Litva, Polşa və Belçikanın baş nazirləri Kiyevə səfər etdilər - BİRGƏ SAZİŞ İMZALANDI

26/11/2022 - 14:11

Şənbə günü eyni vaxtda üç Avropa dövlətinin hökumət başçıları Kiyevə səfər ediblər. Söhbət Belçika, Polşa və Litvanın baş nazirlərindən gedir.

Qafqaz.media xəbər verir ki, bu barədə Ukrayna Prezidenti Vladimir Zelenski “Telegram” kanalında yazıb.

O qeyd edib ki, hazırda Belçikanın baş naziri Aleksandr De Kroo ilə Kiyevdə danışıqlar aparır.

Bu arada, Ukraynanın Baş naziri Denis Şmıxal da məlum səfər haqda yazıb: "Mən bu gün Litva və Polşa hökumət başçıları İnqrida Simonyte və Mateuş Moravetskini salamlamağa şadam. Biz aktual məsələləri və çağırışları müzakirə etdik, həmçinin bir sıra mövqelərimizi razılaşdırdığımız birgə saziş imzaladıq”.

Bəyanatda digər məsələlərlə yanaşı, tərəflərin Rusiyanın təcavüzü nəticəsində Ukraynaya dəymiş itkilərin beynəlxalq reyestrinin tezliklə yaradılmasının tərəfdarı olduğu bildirilir. Bildirilir ki, beynəlxalq məhkəmə iddiaları qaldırıldıqda və Ukrayna üçün kompensasiya mexanizmi ortaya çıxanda belə bir sənəd lazım ola bilər.

Yeri gəlmişkən, bu günlərdə BMT Baş Assambleyası Rusiyanın Ukraynaya qarşı apardığı müharibə ilə bağlı ona təzminatların ödənilməsi mexanizminin yaradılmasını tələb edən qətnamə qəbul edib. Lakin Moskva onu hüquqi cəhətdən etibarsız adlandırıb.

Qafqaz.media