“Rusiyanın qorxu yaratmaq cəhdləri əks təsirə səbəb olacaq” – “Moskva reallıqları nəzərə almazsa...”

29/11/2022 - 16:05

Ermənistanın Baş naziri Nikol Paşinyan Avropa İttifaqının vasitəçiliyi ilə dekabrın 7-də Brüsseldə keçirləcək görüşü pozması yeni situasiya yaradıb.

Xatırladaq ki, Paşinyan görüşdə Fransa Prezidenti E. Makronun iştirak etməsini tələb edib, Azərbaycan bu tələbi rəsmi Parisin destruktiv, qərəzli mövqeyinə görə rədd edib. Bundan sonra sülh danışıqlarının aqibəti necə olacaq, Rusiya yenidən əsas vasitəçi olacaqmı?

Politoloq Fərhad Məmmədov bildirir ki, vəziyyəti dəyərləndirmək üçün 44 günlük müharibədən əvvəl, müharibə zamanı və son iki ildə aparılan danışıqları, eyni zamanda beynəlxalq aləmdə baş verən hadisələri xatırlamağa ehtiyac var: “Müharibədən əvvəl danışıqlarda əsas vasitəçi rolunu Rusiya oynayırdı, müharibə zamanı ABŞ fəallaşdı, hətta irəli gedib Skandinaviya sülhməramlılarının regionda yerləşdirilməsini təklif etdi. Lakin son anda Rusiya iştirakını bərpa etdi və 44 günlük müharibədən sonra təşəbbüsü ələ aldı. Amma sonradan müəyyən passivlik və müşahidə dövrünə keçdi, bu müddət ərzində Avropa İttifaqı və ABŞ fəallaşdı. Son bir ayda isə Moskva fransızların axmaqlığından istifadə edərək, öz resurslarını “yerdə” aktivləşdirərək vasitəçiliyini bərpa edə bildi”.

Ekspert qeyd edir ki, ötən iki il ərzində Rusiyanın apardığı danışıqlar prosesinin məntiqi pozulub: “Sülh müqaviləsinin hazırlanması məsələsi gündəmə gəlib, amma Moskvanın fikrincə, bu, prosesin sonunda olmalı idi. İndi Rusiya nəqliyyat əlaqələrinin bərpası ilə paralel olaraq sülh müqaviləsinin hazırlanmasını təklif edir, nəqliyyat dəhlizlərinin açılmasını tədricən prioritetə çevirir. Soçidəki görüşdən sonra Azərbaycan Prezidenti və Ermənistanın Baş naziri də bu məsələinin həllinin vacibliyini qeyd ediblər”.

Təhlilçi vurğulayır ki, bu iki il ərzində Azərbaycan və Ermənistan digər mövzulara da üstünlük veriblər: 

“- Azərbaycan üçün sülh müqaviləsi ilə yanaşı, Laçın dəhlizi və Ermənistan Silahlı Qüvvələrinin qalıqlarının Qarabağdan çıxarılması prioritetdir;

- Ermənistan üçün sərhədlərin dəqiqləşdirilməsi, Zəngəzur dəhlizinin “maneəsizliyindən” imtina və “status” mövzusunun gündəmdə saxlanması prioritet məsələyə çevrilib;

- Rusiya üçün prioritet danışıqlarda liderliyi saxlamaqdır: üçtərəfli formatın saxlanılmnası, Zəngəzur dəhlizində, eyni zamanda, Laçın dəhlizində yeganə qüvvə kimi mövqelərini qorumağa və sülhməramlıların mandatını uzatmağa çalışır”.

Fərhad Məmmədov deyir ki, vaxt gedir və irəliləyişə nail olmaq üçün güzəştlər qaçılmazıdr. O zaman prosesin tərəfinə çevrilmiş Rusiya hansı kompromislərə getməyə hazırdır?!

Təhlilçi əlavə edir ki, ABŞ, Aİ və Fransa prosesdə geniş iştirakını nəzərə almaq lazımdır: “Son üç gündə Aİ və ABŞ-ın xüsusi nümayəndələrinin Bakıda olması səbəbsiz deyil... Makron Brüsseldəki görüşü sabotaj etsə də, ABŞ və Şarl Mişelin özü prosesdə qalır, onlar sadəcə olaraq Tiflisə gedib orada görüşü təşkil edə bilərlər. Son bir ayda Rusiya bütün potensialından istifadə edərək həm Ermənistana, həm də Azərbaycana təzyiq göstərib. Ancaq təzyiq boşa çıxdı və əks nəticə verdi:

- Qarabağdakı “Vardanyan layihəsi” Bakının Rusiya sülhməramlıları ilə bağlı ritorikasını sərtləşdirdi;

- Paşinyan KTMT-nin yekun sənədlərini imzalamayaraq faktiki olaraq KTMT-nin Ermənistandakı missiyasını sabotaj edib və beləliklə, erməni ictimai rəyi üçün Avropa İttifaqı missiyasının “Əlibaba və 40 quldur” olduğunu aşılamağa çalışıb.

 

Bundan sonra Moskva danışıqlarda Rusiyanın iştirakı ilə sıçrayış əldə etmək istəyəcəksə Bakı və İrəvanın prioritet gözləntilərini nəzərə almalı olacaq.

Nə təklif ediləcək?

Aydın dildə və qarşılıqlı öhdəlikləri olan sülh müqaviləsinin hazırlanması. Bu, Moskvada işlənmiş müqavilənin mətni deyil və Rusiya ikitərəfli formatda müzakirə olunan layihəyə zəmanət verməli olacaq;

Rusiyanın iştirakı ilə nəqliyyat yollarının açılması. Burada Rusiya yalnız dəhlizlər boyu təhlükəsizliyin təminatçısı kimi qalır, onların giriş və çıxışlarına nəzarət etmir”.

Fərhad Məmmədov vurğulayıb ki, Cənubi Qafqaz Ukraynadakı müharibədən sonra ən asan proqnozlaşdırıla bilən regionlardan birinə çevrilib, Rusiya bunu dəyərləndirməli, əlavə imkanlar yaratmalıdır:

- Regionun bütün ölkələri ilə ticarətin artması- Ermənistanla 75, Azərbaycanla 30, Gürcüstanla 30 faiz həcmində artım qeydə alınıb;

- Ticarət dövriyyəsinin artımı maliyyə sektorunda qarşılıqlı fəaliyyət mexanizmlərinin tapılmasını nəzərdə tutur;

- Azərbaycan və Ermənistan bu aylarda Rusiya əleyhinə qətnamələrə səs verməyib;

- Tərəflər Rusiya üçün vacib olan nəqliyyat kommunikasiyaları layihələrində iştiraka hazırdır;

- Enerji sahəsində əməkdaşlıq - Ermənistanda atom elektrik stansiyalarının qurulması, Azərbaycanla qaz ticarəti və Rusiyaya mümkün investisiyalar mümkündür;

Bir şey aydındır, Azərbaycanda ictimai rəy kəskin mövqedədir, Ermənistanda da sakit deyil. Belə bir şəraitdə Rusiyanın bu reallıqları nəzərə almadan sülhməramlıların təxribatçı hərəkətləri, vardanyanlarla qorxu yaratmaq cəhdləri əks təsirə səbəb olacaq. Yəni regiondakı yeni reallıqlar 44 günlük müharibədən sonra formalaşmış konfiqurasiyanı dəyişəcək. Nəticədə Rusiyanın əsas üstünlüyü olan bölgədəki mövcudluğu əhəmiyyətsiz olacaq”./azpolitika.info

BÖLMƏNİN DİGƏR XƏBƏRLƏRİ

Əsgərimiz həlak oldu
15/09/2024 - 10:51
İlqar Məmmədov istefa verdi
12/09/2024 - 06:33