“MAARİFLƏNDİRMƏ PROQRAMLARININ SAYI ARTIRILMALIDIR” – Psixoloq narkomaniyanın yayılması haqda danışdı

25/09/2024 - 07:07

Almara Ağaqızı: “Psixoloji faktor narkomanların müalicəsində çox əhəmiyyətli rol oynayır”

“Yeniyetmə və gəncləri narkomaniyadan qorumaq üçün çoxşaxəli yanaşma tələb olunur. İlk növbədə maarifləndirmə proqramları və təhsil tədbirləri önəmlidir”. Bunu Stopnarkotik.az saytına müsahibəsində “PRİM” Psixologiya Mərkəzinin rəhbəri, psixoloq Almara Ağaqızı bildirib. Onun fikrincə, narkotiklərin zərərləri haqqında məlumatlı olmaları gənclərin bu cür mühitdən uzaq durmasına kömək edə bilər: “Eyni zamanda, sağlam həyat tərzini təşviq edən fəaliyyətlər (idman, sosial layihələr) və müsbət rol modelləri (ailə, müəllimlər, icma liderləri) də gəncləri narkotiklərdən uzaq tutmağa kömək edər.Cəzaların sərtləşdirilməsi isə qanunsuz fəaliyyətlərin qarşısını alır və qətiyyətli mübarizə mövqeyini göstərir”. Almara Ağaqızı hesab edir ki, maarifçiliyin genişləndirilməsi və cəzaların sərtləşdirilməsi bir-birini tamamlayan iki mühüm yanaşmadır: “Maarifləndirmə narkotiklərin zərərləri haqqında cəmiyyətə məlumat verməklə, risklərin azaldılmasına kömək edir. Cəzaların sərtləşdirilməsi isə qanunsuz fəaliyyətlərin qarşısını alır və qətiyyətli mübarizə mövqeyini göstərir. Ehtiyac olan hər iki yanaşmanın balanslı şəkildə tətbiq olunmasıdır”. Psixoloq deyir ki, narkomaniyaya qarşı mübarizədə tanınmış şəxslərin, xüsusilə sağlam həyat tərzi keçirən müğənnilərin, aktyorların və digər sənət adamlarının nüfuzundan faydalanmaq çox təsirli ola bilər: “Bu şəxslərin təsirli çıxışları və nümunələri geniş ictimaiyyətin diqqətini çəkir və narkomaniya ilə mübarizədə motivasiya yaradır. Onların şəxsi təcrübələrini paylaşması və müsbət rol modelləri təqdim etməsi gənclərin narkotiklərdən uzaq durmasına kömək edə bilər”. A.Ağaqızı bu fikirdədir ki, narkomaniyanın qarşısını almaq üçün ictimai nəzarət və mühafizə tədbirlərinin artırılması, narkotiklərin internet üzərindən satışının qarşısını almaq üçün texnoloji vasitələrin tətbiqi və icma əsaslı müdaxilələr də effektiv tədbirlərdir. Psixoloqun sözlərinə görə, bu sahədə təhsil sistemində də dəyişikliklər müsbət nəticələr verə bilər: “Müəyyən dərs vəsaitləri və proqramlar narkomaniya ilə bağlı gənclərin daha erkən yaşlarda məlumatlanmasına və bu mövzuda müsbət düşüncələrinin formalaşmasına kömək edə bilər. Bu cür proqramlar dərsliklərə inteqrasiya olunmalı və müvafiq müəllimlərin peşəkar inkişafını əhatə etməlidir”.

“Məktəblər müsbət sosial mühit yaratmalı və şagirdlərə dəstək olmalıdır”

Almara Ağaqızı deyir ki, maarifləndirmə işi mümkün qədər erkən yaşlardan başlamalıdır: “Orta məktəblərdən, xüsusilə 5-ci sinifdən etibarən narkomaniya və onun zərərləri haqqında məlumat verilməli və bunun qarşısını almağa yönəlmiş dərs proqramları olmalıdır. Orta məktəblərin rolu gənclərin sağlam seçimlər etməsinə kömək edəcək məlumat və resursları təmin etməkdir. Eyni zamanda, məktəblər müsbət sosial mühit yaratmalı və şagirdlərə, tələbələrə dəstək olmalıdır”. Psixoloq hesab edir ki, narkomaniyanın yeniyetmə və gənclər arasında yayılmasının bir neçə səbəbi var: “Sosial təzyiqlər, ailə mühiti, təhsil çatışmazlıqları və ictimai mühitin təsiri bu məsələyə səbəb ola bilər. Bu, gənclərin narkotiklərə maraq göstərməsi, stresslə mübarizə aparmaq və ya sosial qəbulu təmin etmək məqsədilə də ola bilər. Bununla yanaşı, müasir texnologiyaların və sosial şəbəkələrin təsiri bu vəziyyəti daha da çətinləşdirə bilər”. Almara Ağaqızı deyir ki, narkomanların müalicəsində psixoloji faktor da önəmlidir: “Psixoloji faktor narkomanların müalicəsində çox əhəmiyyətli bir rol oynayır. Narkotik asılılığından xilas olmaq üçün psixoloji dəstək, terapevtik müdaxilələr və şəxsi inkişaf proqramları vacibdir. Psixoloji dəstək vasitəsilə asılı şəxslərin öz davranışlarını anlamaq, müsbət dəyişikliklər etmək və sosial dəstək sistemini gücləndirmək mümkündür. Psixoterapiya müalicə prosesinin ayrılmaz bir hissəsi olaraq, asılılığın köklü səbəbləri ilə məşğul olur”.

Söhbətləşdi: Fuad BİLƏSUVARLI

Stopnarkotik.az

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Azərbaycana 13 sm qar yağdı
27/11/2024 - 10:42
Sabah Bakıya leysan yağacaq
26/11/2024 - 12:56
Sağlamlığın tək ünvanı
26/11/2024 - 12:10