Gilad Erdan: “HƏMAS soyqırımı törədən terror təşkilatıdır"

29/11/2023 - 23:11

“HƏMAS soyqırımı törədən terror təşkilatıdır”.

Bunu İsrailin BMT-dəki daimi nümayəndəsi Gilad Erdan Təhlükəsizlik Şurasının Fələstin-İsrail münaqişəsinə həsr olunmuş xarici işlər nazirləri səviyyəsində iclasındakı çıxışında deyib.

“Bu gün biz HƏMAS-ın qırğınını qınamayan ölkələrin bəzi xarici işlər nazirlərini dinləyirik və biz onlardan nə gözləyə bilərik? TŞ yalnız Qəzzada humanitar vəziyyətə həsr olunmuş iclaslar keçirir və bütün mühazirələr bölgədəki humanitar yardıma yönəlib. Bu, əlbəttə ki, önəmlidir, ancaq HƏMAS-ı niyə yaddan çıxarırsınız? Son səkkiz həftə ərzində bir dəfə də olsun BMT qurumlarından heç biri HƏMAS-ı müharibə cinayətlərinə görə məsuliyyətə cəlb etməyib. HƏMAS İsraili yer üzündən silənə qədər bu soyqırımları davam etdirəcəyini deyir”, – G.Erdan bildirib.

G.Erdan BMT-nin müxtəlif orqanlarının, Qadınlar Şurasının HƏMAS-ın israilli qadınlara qarşı törətdiyi cinsi zorakılıqlarla bağlı TŞ-na məlumat vermədiyini, UNICEF-in israilli uşaqlarla qarşı törədilən terror faktlarını gizlətdiyini vurğulayıb.

“Fələstinlilər isə uzun illərdir Klinton, Obama və digər başqa prezidentlər tərəfindən təqdim olunmuş bütün sülh planlarını rədd ediblər. Bunun səbəbi İsrailin sülhə, fələstinlilərin isə terror üçün müharibəyə can atmasıdır. Onlar üçün qəbul edilən yeganə həll yolu yəhudi dövlətinin mövcudluğunun qarşısını almaqdır. Girovlar qaytarılsa və bütün HƏMAS terrorçuları təslim edilsə, onilliklərlə davam edəcək əsl atəşkəs əldə oluna bilər. Bu, yeganə həll yoludur”, – daimi nümayəndə əlavə edib.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ