Kobaxidze: Azərbaycan və Ermənistanı regional əməkdaşlıq formatı ilə təmin etmək istəyirik

26/09/2024 - 09:04

Gürcüstan Azərbaycan və Ermənistan arasında münasibətlərin sülh yolu ilə nizamlanması prosesini alqışlayır və hər iki ölkəyə əlaqələrin tənzimlənməsi üçün regional əməkdaşlıq formatı təklif edir. APA-nın Tbilisi müxbiri xəbər verir ki, bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Nyu-Yorkda keçirilən BMT Baş Assambleyasının 79-cu sessiyasında çıxışı zamanı deyib. “Sülhün vacibliyini dərk edərək biz Cənubi Qafqaz regionunun münaqişələr regionundan fürsətlər regionuna çevrilməsi səylərində aparıcı rol oynamışıq. Biz Ermənistan və Azərbaycan arasında sülh yolu ilə tənzimləmə prosesini, xüsusilə də qonşu ölkələrlə əlaqələrin normallaşdırılmasına hədəflənmiş səyləri alqışlayırıq. Biz ayrılıqların keçmişdə qalmasını, regionun resurslarını və üstünlüklərinin dünyaya təklif edilməsini təmin etmək üçün ölkələr arasında əməkdaşlığı və etimad inşasını dəstəkləyən regional əməkdaşlıq formatı təmin etmək istəmişik və istəyirik” – Gürcüstan Baş naziri deyib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ