“Əliyev-Paşinyan görüşü üçün səy göstəririk“ - AMERİKALI DİPLOMAT

30/11/2022 - 13:08

"Birləşmiş Ştatlar Ermənistan və Azərbaycan arasında münasibətlərin normallaşdırılması və regiona sülhün gətirilməsi üzrə diplomatik prosesdə dərindən iştirak edir və iki ölkənin xarici işlər nazirləri və liderləri arasında yeni görüşün təşkili yollarını axtarmağa davam edir".

 

"VOA" xəbər verir ki, bunu dünən ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi, səfir Maykl Karpenter bildirib.

“Heç kimə sirr deyil ki, biz Aİ tərəfdaşlarımızla çox sıx işləyirik. Həmçinin, Ermənistanın tələbi ilə Ermənistan-Azərbaycan sərhədinin Ermənistan tərəfində ehtiyacların qiymətləndirilməsi qrupu yerləşdirən ATƏT-in səylərini dəstəkləyirik”, - deyə Karpenter vurğulayıb.

“Məqsədimiz aydındır: biz istərdik ki, sərhəd mümkün qədər tez demarkasiya olunsun. İstərdik ki, iki tərəf arasında sülh sazişi mümkün qədər tez olsun, regionda sülh və sabitlik bərpa olunsun. Bu regionda yaşayan bütün insanların hüquqları və təhlükəsizliyi təmin edilsin və biz Cənubi Qafqazın tarixində yeni səhifə aça bilək”, - deyə yüksək rütbəli amerikalı qeyd edib.

O əlavə edib: "Aydındır ki, bu son vəziyyətə çatmaq üçün müəyyən vaxt lazımdır, lakin biz buna nail olmaq üçün mümkün olan hər şeyi etməyə sadiqik"./yenisabah.az