“SAAKAŞVİLİ BU VƏZİYYƏTDƏ HƏBSXANADA SAXLANILA BİLMƏZ” – Məhkəmə-tibbi ekspertizanın nəticəsi açıqlandı

01/12/2022 - 20:05

Bu gün, dekabrın 1-də “Empati” Tibb Mərkəzi Gürcüstanın eks-prezidenti Mixail Saakaşvilinin səhhətinin vəziyyəti ilə bağlı məhkəmə-tibbi ekspertizasının nəticələrini dərc edib ki, bu da onun səhhətinin pisləşdiyini və təcili tədbirlər görülməli olduğunu göstərir.

Qafqaz.media xəbər verir ki, bu barədə “Novosti-Georgia” portalı məlumat yayıb.

Sayt vurğulayır ki, ekspertiza 2022-ci il iyunun 1-dən noyabrın 28-dək İstanbul protokolunun prinsiplərinə, beynəlxalq və milli qanunvericiliyə uyğun aparılıb, orada 10 gürcü və altı beynəlxalq ekspert iştirak edib.

"Hazırda Mixail Saakaşvilinin 20-dən çox diaqnozu var, onlardan 10-a yaxını əsasdır ki, bu da həbslə bir araya sığmır", - ekspertlər öz qənaətlərində deyirlər.

Ekspertizanın nəticələrinə görə, Saakaşvili həbsdən əvvəl praktiki olaraq sağlam olub, özünü yaxşı hiss edib, heç bir nevroloji pozuntu olmayıb. İndi Saakaşvili psixo-nevroloji, qastroenteroloji problemlər, dayaq-hərəkət sistemi və görmə pozğunluqları, naməlum etiologiyalı qızdırma, iştahsızlıq, sürətli arıqlama, əzələlərdə, oynaqlarda, sümüklərdə ağrılar, atrofiya və bədəndə daimi qıcıqlanmalar yaşayır. Mütəxəssislər bunun naməlum yoluxucu prosesin və ya mümkün intoksikasiyanın nəticəsi ola biləcəyinə inanırlar.

Toksikoloji araşdırma zamanı Saakaşvilinin saç nümunələrində yüksək miqdarda vismut, barium və civə aşkar edilib.

"Tibbi ekspertizanın nəticələrinə əsasən, Saakaşvili indiki müəssisədə, eləcə də həbsxanada ola bilməz. İndiki şəraitdə tam toksikoloji araşdırma aparmaq mümkün deyil”, - portal yazır.

Ekspertlər Saakavşili ilə həbsxanada rəftarı işgəncə kimi qiymətləndirir və qənaətlərində siyasətçiyə fiziki və psixoloji qeyri-insani rəftar faktlarını göstərirlər. Üstəlik, onlar hesab edir ki, siyasətçiyə lazımi tibbi yardım göstərilməyib.

Tibbi ekspertlər vurğulayırlar ki, Saakaşvilini diaqnostika və müalicə üçün Avropa İttifaqı və ya ABŞ-dakı multidissiplinar klinikaya köçürmək lazımdır.

Qafqaz.media