“Trampla irəli gedə bilmərik, bizə yeni sima lazımdır” - BOLTON

28/11/2022 - 17:00

ABŞ-ın keçmiş prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə müşaviri Con Bolton sabiq şefini sərt şəkildə tənqid edib. Con Bolton onun hərəkətlərini “köhnəlmiş və dəbdən düşən” adlandırıb və Respublikaçılar Partiyasının “yeni simaya” hazır olduğunu söyləyib.

Qafqaz.media musavat.com-a istinadən xəbər verir ki, Bolton bununla bağlı fikirlərini “The Guardian” qəzetində bölüşüb.

Keçmiş müşavir Respublikaçılar partiyasının son Konqres seçkilərində gözlədikləri nəticələri ala bilməməsinin səbəbinin Tramp olduğu düşüncəsini gizlətməyib. Onun sözlərinə görə, Ağ Evin sabiq rəhbəri hazırda partiyaya kömək etməkdənsə, ona daha da zərər vurur.

74 yaşlı Bolton 2005-2006-cı illərdə, prezident Corc Buşun dövründə ABŞ-ın BMT-dəki səfiri vəzifəsində çalışıb və İraq müharibəsinin güclü tərəfdarı olub. O, 2018-ci ildə Trampın milli təhlükəsizlik üzrə müşaviri vəzifəsinə təyin edilsə də, bir il sonra işdən çıxarılıb. Con Bolton sonralar xatirələrini qələmə aldığı kitabında Donald Trampın səriştəsiz və vəzifəyə yararsız olduğunu yazıb.

Trampın Respublikaçılar partiyasının nüfuzuna zərbə vurduğunu düşünən tək respublikaçı siyasətçi Con Bolton deyil.  ABŞ mediasının yazdığına görə, sabiq vitse-prezident Mayk Pens, dövlət katibi Mayk Pompeo, baş prokuror Uilyam Barr, ABŞ-ın BMT-dəki keçmiş nümayəndəsi Nikki Heyli, Baş qərargah rəisi Mick Mulveni və keçmiş senator Kris Kristi də onun kimi düşünür.

Nümayəndələr Palatasının sonuncu Respublikaçı spikeri Pol Rayan son seçkilərin uğursuzluğunu Trampın üstünə yıxıb: “Məncə, bu, indi hiss olunur. Əgər partiya daxilində Trampa qalib gəlsək, seçkilərdə zəfər qazana bilərik. Trampla qalsaq, seçkiləri uduzmağa davam edəcəyik”,-deyə o söyləyib.

Xatırladaq ki, Donald Tramp hələ ötən həftə yenidən ABŞ prezidentliyinə namizədliyini açıqlayıb.

Bütün bunlara rəğmən siyasi müşahidəçilər 76 yaşlı keçmiş prezidentin hələ də Respublikaçılar sıralarında güclü və əhəmiyyətli dəstəyə malik olduğunu vurğulayırlar.