deyil.