Yolda təhlükəli vəziyyət yaradanlar cəzalandırılıb - Video

24/09/2024 - 16:38

Xəzər rayonu Binə qəsəbəsində avtomobillərin kütləvi şəkildə yol hərəkəti qaydalarını pozmasını əks etdirən görüntülər yayılıb. “Qafqazinfo” xəbər verir ki, görüntüləri paylaşan vətəndaş videonun Əli İsazadə küçəsində lentə alındığını bildirib. O qeyd edib ki, səhər saatlarında nəqliyyatın axınının gur olduğu vaxt bəzi avtomobillər kütləvi şəkildə əks hərəkət zolağına çıxırlar. Bu da tıxacı və nizamsız hərəkəti daha da artırır. Həmçinin qarşı tərəfdən gələnlərin yolunu kəsməklə bərabər onların hərəkətini məhdudlaşdırır. Şikayətçi vurğulayıb ki, bir neçə il əvvəl bu yolun dəmiryolu xətti ilə kəsişməsində avtomobillərin yaratdığı tıxac səbəbindən qatar relsin üzərində ilişib qalmış avtobusu vurub, nəticədə ölən və xeyli yaralanan olub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən sorğumuza cavab olaraq bildirilib ki, görüntülər yeni tədris ilinin başladığı günə təsadüf edir: “Bəzi nəqliyyat vasitələrinin sürücüləri əks istiqamətli hərəkət zolağına çıxaraq hərəkətlərini davam etdiriblər. Həmin sürücülər aşkarlanaraq barələrində qanunamüvafiq tədbirlər həyata keçirilib. Sürücülərdən xahiş və tələbimiz ondan ibarətdir ki, qaydalara ciddi şəkildə riayət etsinlər. Hərəkətin intensiv olduğu yerlərdə sıxlığın yaranmasına səbəb olmasınlar”.

 

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ