Seksual zorakılıq bir silah olaraq: Yelena Zelenskaya qlobal reaksiya gözləyir

29/11/2022 - 00:32

Londonda keçirilən “Münaqişələrdə cinsi zorakılığın qarşısının alınması təşəbbüsü” adlı konfransda çıxış edən Ukraynanın birinci xanımı Yelena Zelenskaya beynəlxalq ictimaiyyəti müharibə zamanı baş verən çoxsaylı cinsi zorakılıq hallarına reaksiya verməyə çağırıb.

Zelenskayanın sözlərinə görə, prokurorlar Rusiya hərbçiləri tərəfindən törədildiyi iddia edilən 100-dən çox belə cinayəti araşdırır və onun sözlərinə görə, real rəqəm daha çox ola bilər.

"İşğalçıların ukraynalıları alçaltmaq üçün geniş imkanları var idi və təəssüf ki, onların arsenalında cinsi zorakılıq və cinsi cinayətlər də var idi", - Yelena Zelenskaya deyib.

Birinci xanım deyir ki, cinsi zorakılıq qurbanlarının çoxu baş verənlər barədə danışmaqdan qorxur. Çünki bu cinayətləri törədənlərin qayıdıb yenidən zorakılıq törədə biləcəyindən ehtiyat edirlər.

"Ona görə də bunu müharibə cinayəti kimi müəyyən etmək və günahkarları məsuliyyətə cəlb etmək son dərəcə vacibdir", - deyə Yelena Zelenskaya bildirib.

Ukrayna hakimiyyəti artıq seksual zorakılıq qurbanlarına yardım proqramına başlayıb və Ukraynanın birinci xanımı bunun cinayətlərin araşdırılması və günahkarların cəzalandırılması istiqamətində ilk addım olacağına ümid etdiyini bildirib.

Onun sözlərinə görə, Ukrayna hakimiyyəti bu təşəbbüsü ölkədən kənarda, xüsusən də Almaniya və Çexiyada da başlatmağı planlaşdırır.

Qafqaz.media