Rusiyanın yüksək rütbəli hərbçilərini məhv etmək istəyirdilər – Necə qarşısı alındı?
Rusiya Federal Təhlükəsizlik Xidməti (FTX) əməkdaşları Murmanskda təyyarə daşıyan “Admiral Kuznetsov” kreyserinə terror hücumunun qarşısını alıb. Həmçinin Rusiya Müdafiə Nazirliyinin üç yüksək rütbəli hərbçisini öldürməyi planlaşdıran Ukrayna kəşfiyyatı tərəfindən cəlb edilmiş rusiyalı saxlanılıb.
Publika.az xəbər verir ki, bu haqda Rusiya FTX-nin İctimaiyyətlə Əlaqələr Mərkəzi məlumat yayıb.
“Özünü Oleq kimi təqdim edən Ukrayna xüsusi xidmət orqanının əməkdaşı 2024-cü ilin martında təyyarədaşıyan gəmidə hərbi xidmət keçən 2000-ci il təvəllüdlü Rusiya vətəndaşı ilə “WhatsApp” və “Telegram” vasitəsilə əlaqə saxlayıb. O, telefon danışıqları zamanı psixoloji təsir üsullarından istifadə etməklə hərbçini terror aktı törətməyə inandırıb. Zabit təhlükəsizlik orqanları ilə əlaqə saxladıqdan sonra onların tam nəzarəti altında əməliyyat oyunu çərçivəsində Oleqin qanunsuz fəaliyyətini sənədləşdirmək və Kiyev rejiminin mümkün agentləri müəyyən etmək üçün əlavə tədbirlər görülüb”, - deyə məlumatda bildirilib. Qeyd olunub ki, Ukrayna xüsusi xidmət orqanları nəqliyyat-logistika şirkətinin köməyi ilə Oleqə yandırıcı qurğunun yığılması üçün ilkin komponentləri göndərib. Ona terror aktından sonra Finlandiyaya göndəriləcəyi və yeni sənədlər veriləcəyi də vəd edilib. “Eyni zamanda, Oleq iddia edib ki, bütün “əməliyyata” Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəisi Kirill Budanov şəxsən nəzarət edib. Gözlənildiyi kimi, şəxsi heyətin yanğın siqnalına cavab verməyə hazırlığını yoxlamaq üçün planlaşdırılmış təlim adı altında “Admiral Kuznetsov” kreyserinə qarşı terror aktının videoyazısını aldıqdan sonra rabitə vasitələrini və messencerlərdə istifadə edilən hesabları silib”, FTX qeyd edib. Federal Təhlükəsizlik Xidmətinin Şimal Donanması İdarəsinin istintaq şöbəsi Oleq və digər naməlum şəxslərə qarşı Rusiya Federasiyası Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi açıb. Məlumatda o da deyilir ki, təhlükəsizlik orqanları Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin göstərişi ilə kuryer xidmətləri vasitəsilə hədiyyə bağlaması ilə maskalanmış üç güclü partlayıcı qurğunun çatdırılmasını təşkil edən 1994-cü il təvəllüdlü Rusiya vətəndaşını da saxlayıb:“Saxlanılan şəxs etiraf edib ki, 2024-cü ilin mayında işə götürülüb və maliyyə mükafatı üçün Rusiya ərazisində terror aktlarının hazırlanması ilə bağlı tapşırıqları yerinə yetirməyə razılaşıb. Partlayıcı qurğular kuryerlər bağlamaların alıcılara çatdırılması barədə məlumat verdikdən sonra işə salınmalı idi. Rusiya Federasiyası İstintaq Komitəsinin Moskva şəhəri üzrə Baş İstintaq İdarəsi tərəfindən terrorçuluğa cəhd və partlayıcı maddələrin, partlayıcı qurğuların qanunsuz dövriyyəsi şübhəsi ilə rusiyalıya qarşı cinayət işi açılıb və araşdırma aparılır".