Rusiyanın Belqorod vilayəti atəşə tutulub, ölənlər və yaralananlar var
Rusiyanın Belqorod vilayətinin Rakitnoye kəndinin atəşə tutulması nəticəsində beş nəfər həlak olub. “Report” xəbər verir ki, bu barədə regionun qubernatoru Vyaçeslav Qladkov teleqramda bildirib. V.Qladkov qeyd edib ki, hadisə nəticəsində 12 nəfər xəsarət alıb ki, onlardan üçü azyaşlıdır. Dörd nəfərin vəziyyəti ağırdır. Qubernator bundan əvvəl bəyan edib ki, Ukrayna Silahlı Qüvvələrinin davamlı atəşi və hücum cəhdləri səbəbindən Belqorod vilayətində vəziyyət son dərəcə çətin və gərgin olaraq qalır. Bununla yanaşı, kənddə 10 fərdi yaşayış evi, iki ticarət obyekti və dörd avtomobilə ziyan dəyib. Rakitnoye və Boryspillye və Novoleninskoye kəndləri qazsız qalıb. Xatırladaq ki, 2022-ci ilin fevralın 24-də Rusiyanın Ukraynaya genişmiqyaslı hərbi müdaxiləsi başlayandan bəri işğalçı ölkənin sərhədyanı bölgəsi olan Belqorod vilayəti tez-tez Ukrayna Silahlı Qüvvələrinin atəşinə məruz qalır. Regiona ən ölümcül hücum 2023-cü ilin dekabrın 30-da baş verib. Belqorod şəhərinə raket hücumu nəticəsində 25 nəfər ölmüş, 109 nəfər yaralanmışdı.