Qərb və Rusiya bu dəfə terrorçuları niyə müdafiə etmədi? - DETALLAR

21/11/2022 - 11:00

“Hazırda Rusiyanın və Qərbin başı öz problemlərinə qarışıb. Ən yumşaq dillə desək, Ukraynada vəziyyət yenə də qeyri-sabitdir. Digər tərəfdən, Türkiyə həm Rusiya, həm də Qərb üçün önəmli tərəfdaşdır. Ona görə də, Türkiyənin İraqın və Suriyanın şimalındakı anti-terror əməliyyatlarına səslərini çıxarmırlar”.

Qafqaz.media xəbər verir ki, bunu publika.az-a açıqlamasında politoloq İlqar Vəlizadə deyib.

Politoloq bildirib ki, Türkiyə ilə Qərb və Rusiya beynəlxalq arenada çox ciddi məsələləri çözürlər:

“Burada buğda ilə bağlı razılaşmaların davam etdirilməsi məsələsi də var. Artıq Türkiyənin vasitəçiliyi ilə Rusiya ilə Qərb arasında danışıqlara cəhdlər də baş verir. Ona görə də, Şimali İraqda və Suriyanın şimalındakı əməliyyatları hər iki qütb görməzdən gələcək. Eyni zamanda, təhlükəsizlik məsələsində Ankaranın da müəyyən çərçivələri var. Türkiyə adıçəkilən nöqtələrdə müəyyən əraziləri öz nəzarəti altına almaq istəyir. Yəni Suriyanın və İraqın şimalını bütünlüklə ələ keçirmək niyyətində deyil. Məhz buna görə Türkiyənin PKK-ya qarşı anti-terror əməliyyatlarına Qərbdən və Rusiyadan ciddi reaksiya yoxdur”.

İlqar Vəlizadə geopolitik oyun müstəvisində “Kipr” düyününə və Türkiyənin bu məsələdəki mövqe dəyişməzliyinə də münasibət bildirib:

“Şimali Kipr və Yunanıstanla bağlı məsələlər hələ ki, öz yerində qalır. Hazırda bu məsələlərdə prinsipial dəyişikliklər baş vermir. Tezliklə nəyinsə baş verəcəyi də gözlənilmir. Hələ ki, bu məsələlər nisbi gərginliyini qoruyacaq. Görünən odur ki, “Kipr düyünü” olduqca ağır prosesdir. Uzun müddətdir ki, Türkiyə və Yunanıstan bu məsələdə ortaq məxrəcə gələ bilmirlər. Bu, elə bir düyündür ki, onun üzümüzə gələn aylarda və ya illərdə çözüləcəyini düşünmürəm”.

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Daha bir əfsanə öldü - FOTO
30/09/2024 - 12:02