Ruslar Donbass və Zaporojyedə mövqelərini gücləndirir - ISW

20/11/2022 - 10:47

Rusiya qoşunları Xersondan geri çəkildikdən sonra işğal olunmuş digər ərazilərdə mövqelərini möhkəmləndirməyə çalışır.

Qafqaz.media xəbər verir ki, Müharibənin Öyrənilməsi İnstitutunun (ISW) analitiklərinin fikrincə, Rusiya qoşunları Xerson vilayətindən çıxarılan şəxsi heyət və səfərbər edilmiş hərbçilər hesabına işğal olunmuş Luqansk, Donetsk və Zaporojye vilayətlərində mövqelərini gücləndirməyə başlayıb.

Ekspertlər Ukrayna Baş Qərargahına istinadən Luqanskda Rusiya hərbçilərinin sayının artdığını bildirir və qeyd edirlər ki, Rusiya qoşunları Luqanskdan təxminən 30 km cənub-şərqdə Krasnoye və Semeykinoda tərk edilmiş evlərdə yerləşdirilib.

Analitiklər Rusiyanın 1-ci Tank Ordusunun 2-ci motoatıcı diviziyasının səfərbər edilmiş hissələrinin Belarusun Brest vilayətində təlimlərini başa vurduğunu nəzərə alaraq, yaxın həftələrdə Rusiyanın əlavə qüvvələr cəlb edəcəyini ehtimal edirlər.

Rusiya qoşunlarının Donetsk bölgəsində hücum əməliyyatlarını bərpa etmək və Luqansk bölgəsində müdafiə mövqelərini saxlamaq üçün səfərbər edilən və yeri dəyişdirilən hərbi personaldan istifadə etməyə davam edəcəyi ehtimal edilir.

Bundan əlavə, ISW Ukrayna qoşunlarının Svatovo-Kremennaya xəttində əks-hücum əməliyyatlarını davam etdirdiyini qeyd edib. Və rus işğalçıları Baxmut bölgəsində əhəmiyyətli itkilər barədə xəbərlərə baxmayaraq, Baxmut, Avdiivka və Donetskin qərbində hücum əməliyyatlarını davam etdiriblər.

İşğalçılar Kerç boğazı üzərindən körpüdən istifadə imkanlarının qismən itirilməsinə qarşı mübarizə apararaq, Ukraynanın cənubundakı quru xətləri ətrafındakı əraziləri möhkəmləndirməyə davam ediblər. Bundan əlavə, Rusiya hakimiyyəti işğal olunmuş ərazilərdə informasiya məkanına nəzarətin yaradılması və ukraynalı partizanların müəyyən edilməsi üzərində işləyir.

Rusiya Federasiyasında media qarşıdan gələn ikinci səfərbərlik dalğasını fəal şəkildə müzakirə etməyə davam edir. Analitiklər deyir ki, Rusiya Federasiyasında məhbusların sayı 2022-ci ilin yanvarından bəri təxminən 6,5% azalıb. Bu, ehtimal ki, onların “Vaqner” tərkibinə qatılmaları ilə əlaqədardır.

Qafqaz.media