Stoltenberq Beynəlxalq Valyuta Fonduna rəhbərlik edə bilər - MEDİA

22/12/2022 - 00:32

NATO-nun baş katibi Yens Stoltenberq gələn il Beynəlxalq Valyuta Fondunun yeni sədri ola bilər.

Qafqaz.media xəbər verir ki, bu barədə Norveçin TV2 telekanalı NATO-dakı mənbəyə istinadən məlumat yayıb.

Stoltenberqin BVF-yə təyinatı 2023-cü il oktyabrın 1-də NATO-nun baş katibi kimi səlahiyyət müddəti bitdikdən sonra baş tuta bilər.

“ABŞ Stoltenberqi Beynəlxalq Valyuta Fondunun icraçı direktoru vəzifəsində görmək istəyir”, - deyə telekanalın NATO-dakı həmsöhbəti bildirib.

Xatırladaq ki, BVF-nin qərargahı Vaşinqtondadır.

NATO sistemindəki mənbə təsdiqləyir ki, Stoltenberqin ABŞ-ın bu mövqedə favoriti olması barədə məlumatlar NATO-da da yayılır.

Hazırda Beynəlxalq Valyuta Fonduna Bolqarıstandan Kristalina Georgiyeva sədrlik edir. Onun səlahiyyət müddəti 2024-cü ildə başa çatır.

Stoltenberq NATO-nun ən uzun müddətli ikinci baş katibidir. Rusiyanın işğalından bir neçə həftə əvvəl Stoltenbergin 2022-ci ilin sentyabrında Alyansı tərk edərək Norveç Milli Bankını idarə edəcəyi barədə məlumat yayılmışdı.

Lakin müharibənin başlanmasından bir ay sonra NATO ölkələrinin dövlət və hökumət başçıları Brüsseldə böhran sammitinə toplaşıb və Stoltenberq onun səlahiyyət müddətinin uzadılmasına razılaşıb. NATO sammiti Stoltenberqin səlahiyyət müddətini 30 sentyabr 2023-cü ilə qədər uzadıb. Bundan sonra Stoltenberq “Norges Bank”-da işləməkdən imtina etdiyini açıqlayıb.

Kanal həmçinin bildirir ki, Stoltenberqin varisi kimi bir neçə namizəd, o cümlədən İspaniyanın baş naziri Pedro Sançes və Hollandiyanın baş naziri Mark Rutte də var.

Xatırladaq ki, 2023-cü ildə İspaniyada, 2024-cü ildə isə Hollandiyada seçkilər keçiriləcək. Seçkilərin nəticələri yeni Baş katibin təyin edilməsi prosesinə təsir göstərə bilər.

Daha əvvəl bildirilmişdi ki, Stoltenberqdən sonra NATO-nun baş katibi postuna namizədlərdən biri də Kanadanın baş nazirinin müavini və maliyyə naziri Xristiya Frilanddır.

Qafqaz.media