Rusiya öz neftini 60 dollardan baha sata bilməyəcək... – AVROPA İTTİFAQININ QƏRARI QÜVVƏYƏ MİNİR

02/12/2022 - 21:59

Polşa Kremlin yanacaq gəlirlərini azaltmağa yönəlmiş qərara etirazını geri götürdükdən sonra, Avropa İttifaqı ölkələri Rusiyadan neft alışına 60 dollarlıq yuxarı hədd tətbiq etməyə razılaşıb.

Qafqaz.media xəbər verir ki, bu barədə Polşanın Aİ-dəki daimi nümayəndəsi Anjey Sadoş deyib: “Polşa Rusiya neftinin barreli üçün 60 dollardan yuxarı həddin tətbiqi ilə bağlı Aİ-nin kompromisinə razılaşıb ki, bu da Aİ-yə həftə sonu bu qərarı rəsmi şəkildə təsdiqləməyə imkan verəcək”.

Qərarda Rusiya neftinin idxal qiymətinin bazar qiymətindən ən azı 5% aşağı olmasını tələb edən düzəliş mexanizmi də tətbiq edilib.

"Avropa İttifaqının 27 ölkəsinin səfirləri dəniz yolu ilə daşınan Rusiya neftinin qiymətinin yuxarı həddi ilə bağlı razılığa gəliblər. Qərar Aİ-nin rəsmi jurnalında dərc edildikdən sonra yazılı prosedur həyata keçiriləcək və qüvvəyə minəcək", - deyə məlumatda bildirilir.

Qeyd edək ki, bu barədə Aİ-yə sədrlik edən Çexiya bəyanat yayıb.

İlkin olaraq G7 Rusiya neftinə tavan qiymət tətbiq etmək təşəbbüsü ilə çıxış edib və dekabrın 5-də məhdudiyyətlər tətbiq etmək niyyətindədir.

Qafqaz.media