Prezidentdən rektor TƏYİNATI
Vilayət Vəliyev yenidən Azərbaycan Texniki Universitetinin rektoru təyin olunub. Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyev sərəncam imzalayıb. Dövlət başçısı Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq, “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 2009-cu il 5 sentyabr tarixli 156 nömrəli Fərmanının 2.13-cü bəndinə uyğun olaraq Vilayət Məmməd oğlu Vəliyevi Azərbaycan Texniki Universitetinin rektoru təyin edib. Qeyd edək ki, Azərbaycanda universitet rektorları 5 il müddətinə təyin edilir. Bu qayda 10 dekabr 2018-ci ildə imzalanan fərmanla müəyyən olunub və “Təhsil haqqında” Azərbaycan Respublikası Qanununun tətbiq edilməsi barədə” fərmanda öz əksini tapıb. Ölkəmizdə qanunvericiliyin, adəyən, geriyə qüvvəsi olmadığı üçün sözügedən qayda 2018-ci ilin dekabr ayından əvvəlki rektorlara aid edilmir. Fərmanın imzalanmasından sonra Azərbaycanın dövlət universitetlərinə bir çox rektor təyin edilib, onların səlahiyyət müddəti 5 il hesab olunur.
Qeyd edək ki, Vilayət Vəliyev 2019-cu ilin iyulun 31-də rektor təyin olunub.